Gerçək
sənətin ağ-qara dünyası
Ozan Sağdıç: “İnsanın daxilində lirizm,
poeziya varsa, o mütləq sənətə gəlməlidir”
Fotolentə köçürülmüş məqamlar
tarixi təhrifsiz yazır. Ətrafda baş verənlər
anlığa - fotoaparatın düyməsini basmaqla dayanır.
Əbədiyyətə keçir. Türkiyəli fotoqraf,
jurnalist Ozan Sağdıç 60 ildir bu sənətlə məşğuldur.
Bu yaxınlarda (2 may) onun foto işləri Bakıda
açılan “Tale bağları” sərgisində yer aldı.
İnsan həyatının önəmi ömrünü həsr
etdiyi işin mahiyyətində özünü büruzə
verir. Türkiyəli fotoqrafın da həyatı boyu
yaşadıqları, gördükləri, hiss və həyəcanı
60 ilin fotolentlərində əks olunub.
Ozan Sağdıç 1934-cü
ildə Türkiyənin Balıkesir şəhərində
anadan olub. Lisey təhsilini İstanbulda alıb. Fotoqrafiya ilə
liseyin son sinfində məşğul olmağa başlayıb.
1956-cı ildən dövrün tanınmış mədəniyyət
nəşrlərindən olan “Hayat Mecmuası” jurnalında
fotomüxbir kimi işə başlayıb. Türkiyə
fotojurnalistikasının ilk təmsilçilərindən
sayılan Ozan Sağdıç hər il bir çox fərdi
fotosərgilər təşkil edir. Bakıda fotolarının
sərgilənməsinə çox sevindiyini bildirdi:
- “Tale bağları” sərgisinə
14 foto işi ilə qatıldım. Mövzular müxtəlifdir.
Bunlar daha çox fotojurnalistikaya aid, sadə insan münasibətlərinin
təsvir fotolarıdır. 60 ildir ki, foto işindəyəm və
zəngin arxivim var. Sərgiyə qatılarkən uzun zaman
seçim etməli oldum.
- Fotolarda daha çox nəyə
önəm verirsiniz?
- Fotoların öz anlamı,
mesajı olmalıdır. Mən hekayə anlatmıram. Sadə
bir durumun təsvirini verirəm. Fotoya baxan hər kəs öz
hekayəsini yaza bilər. Gələcəkdə bunlara
sosioloji tarix kimi baxacaqlar.
- Sərgidə nümayiş olunan
fotolarınızın hamısı ağ-qaradır. Rəngli
fotoqrafiyanın üstünlük təşkil etdiyi bir
dövrdə nədən ağ-qara fotoları seçmisiniz?
- Dahi heykəltəraş
Mikelancelo deyir ki, iş gördüyüm zaman artıq olan hər
nə varsa atıram, ortada sənət qalır. Sənətdə
hər zaman nələrisə atacaqsınız və bu zaman
geridə qalan sənət adlanacaq. Mən də rəngləri
atıram. Çünki rənglər olan zaman hər şey
gözəl görünə bilər. Lakin arxasındakı sənət
nəzərə çarpmır. Mən foto sənətinə
başlayanda rəngli fotoqrafiya hələ yox idi. Ağ-qara ilə
başladım. Bunu çox sevdim və üslubuma
çevrildi. Başqa tərəfdən bu mənim sənətimi
ortaya çıxarma şəklimdir.
- Qeyri-professional fotoaparatdan da
istifadə edirsinizmi? Buna nə zaman ehtiyac olur?
- Bəzən kiçikölçülü fotoaparatla maraqlı anları tutmaq mümkündür. Hamımız bu sənətə belə gəlmişik.
Professional fotoaparatı hər hansı tədbirə aparmaq mümkünsüz olduqda cibimdə gəzdirdiyim kiçikölçülü fotoaparat köməyimə
gəlir.
- Rəqəmsal
fotoaparatdan istifadə
edirsiniz?
- Bəli, hazırda rəqəmsal fotoaparatdan istifadə edirəm. Zamanın tələbinə uyğun işləmək
lazımdır. Artıq plyonka
dövrü keçdi.
Ona görə texnikanın tələbinə uyğun
biz də dəyişməliyik.
- 60 ildə çoxmu fotoaparatınız
oldu?
- Bəlkə də 60-dan çox. Hamısını da saxlayıram.
Muzeydə olduğu kimi.
- Necə oldu fotoya gəldiniz?
- Uşaqlıqdan
həvəs, maraq var idi. İnsanın daxilində lirizm, hadisələri poeziya formasında görmək bacarığı varsa, o,
mütləq sənətə
gəlməlidir. Mən
də bunu hiss etdim. Daxilimin səsini dinlədim.
Yaşadığım məmləkətin fotolarını çəkə-çəkə
sənətə gəldim
desəm, yəqin yanılmaram.
- Poeziyaya böyük marağınız
var. Tərcümələr edirsiniz. Bəs özünüz necə, şeir yazırsınız?
- Arada yazmışam. Lakin onları önəmli
saymıram. Çünki
düşünürəm ki, əgər mənim daxilimdə şeir varsa, fotolarımda yaşasın,
büruzə versin. Şeir tərcüməsi də daxildə lirizmin olmasını tələb
edir. Dili yaxşı bilmək
şərt deyil.
Çünki Sədi Şirazi
bir şeirində nə demək istədiyini hər kəs başa sala bilər. Lakin şairi öz dilində danışdırmaq
önəmlidir. Tərcümə zamanı şeiri yenidən inşa edirsən. Təbii ki, öz dilini də mükəmməl bilmən
şərtdir.
- Foto məktəbiniz varmı? 60 illik təcrübənizi
necə bölüşürsünüz?
- Elə bir tədris ocağım yoxdur. Lakin daim konfranslara dəvət alıram.
Gənclərlə işləyirəm. Onların suallarına, öyrənmək
istədiklərinə cavab
verirəm.
- Foto haqqında kitab yazmağı düşünürsünüzmü?
- Hazırda çap edilməmiş, lakin çapa hazır 11 kitabım var. Bunlar şeir dünyasına aid kitablar,
həmçinin xatirələrimi
yazdığım kitablardır.
Ancaq ümid edirəm ki, foto sənətinə
aid kitabım daha çox olacaq. Hələlik fotoya aid kitab
yazmağa başlamamışam.
Plyonka dövründə çəkdiklərimi
rəqəmsal formata keçirirəm. Sənədləşdirirəm, arxiv yığıram.
Onların hər biri bəlkə bir kitab olacaq. Mövzu və dövrünə görə hər biri tarixdir.
- Bakıya ilk gəlişinizdir?
- Üçüncü
gəlişimdir Bakıya.
İlk dəfə sovet dövründə, daha sonra 2000-ci ildə gəlmişəm. Bakı çox
dəyişib. Şəhərə heyran oldum. Yeni tikililər və onların yanında qədim tikililər maraqlı kompozisiya yaradır. Yaradıcılıq üçün çox gözəl məkandır.
Söhbətləşdi: Reyhan
İsayeva
Mədəniyyət.-
2012.- 18 may.- S. 12.