Beynəlxalq Muzeylər Günü geniş tədbirlərlə qeyd olunur

 

   Paytaxt muzeyləri bu il də “Muzeylər gecəsi” aksiyasına qoşulacaq

  

   18 may - Beynəlxalq Muzeylər Günü ilə bağlı respublika üzrə bütün muzeylərdə “Açıq qapı” günü elan edilib. Bakının muzeylərində əlamətdar günə həsr olunmuş silsilə tədbirlər keçirilir.

  

   Teatr Muzeyində teatr rəssamlarının, Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın şəxsi arxivində və kitabxanasında saxlanılan musiqi və not kitablarının sərgiləri təşkil olunub.

   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi gün ərzində silsilə tədbirlər həyata keçirəcək. Bu gün “Qədim çeşnilər yeni təzahürdə” adlı tədbirdə xalq ustalarının ustad dərsləri keçirilir, ənənələrin müasir interpretasiyası - qədim çeşnilər əsasında mini-replika xalçaların toxunması nümayiş olunur. Muzey “Əylənirik, öyrənirik” müasir formalı interaktiv uşaq tədris proqramlarına da geniş yer verir. “Öz xalçanı yarat” kompyuter proqramı, “Azərbaycan xalçası” - uşaq oyunları CD-nin, “Azərbaycan Xalçaları Dünya Muzeylərində” CD-nin və “Azərbaycan xalça sənəti” biblioqrafik göstəricisinin təqdimatı keçiriləcək. Biblioqrafik göstəricidə 1776-2009-cu illərdə Azərbaycan, rus, türk, ingilis, macar, alman, fransız və italyan dillərində nəşr olunan kitablar, jurnal, qəzet və toplulardan məqalələr öz əksini tapıb. Tədbirlər çərçivəsində muzeydə “Azərbaycan inciləri” instrumental ansamblının ifasında xalq təranələri səsləndiriləcək.

   L.və M. Rostropoviçlərin ev-muzeyində “M.Rostropoviçin həyat və yaradıcılığında novatorluğun rolu” mövzusunda tədbir keçiriləcək. Tədbirdə 21 saylı musiqi məktəbinin gənc ifaçıları konsert proqramı ilə çıxış edəcəklər. “Açıq qapı günü” muzeyi ziyarət edənlərə maestroya həsr olunan əsərlərin müşayiəti ilə ekskursiya keçiriləcək. Azərbaycan və dünya bəstəkarlarının M.Rostropoviçə ithaf etdiyi musiqi əsərlərinin CD, DVD disklər, notlar və əsərlərin konsert proqramlarından ibarət sərgi və bir sıra bəstəkarların maestro ilə birgə fotoşəkillərini əks etdirən slayd-şou nümayiş ediləcək.

   Qeyd edək ki, muzeylərimiz ənənəvi “Muzeylər gecəsi” aksiyasına qoşulacaq. Bu il mədəniyyət aksiyası Avropa məkanında “Muzeylər dəyişən dünyada: yeni çağırış - yeni ilham” mövzusu altında keçiriləcək. Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi tərəfindən “Muzeylər gecəsi” aksiyası mayın 22-də keçiriləcək. Bununla bağlı “İnnovativ muzey layihələri” adlı respublika muzey işçilərinin forumu gerçəkləşəcək. Tədbir İCOM-un Milli Komitəsinin 20 illik yubileyinə həsr olunacaq.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 18 may.- S. 2.