«Almaniya bir rəssamın gözü ilə»

 

   Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, «Qız Qalası» və «Berlin-Baku» qalereyalarının təşkilatçılığı ilə keçirilən «Almaniya bir rəssamın gözü ilə» adlı sərgi-müsabiqəyə yekun vurulub.

  

   Müsabiqəyə ümumilikdə 63 rəssam 67 əsərlə qatılıb. Mayın 22-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi «Kapellhaus»da qaliblərə mükafatlar təqdim olundu.

   Tədbirdə çıxış edən Almaniya səfiri Herbert Kvelle sərginin önəmindən, Almaniya-Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsindən danışdı: «Azərbaycanla Almaniya arasında dostluq münasibətləri daimidir. Mədəniyyət sahəsində bu əlaqələri ildən-ilə genişləndiririk. Bu əlaqələrə heç nə xələl gətirə bilməz”.

   Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Almaniya səfirliyi ilə birgə tədbirlərin keçirilməsinin atıq ənənəvi hal aldığını bildirdi. Səfirliyin belə layihələrə təşkilatçılıq etməsini yüksək qiymətləndirdi.

   Sonra müsabiqədə birinci yerə layiq görülmüş Nəzrin Rəhimova, ikinci və üçüncü yerləri qazanmış Roza Əliyeva və Nərgiz Əzizovaya diplomlar təqdim olundu.

   Sonda tədbir iştirakçıları incəsənət sərgisi ilə tanış oldular.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2012.- 23 may.- S. 11.