Musiqi məktəbinin yeni binası açıldı

 

   Fatmayı qəsəbəsində yerləşən Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin yeni binasının açılışı oldu. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə tikilmiş tədris ocağının açılışı əməlli-başlı bayram ovqatı yaratmışdı.

  

   Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin direktoru İlham Həsənov tədbiri giriş sözü ilə açaraq, tikintini həyata keçirən quruma dərin minnətdarlığını bildirdi. Sonra Şuşa Rayon İcra Hakimiyyəti başçının müavini Vüsalə Fətəliyeva çıxış edərək, məktəbin müəllim və şagird kollektivini yeni binanın açılışı münasibətilə təbrik etdi. Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov da tikintidə əməyi olanlara minnətdarlığını bildirdi, məktəbin kollektivinə uğurlar dilədi.

   Rəsmi hissədən sonra rayon mədəniyyət və turizm şöbəsi tərəfindən lazımi avadanlıqlarla təmin edilən məktəbin ansamblının konserti oldu. Bu həm kollektivin 2011-2012-ci tədris ili üçün hesabat konserti idi.

   Məktəbin 2-ci sinif şagirdi Nihad Abbasovun ifa etdiyiŞuşanın dağları başı dumanlımahnısı alqışlarla qarşılandı. Şagirdlərdən Yasin Şükürov (tar), Arzu Məmmədova (ifaçı), Elçin İsmayılzadə (tar), Zəhra İsrafilova (fortepiano), Şəbnəm Ağayarova (fortepiano) da maraqlı çıxışları ilə yadda qaldılar. Konsert proqramı məktəbin müəllimləri İlhamə Əzimova, Kərim Məmmədov, Kərim Rəhimov Sərfinaz Məmmədovanın köməyi ilə hazırlanmışdı. Tədbirin sonunda şagirdlərYaşa, Azərbaycanmahnısını böyük şövqlə ifa etdilər.

 

 

Mədəniyyət.- 2012.- 23 may.- S. 6.