Türkiyə səfirinin xanımı Günay Kılıca “Sara Xatun” mükafatı verildi

 

   Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın diplomatik missiyası başa çatıb. Öz missiyasını layiqincə yerinə yetirən səfirin xanımı Günay Kılıc da ölkəmizin ictimai həyatında, xüsusilə qadın təşkilatlarının fəaliyyətində yaxından iştirak edib.

  

   Məhz bu fəaliyyətinə görə Günay Kılıc “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” ictimai birlikləri tərəfindən təsis olunmuş “Sara Xatun” mükafatına layiq görülüb. Mayın 21-də Azərbaycan Universitetində mükafatın Günay xanıma təqdim olunması mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan “Lider Qadınlar” təşkilatının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Günay Kılıc Azərbaycan-Türkiyə qadın təşkilatları arasında əlaqələrin inkişafına böyük töhfələr verib. Bakıda və müxtəlif bölgələrimizdə xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.

   Millət vəkili Günay Kılıcın Azərbaycandan həmişəlik ayrılmadığını və sentyabrın 21-də “Sülh günü” münasibətilə çəkilmiş klipin təqdimatında iştirak etmək üçün Bakıya gələcəyini dedi.

   Günay Kılıc ona verilən bu qiymətə görə təşəkkürünü bildirdi: “Burada mənə xeyriyyəçiliklə məşğul olduğumu deyirlər. Amma bu mənim analıq borcumdur. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir”.

   Millət vəkili M.İbrahimqızı “Sara Xatun” mükafatının gələcəkdə, ildə bir dəfə olmaqla, Azərbaycan-Türkiyə qadın təşkilatları, eləcə də türkdilli ölkələrin qadınları arasında əlaqələrin qurulmasında xüsusi xidmətləri olan şəxslərə veriləcəyini bildirdi.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 23 may.- S. 6.