Abdulla Şaiqin ev-muzeyində “Muzeylər gecəsi”

 

   Görkəmli bəstəkarlar Oqtay Zülfüqarov və Rəşid Şəfəqə diplomlar təqdim olundu

  

   Mayın 22-də Abdulla Şaiqin ev-muzeyində “Muzeylər gecəsi” aksiyası çərçivəsində tədbir keçirildi. Muzeyin direktoru Ülkər Talıbzadə tədbirin mədəni xidmət işinin yenidən təşkili, muzey işində yeniliklər devizi altında keçirildiyini nəzərə çatdırdı. Bildirdi ki, Abdulla Şaiqin şeirlərinə bəstələnmiş musiqi əsərlərinin tədqiqi, nəşri və təqdimi, həmçinin musiqi əsərlərini yazan bəstəkarlarla müştərək əməkdaşlıq muzeyin reallaşdırdığı yeniliklərdəndir: “Abdulla Şaiq görkəmli maarif xadimi olmaqla yanaşı, uşaqlara həsr etdiyi şeirlərlə də şöhrət qazanmışdır. Onun şeirləri dilinin səlisliyi və rəvanlığı, dərin məzmunu, bədii-ideya səviyyəsi ilə bəstəkarların diqqətini cəlb etmiş, onların yaradıcılığı üçün yararlı material olmuşdur. Buna görə də şairin müxtəlif məzmunlu seirlərinə və pyeslərinə yüksək ideya-emosional ruhlu musiqi əsərləri bəstələnmişdir. Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov Abdulla Şaiq irsinə sıx-sıx müraciət edən bəstəkarlarımızdan biridir. O, yaratdığı “Aysel” qrupu ilə birlikdə şairin yaradıcılığı ilə əlaqədar keçirilən tədbirlərdə dəfələrlə bəstələdiyi musiqi nömrələri ilə çıxışlar etmişdir. Abdulla Şaiqin irsinin təbliğ olunmasında xüsusi xidmətləri olan şəxslərdən biri də Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəqdir. 2011-ci ildə bəstəkarın təşəbbüsü ilə “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” adlı not kitabı işıq üzü görmüşdür. Bütün bunları nəzərə alaraq şairin mənzil muzeyinin rəhbərliyi A.Şaiq irsinin təbliğində göstərdikləri xüsusi fəaliyyətə görə Xalq artisti Oqtay Zülfüqarovu və bəstəkar Rəşid Şəfəqi Abdulla Şaiq diplomu ilə təltif edir”.

   Diplomla mükafatlandırılan bəstəkarlar muzeyin rəhbərliyinə təşəkkürlərini bildirdilər. A.Şaiqin onların yaradıcılıqlarındakı rolundan söz açdılar. Qeyd olundu ki, şairin əsərləri xalq arasında, xüsusilə məktəblilər və gənclər arasında həmişə böyük həvəslə dinlənilmişdir. Bu musiqilər gənc nəsil və körpə balalar üçün qiymətli hədiyyədir.

   Sonra mərasim bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə davam etdi. Gecədə Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllim heyəti, tanınmış incəsənət xadimləri iştirak edirdilər.

 

 

  Mədəniyyət.- 2012.- 23 may.- S. 4.