“Bir ocaqda parlayar min ürəyin işığı”

 

   Dekorativ-tətbiqi sənət nümunələrindən ibarət beynəlxalq sərgi

  

   Mayın 22-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində MDB xalqlarının “Bir ocaqda parlayar min ürəyin işığı” adlı beynəlxalq dekorativ-tətbiqi sənət nümunələrinin sərgisi açıldı.

  

   Açılış mərasimində çıxış edən muzeyin direktoru Röya Tağıyeva bildirdi ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşən sərgidə nümayiş olunan dekorativ sənət əsərlərinin satışı da həyata keçiriləcək. Qeyd olundu ki, Azərbaycan daima qonşu dövlətlərlə mədəni, iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verir. Sərgidə 8 MDB ölkəsindən 1000-dək sənət nümunəsi, əl işləri nümayiş olunur. Belə tədbirlərin təşkili isə ölkələr arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, dostluq bağlarının möhkəmləndirilməsinə imkan yaradır.

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev “Azərbaycan xalçaçıları” İctimai Birliyinin fəaliyyətindən, dekorativ-tətbiqi sənət növlərinin inkişafı istiqamətində görülən işlərdən danışdı: “Mədəniyyət və Turizm Nazirliyi unudulmaqda olan qədim sənət növlərinin yaşadılmasında, inkişafında maraqlıdır. Məhz buna görə də nazirlik tərəfindən bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Biz sevinirik ki, minilliklərlə mövcud olmuş sənət sahələri bu gün də inkişaf yolundadır”.

   Şöbə müdiri vurğuladı ki, Azərbaycan xalq sənətkarlarının əsərləri müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş olunur. El sənətkarları tərəfindən hazırlanan əl işləri turistlərin də böyük marağına səbəb olur: “Xalça Muzeyində bu gün belə bir tədbirin təşkil olunması əlamətdar mədəni hadisədir. Sərgi-satışda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və Ukraynadan olan sənətkarların əl işləri nümayiş olunur. Sərgidə çox gözəl sənətkarlıq nümunələri var. Bu uğurlu layihəyə görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.

   Tədbirdə çıxış edən dünya şöhrətli sənətkar, SSRİ Xalq rəssamı Tahir Salahov son illərdə Azərbaycanın mühüm mədəniyyət hadisələrinə ev sahibliyi etdiyini bildirdi, Bakıda MDB ölkələri sənətkarlarının əl işlərindən ibarət sərginin açılmasını yüksək qiymətləndirdi.

   Tədbirdə digər çıxış edənlər də sərgi barədə fikirlərini bildirdilər.

   Sonra sərginin açılışı oldu. Qazaxıstandan Rauşan Karqabekovun xalça, şərf, dəri məmulatları, Serjan Başirovun zərgərlik nümunələri, Özbəkistandan Hikmət Cəlilovun ağac üzərində oyma, saxsı məmulatları və tikmələri, Qırğızıstandan Rassiya Cumanazarovanın keçə məmulatları, Rusiyadan Tatyana Barinovanın tikmələri, Ukraynadan Qalina Dyuqovskaya və Vladimir Balıberdinin tekstil nümunələri, azərbaycanlı sənətkarlardan Rauf Əbdülhüseynoğlu, Vüqar Məmmədov, Afət Əhmədova, Nahid Vahabov, Zərifə Seyidəliyeva, Sevil Rzayeva, Şəhla Əsgərova və digər sənət ustalarının müxtəlif növlərdə dekorativ-tətbiqi sənət əsərləri maraqla qarşılandı. Qeyd edək ki, satış-sərgi mayın 26-dək davam edəcək.

  

 

   C.Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 23 may.- S. 3.