Respublika dekorativ-tətbiqi sənət festivalı davam edir

 

  Növbəti regional sərgisi Şəkidə təşkil olunub

  

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir. Festival çərçivəsində növbəti regional sərgi Şəkidə təşkil olunub. Mayın 25-də açılışı keçiriləcək sərgidə bölgənin 14 şəhər və rayonundan (Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Ucar, Kürdəmir, Zərdab, Yevlax, Ağdaş, Ağsu) dekorativ-tətbiqi sənət ustalarının iştirakı nəzərdə tutulub.

   Sərgidə xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma, dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) üsulu ilə hazırlanmış nümunələr nümayiş olunur. Bundan əvvəl regional sərgilər Gəncə və Lənkəran şəhərlərində keçirilib. Növbəti, sonuncu regional sərgi Xaçmaz rayonunda baş tutacaq. Bu tədbirdə münsiflər heyəti tərəfindən seçilən ən yaxşı nümunələr Bakıda - yekun sərgidə nümayiş olunacaq.

   Qeyd edək ki, festivalın təşkilində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, bədii yaradıcılıq proseslərinin dəstəklənməsi, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, habelə istedadlı gənclərin tanıdılmasıdır.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 25 may.- S. 2.