“Özümə söz verdim ki, aktyorların hərəkətinə müdaxilə etməyəcəyəm”

 

   Xorvatiyalı rejissor Bakıda seminar keçirdi

  

   Xəbər verdiyimiz kimi, noyabrın 5-6-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II beynəlxalq teatr konfransı keçirildi. Konfrans çərçivəsində dünyanın tanınmış teatr mütəxəssisləri tərəfindən müxtəlif mövzulara dair seminarların keçirilməsi də nəzərdə tutulmuşdu. Noyabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor sənəti mövzusunda seminar gerçəkləşdi.

  

   Seminarı Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) baş katibi, xorvatiyalı rejissor İvitsa Simiç apardı. O, teatrın aktyorlarını salamlayaraq bildirdi ki, hər dəfə yeni heyətlə görüş onda həyəcan yaradır: «Bu görüşdən böyük gözləntilərim var və mən də bunları doğrultmaq istərdim». Sonra o özü haqqında məlumat verərək qeyd etdi ki, 10 il peşəkar səhnədə aktyor kimi çalışdıqdan sonra karyerasını başqa bir istiqamətdə, yəni rejissor kimi inkişaf etdirməyi düşünüb.

  

   “Əgər aktyorlar nəyisə düşünüb edirlərsə, mən, sadəcə, deyirəm ki, bu, gözəldir”

  

   Aktyorluqdan getməsinin səbəblərindən danışan İvitsa Simiç bildirdi ki, bu sahədə çalışdığı vaxtlarda rejissorun dediklərini edib: «Bəzən elə hallar olurdu ki, özümə uyğun hesab etmədiyim rolu oynamağa və yaxud da xoşlamadığım rejissorla işləməyə məcbur olurdum. Aktyor kimi bəzən səhnədə əlindən gələni edirsən. Amma rejissor sənə «bunu etmə», «onu etmə» deyir. Bu səbəbdən də qərara aldım ki, aktyorluqdan uzaqlaşmalı və özüm müstəqil işləməliyəm. Rejissorluğu özümə həyat yolu seçdikdən sonra aktyorların istəklərini nəzərə alan, onlarla mülayim davranan rejissor olmaq qərarına gəldim. Özümə söz verdim ki, rejissor olandan sonra səhnədə aktyorların hərəkətinə müdaxilə etməyəcəyəm. Və bu belə də oldu. 25 illik rejissorluq karyeramda buna əməl etməyə çalışmışam. Əgər onlar nəyisə düşünüb edirlərsə, mən, sadəcə, deyirəm ki, bu, gözəldir. 1989-cu ildə britaniyalı Tomas Stoparkın «Həqiqi əşya» adlı əsərini tamaşaya qoydum. Bu mənim ilk rejissor işim idi və uğurlu alındı».

   Xorvatiyada yeganə müstəqil teatrın sahibi olduğunu diqqətə çatdıran rejissor, ölkəsində və xaricdə uşaqlar, həmçinin böyüklər üçün tamaşalar hazırladığını bildirdi.

   İvitsa Simiç Avropa teatrları ilə tanışlığın onun üçün mühüm şans olduğunu, orada fərqli ənənələr gördüyünü və həmin standartlardan nümunə götürdüyünü qeyd etdi: «Avropa teatrları ilə tanışlıq mənə böyük təcrübə qazandırdı. Mən ənənəvilikdən uzaq, müxtəlif fəlsəfi dünyagörüşünə əsaslanan teatrlarla tanış oldum. Əgər fərqli fəlsəfə varsa, deməli, fərqli idarəçilik, yanaşma da var. Bundan isə insan daha çox şey öyrənə bilir».

   Xorvatiyalı rejissor II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Azərbaycan paytaxtında keçirdiyi görüşlərin, o cümlədən bu seminarın gələcək əməkdaşlıq üçün təməl olacağına inandığını dedi. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya quruluş vermək niyyətində olduğunu, seminar müddətində həmin tamaşa üçün uyğun aktyorları seçəcəyini bildirdi.

  

   Gənc Tamaşaçılar Teatrında “Qızıl açar”

  

   Seminarda məlumat verildi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində artıq üçüncü ildir ölkəmizin bir çox teatrlarında beynəlxalq layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində tanınmış xorvatiyalı rejissor da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya quruluş vermək üçün dəvət olunub. İvitsa Simiç teatrda rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar” (“Buratinonun sərgüzəştləri”) əsərinə quruluş verəcək. Məşqlərin gələn ilin aprelində başlanacağı, may ayında tamaşanın təhvil veriləcəyi nəzərdə tutulur.

   Sonda ASSİTEJ-in baş katibi II Bakı Beynəlxalq Teatr Konfransında keçirilən plenar iclasları da dəyərləndirdi: “Belə tədbirlərin yerli rejissor və aktyorların teatr və kino sahəsində ixtisaslaşmış dünya şöhrətli mütəxəssislərin təcrübələrindən bəhrələnməsi baxımından mühüm əhəmiyyəti var”.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 9 noyabr.- S. 5.