Küveyt fotolarda

 

   Noyabrın 29-da Azərbaycanda Küveyt Mədəniyyəti Günləri çərçivəsində Dövlət Rəssamlıq Akademiyasında tanınmış fotoqraf Həmid Əl-Əmirinin sərgisi açıldı.

  

   Mərasimdə Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Əl-Yuhanın rəhbərlik etdiyi nümayəndə heyəti, Rəssamlıq Akademiyasının professor və müəllimləri iştirak edirdi.

   Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, heykəltəraş, Xalq rəssamı Fuad Salayev açaraq sərginin əhəmiyyətini qeyd etdi, belə tədbirlərin mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirdi.

   Rəssamlıq Akademiyasının prorektoru Validə Məmmədova da Azərbaycan və ərəb mədəni əlaqələrindən söz açdı. Bu ənənənin hələ Nizami Gəncəvi dövründən təşəkkül tapdığını dedi: “Nizaminin qəhrəmanı Leyli ərəb qızı idi. Şair ərəb dünyasını, ərəb mədəniyyətini yaxından bilirdi. Bu o deməkdir ki, on ikinci əsrdə təməli qoyulan mədəni-ədəbi əlaqələr gənclərin simasında bu gündavam edir”.

   Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Əl-Yuha çıxış edərək sərginin təşkilinə görə təşəkkürlərini bildirdi, təqdim olunan əsərlərin mövzusundan, Küveyt mədəniyyətindən söhbət açdı. Sonra qonaq nümayəndə heyəti adından Küveyt mədəniyyətinin nümunəsi olaraq Fuad Salayevə xatirə hədiyyəsi təqdim etdi. Fuad Salayevöz növbəsində Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarovun əsərlərinin kataloqunu qonaqlara təqdim etdi. Sərgi salonunun qırmızı lentini kəsən tərəflər fotolara tamaşa edərək, fikirlərini bölüşdülər.

   Qeyd edək ki, küveytli fotoqraf Həmid Əl-Əmirin bu günədək LivanFransada fərdi sərgiləri keçirilib. O, fotoqrafiya üzrə bir çox müsabiqələrdə mükafatlara layiq görülüb. Sərgidə isə fotoqrafın Küveytin mədəni və ictimai həyatından kadrlar, bədii fotolar, müasir və köhnə şəhərin təzadlı görüntüləri, liman şəhərinin gözəl mənzərələri, ölkənin mədəniyyətini, idmanını, turizm imkanlarını göstərən fotoları nümayiş olunurdu.

  

   Aliyə

 

  Mədəbiyyət.- 2012.- 30 noyabr.- S. 8.