Bəstəkarlar İttifaqında Fikrət Əmirovun xatirəsi yad edildi

 

   Noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

  

   Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq sənətkarın həyat və yaradıcılığından danışdı, onunla birgə çalışdıqları illəri xatırladı: “Fikrət Əmirov sənəti ucadır və əbədiyaşardır. “Sevil” operası xalqımız üçün nə qədər dəyərlidirsə, milli koloritlərlə zəngin olan baletləri də bir o qədər əvəzsiz və möhtəşəmdir. Bəstəkarın əsərlərinə dünyanın müxtəlif ölkələrində dəfələrlə tanınmış musiqiçilər tərəfindən müraciət olunub. Onun insana gözəl əhval-ruhiyyə bəxş edən fortepiano üçün miniatürləri qəlbləri oxşayır. Biz musiqi ictimaiyyəti olaraq fəxr edirik ki, Azərbaycan musiqi tarixində Qara Qarayev, Fikrət Əmirov və digərləri kimi dahi simalar olub”.

   Qeyd edildi ki, görkəmli musiqiçi Bəstəkarlar İttifaqının katibi işlədiyi zaman gənc bəstəkarların yetişməsində əvəzsiz xidmətlər göstərib.

   Daha sonra tədbir iştirakçılarına “Fikrət Əmirov” adlı yeni sənədli televiziya filmi təqdim olundu. Filmin məsləhətçisi Xalq artisti Firəngiz Əlizadə, rejissoru Miri Rzayev, ssenari müəllifi sənətşünas Səadət Təhmirazqızıdır.

   Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova, Bakı Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, xalq artistləri - müğənni İlhamə Quliyeva, tarzən Ramiz Quliyev və digərləri çıxış edərək Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirovun milli musiqimizin inkişafındakı misilsiz xidmətlərindən söhbət açdılar.

   Sonda Mələk Qarayevanın pianoda müşayiəti ilə Ülviyyə Novruzovanın (soprano) ifasında dahi bəstəkarın “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri” mahnısı, Etibar Əsədlinin pianoda ifasında Fikrət Əmirovun mahnılarının mövzularına improvizasiyalar səsləndirildi.

  

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 30 noyabr.- S. 2.