Turizm sektorunun inkişafı üçün qanunvericilik təkmilləşdirilməlidir

 

   Hadı Rəcəbli: “Azərbaycanda turizmin inkişafı iqtisadi tərəqqinin mühüm amilidir

  

   Azərbaycanda turizm sektorunun inkişafı üçün qanunvericilik təkmilləşdirilməlidir. Bu baxımdan «Turizm haqqında» qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

  

   Bu barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, müasir dövrdə turizm həm də təbliğati mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib.

   Komitə sədrinin fikrincə, dəyərli mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlarainkişaf perspektivlərinə malikdir: «Turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqinin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşləri bir araya gətirən tolerant dövlət kimi tanınması, iqlim müxtəlifliyi, tarixi və mədəni abidələrin zənginliyi və digər amillər ölkəmizin turizm potensialının nə qədər geniş olmasının göstəricisidir».

   Qeyd edək ki, Azərbaycanda turizmin inkişafının və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə «Turizm haqqında» yeni qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanaraq ictimaiyyətin müzakirəsinə verilib. Layihə həmçinin ictimaiyyətin rəyi nəzərə alınmaqla, beynəlxalq turizm qanunlarına uyğunlaşdırılması məqsədilə tərcümə edilibBMT-nin Dünya Turizm Təşkilatına göndərilib. DTT-nin ekspertlərinin rəyinə əsasən layihəyə müvafiq əlavələr olunub.

   Yaxın vaxtlarda Azərbaycan qanunvericiliyinə uyğun olaraq, yerli hüquqşünaslarla birgə yeni qanun layihəsi ilə bağlı işin tamamlanması məqsədilə Dünya Turizm Təşkilatı ekspertlərinin Azərbaycana dəvət olunması nəzərdə tutulur.

 

 

    Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 9.