Azərbaycanla İtaliya arasında mədəni əməkdaşlıq müzakirə olunub

 

   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən İtaliya nümayəndə heyəti ilə görüşüb.

  

   Görüşdə Roma Ticarət Palatasının prezidenti C.Kremenezi, palatanın baş katibi P.Abate, iqtisadiyyat bölməsinin rəhbəri Nikola Koluççi, Roma merinin mədəniyyət müşaviri və “Zetema” təşkilatının prezidenti Françesko Markolini və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak ediblər.

   Söhbət zamanı iki ölkənin mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, mövcud münasibətlərdən məmnunluq ifadə edilib. Nazir müavini Sevda Məmmədəliyeva İtaliya ilə ölkəmiz arasında həyata keçirilən mədəni layihələrdən söz açıb, xüsusilə cari ilin fevral-may aylarında Romanın Sivilizasiyalar Muzeyində keçirilmiş \"Azərbaycan İpək Yolunda\" adlı sərginin əhəmiyyətindən danışıb.

   Nümayəndə heyətinin rəhbəri C.Kremenezi Azərbaycanla münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildiribbir neçə yeni layihə təklif edib. Təkliflər arasında Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi layihəsi xüsusilə maraq doğurub.

   Nazir müavini qonaqları 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək II Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

   Görüşün sonunda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub, Roma Ticarət Palatasının prezidenti C.Kremenezi səmimi görüşə görə S.Məmmədəliyevaya minnətdarlığını bildirib.

 

 

   Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 3.