Sülh, humanizm və məhəbbəti tərənnüm edən şairə

 

  Mirvarid Dilbazi - 100

  

   Oktyabrın 10-da Dövlət Mahnı Teatrında Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

  

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamını diqqətə çatdırdı və bunu şairənin yaradıcılığına dövlət tərəfindən böyük diqqət və qayğı kimi dəyərləndirdi. Mirvarid Dilbazinin zəngin irsindən söz açan nazir şairənin “Qadınların hürriyyəti” adlı ilk şeirinin 1927-ci ildə nəşr olunduğunu, mövzu dairəsinin ildən-ilə genişləndiyini və oxucu kütləsinin rəğbətini qazandığını diqqətə çatdırdı.

   Qeyd olundu ki, Mirvarid Dilbazinin yaradıcılığında tərcümələrin də xüsusi yeri var. Ədib Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuli Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib.

   Əsərlərində sülhü, humanizmi, məhəbbəti, təbiəti tərənnüm edən şair əslində ağır həyat yolu keçmiş, üç müharibənin (I və II Dünya müharibələri, Qarabağ müharibəsi) şahidi olmuş və bütün bunlar onun yaradıcılığında dərin iz buraxmışdır. Ömrünün ahıl yaşında Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin doğurduğu faciələri ürək ağrısı ilə izləyən M.Dilbazi qələmini süngüyə çevirmiş, onun yazdığı əsərlər qaçqın və məcburi köçkünlərin yaralarına məlhəm olmuşdur.

   M.Dilbazinin yazdığı lirik poeziya nümunələri dövrünün tanınmış bəstəkarlarının diqqətini cəlb etmiş, sözlərinə bir çox əsərlər bəstələnmişdir. Əsərləri sevilə-sevilə oxunan ədibin yaradıcılığı layiqincə qiymətləndirilmişdir. O, hələ sovet dövründə “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenlərinə, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına layiq görülmüş, müstəqillik dövründə isə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Mirvarid Dilbazinin mənsub olduğu nəslin mədəni və ictimai fikir tariximizdə böyük rol oynadığını qeyd edərək şairənin ədəbi, publisistik, ictimai fəaliyyətindən danışdı. Qeyd etdi ki, Qazax ədəbi mühitinin yetirməsi olan Mirvarid Dilbazi zəngin yaradıcılığı ilə poeziyamızın, ədəbiyyatımızın və mədəniyyətimizin nəhəng bir hadisəsinə çevrildi. Bundan sonra da hələ neçə-neçə nəsillər onun əsərlərindən, zövq alacaq, öyrənəcək, Mirvarid Dilbazi Azərbaycan ədəbiyyatının nəhəng qadın şairələrindən biri kimi xatırlanacaq.

   Tədbirdə çıxış edən filologiya elmləri doktoru Rüstəm Kamal şairənin yaradıcılığını geniş təhlil etdi. “Mirvarid Dilbazi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütünlükdə milli mənəviyyatımızın obrazıdır. Mirvarid xanım nə yazıbsa özünün obrazına, millətin qəbul etdiyi obraza uyğun əsərlər yazıb” - deyən alim ədibin yaradıcılığının əsasən üç mövzu - vətən, ana və qəm üçlüyü üstündə qurulduğunu vurğuladı. Qeyd etdi ki, şairə yaradıcılığında uşaqları da unutmayıb. Onun qələmə aldığı “Nağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları” uşaq dünyasını əks etdirən qiymətli kitablardır.

   Yubiley gecəsində politoloq Vəfa Quluzadə çıxış edərək xalası Mirvarid Dilbazinin şəxsiyyətindən söz açdı. Qeyd etdi ki, şairə ziddiyyətli bir dövrdə anadan olub yaşasa da, əzmi, iradəsi ilə bütün çətinliklərə sinə gərib, bütöv şəxsiyyət kimi formalaşıb. Vəfa Quluzadə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, Mirvarid Dilbazinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə sərəncam verdiyi üçün ölkə başçısına və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

   Rəsmi hissədən sonra musiqili-ədəbi kompozisiya iştirakçılara təqdim olundu. Yubiley gecəsində Mirvarid Dilbazinin sözlərinə yazılmış mahnılar səsləndirildi.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2012.- 12 oktyabr.- S. 4.