Suraxanı rayonunda 2012-ci ilin 9 ayına yekun vurulmuşdur

 

Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Başçı İlqar Abbasov yığıncağı açaraq bildirmişdir ki, göstərilən dövr ərzində rayonda dövlət və yerli proqramların icrası uğurla davam etdirilmişdir.

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmışdır. Həmçinin ölkə Prezidentinin müvafiq sərəncamı ilə rayon üzrə reallaşdırılacaq işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur.

Natiq qeyd etmişdir ki, Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci ilin 9 ayı ərzində 295,3 min metr qaz, 16,7 min metr su, 4,5 min metr kanalizasiya xətti çəkilmiş, 10 min ədəd elektron qaz və 2782 ədəd su sayğacı quraşdırılmışdır. "Dədə Qorqud" yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10 min kubmetr həcmli su anbarının tikintisi başa çatdırılmışdır. Hövsan qəsəbəsində görülmüş işlər nəticəsində 32 min sakin içməli su ilə fasiləsiz təmin edilmişdir. Hazırda Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 min kubmetrlik su anbarı tikilir.

Rayonun küçə və yollarına, məhəllələrə 200 min kvadratmetr asfalt örtüyü salınmışdır. Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi davam etdirilmişdir. Suraxanıda 6 məktəb əsaslı təmir edilmiş, 2 məktəb üçün 36 sinif otağı tikilmiş, 3 məktəb üçün 80 sinif otağının, 85 saylı məktəb üçün yeməkxana, laboratoriya, idman və akt zallarının tikintisi davam etdirilmişdir. Bundan başqa, 5 körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 2 saylı uşaq evinin və 4 uşaq bağçasının əsaslı təmirinə başlanılmış, 2 səhiyyə müəssisəsində əsaslı təmir davam etdirilmişdir.

İ. Abbasov bildirmişdir ki, sözügedən dövrdə rayonun sənaye müəssisələri tərəfindən 233,1 milyon manatlıq iş yerinə yetirilmiş, artım 117 faiz təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 543 manata, sənayedə isə 689 manata çatmış, artım 120 faiz təşkil etmişdir. 1802 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, onlara göstərilən diqqətin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi rayonun dövlət orqanlarının daim diqqət mərkəzindədir. Belə ki, cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilmiş, həmçinin 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 73 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilmişdir. Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 860 nəfərdən 505 nəfəri işlə təmin olunmuş, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilmiş, 28 nəfər peşə hazırlığı kurslarına göndərilmişdir.

2012-ci ilin 9 ayında rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş 2682 müraciətdə qaldırılmış məişət-kommunal, yol və nəqliyyat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin tikintisi və sənədləşdirilməsi, vətəndaşların iş, mənzil və ya torpaq sahəsi ilə təmin olunması, maddi yardım göstərilməsi və s. məsələdən 1354-ü müsbət həll edilmişdir. Bu dövr ərzində başçı tərəfindən 612 nəfər vətəndaş qəbul edilmiş, qaldırılmış məsələlərdən 308-i müsbət həll edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Əbiyev və Fərəc Quliyev iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat yığıncağını yekunlaşdıraraq demişdir:

-Suraxanı rayonunun inkişafına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, həmişə olduğu kimi, bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 16 oktyabr.- S. 7.