Nərimanov rayonunda cari ilin doqquz ayına yekun vurulmuşdur

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrdən geniş bəhs edildi, hesabat dövründə Nərimanov rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri və qarşıda duran vəzifələr geniş təhlil olundu.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin və rayon fəallarının iştirak etdikləri tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı.

Hesabat məruzəsi ilə çıxış edən A. Fərzəliyev oktyabr ayının 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı söylədiyi fikirlərin bəzi məqamlarına toxundu. Nazirlər Kabinetinin iclasında müzakirə edilən hər bir məsələnin Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün də müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin doqquz ayı ərzində görülmüş işlərə yönəltdi.

Qeyd olundu ki, 2012-ci ilin doqquz ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq məhsul istehsal olunmuş, istehlakçılara 1 milyard 384,9 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. Sənaye müəssisələrində işləyənlərin sayı 9227 nəfər təşkil etmiş və onların orta nominal əmək haqları 10,3 faiz artaraq 410,3 manata çatmışdır. Ötən müddətdə rayonda yeni müəssisələrin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1992 daimi iş yeri yaradılmışdır. Hesabat dövründə rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 89,8 manat ümumi investisiya qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə çoxdur. Rayonun inşaat sektorunda da yüksək göstəricilər əldə edildiyini bildirən natiq qeyd etdi ki, cari ilin doqquz ayında tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 342,2 milyon manat təşkil etmiş, bu sahədə 74,1 faiz artım müşahidə olunmuşdur.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də bu müddət ərzində xeyli artaraq 201,3 milyon manat təşkil etmişdir. İlin ötən dövrü ərzində rayonda ticarət sahəsi də xeyli inkişaf etmiş, ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 673,5 milyon manat olmaqla 16,1 faiz artmışdır. Bu dövrdə əhaliyə 39,8 milyon manatlıq ictimai iaşə xidməti göstərilmiş, bu sahədə isə 61,1 faizlik artım qeydə alınmışdır.

A.Fərzəliyev ölkə Prezidenti İlham Əliyevin Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramların, imzaladığı sərəncamların, verdiyi tapşırıqların Nərimanov rayonunun da tərəqqisinə təkan verdiyini vurğuladı. Ölkə Prezidentinin bu ilin doqquz ayında səkkiz dəfə Nərimanov rayonunda müxtəlif obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etməsinin sakinlər tərəfindən razılıqla qarşılandığını bildirən natiq hazırda rayonda dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti altında iri infrastruktur layihələrin icrasının uğurla davam etdirildiyini diqqətə çatdırdı. Məruzəçi Azərbaycanın simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin artıq bir sıra mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd etdi, rayon ərazisində aparılan digər abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə bağlı ətraflı məlumat verdi. Qeyd olundu ki, bu ilin doqquz ayında Xətai və Azadlıq prospektləri, Akademik Həsən Əliyev, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrinin yenidən qurulması başa çatdırılmış, Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşası, metronun "Gənclik" stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Ziya Bünyadov prospektinin yenidən qurulması, eləcə də paytaxtın baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir. Bundan əlavə, şəhərimizin ümumi görkəminə xələl gətirən Koroğlu Rəhimov və Ə. Əbdürrəhimov küçələrində istismar müddətini keçmiş, yararsız vəziyyətə düşmüş yaşayış binalarının, qeyri- yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müfvafiq tədbirlər həyata keçirilmişdir. Artıq hər biri 48 mənzildən ibarət 3 yaşayış binası sakinlərin istifadəsinə verilmişdir.

A.Fərzəliyev qeyd etdi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Nərimanov rayonu üzrə 2012-ci il üçün nəzərdə tutulmuş 31 tədbirdən 15-nin icrası uğurla başa çatdırılmış, 12-si isə hazırda icra mərhələsindədir. Yalnız bir tədbirin icrası məlum səbəblər üzündən gələn ilə keçirilmişdir. Bütövlükdə isə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin, demək olar ki, hamısı rayonun elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması ilə bağlıdır.

Başçı, həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2012-ci ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı. Qeyd olundu ki, ötən müddətdə Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda yeni transformator məntəqələri quraşdırılmış, hava xətləri əsaslı təmir edilmiş, köhnə sayğaclar elektron tipli sayğaclarla əvəz olunmuşdur. Yanvar-sentyabr ayları ərzində rayon su kəməri istehsalat zonası tərəfindən müxtəlif ünvanlarda 11596 paqonometr uzunluğunda metal və plastmas borular dəyişdirilmiş, 151 ədəd nasos və 127 ədəd mühərrik təmir olunmuş, 19 ədəd su anbarı yuyulmuşdur. Nərimanov Rayon Qaz İstismar İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici şkaf və qurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.

Məruzəçi rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən söhbət açdı, əldə olunmuş uğurlardan bəhs etdi. Qeyd olundu ki, hazırda Nərimanov rayonunun 22 orta məktəbində 22214 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 2292 müəllim məşğul olur. "2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Nərimanov rayonunda yerləşən bir sıra məktəblərdə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində əsaslı təmir işləri aparılmışdır. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən 2011-2012-ci tədris ilində rayonun 36, 45 və 178 nömrəli tam orta məktəbləri "Ən yaxşı ümumi təhsil müəssisəsi" seçilmiş, rayon məktəblərinin 13 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi adını qazanmışdır. Bundan əlavə, bu il Nərimanov rayonu üzrə 1748 nəfər məzunun 935 nəfəri ölkənin ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olunmuş, onların 42 nəfəri 600-dən artıq, 9-u isə 650-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında göstərdikləri nəticəyə görə Prezident taqaüdünə layiq görülənlərin isə 3 nəfəri Nərumanov rayonu məktəblərinin məzunlarıdır. Natiq, həmçinin rayonun səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərdən bəhs etdi, ölkə Prezidentinin sərəncamı ilə iki nəfər qabaqcıl tibb işçisinin təltif olunduğunu bildirdi.

Cari ilin doqquz ayında rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində dövlət başçısının müvafiq fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyi diqqətə çatdırıldı. 2012-ci ilin doqquz ayında rayon üzrə 19 səyyar qəbul və görüşün keçirildiyini bildirən məruzəçi sakinləri narahat edən məsələlərin yerindəcə araşdırılıb müvafiq tədbirlərin görüldüyünü söylədi. Qeyd olundu ki, görüş və qəbullar zamanı edilmiş 140 müraciətin 131-i müsbət həllini tapmış, 9-u isə nəzarətə götürülmüşdür.

Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin ötən doqquz ayda rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricilərin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirdilər.

Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahat və firavan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili üçün qarşıda çox mühüm və ciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. Şura iclasında qarşıda duran vəzifələrdən söhbət açıldı, onların həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Tədbirin sonunda rayonun təhsil və səhiyyə sahələrində xüsusi xidmətləri olan şəxslər, eləcə də qəbul imtahanlarında yüksək nəticələr qazanmış məzunlar mükafatlandırıldılar.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 17 oktyabr.- S. 6.