Görkəmli ədibin yubileyi qeyd olunub

 

   Yeni dərs ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müxtəlif mövzularda keçirdiyi tədbirlərin siyahısı genişlənir.

 

   Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyinin qeyd edilməsi də bu tədbirlər silsiləsinin yaddaqalan məqamlarından biri oldu. Prezident İlham Əliyevin ədibin yubileyi ilə bağlı 10 aprel 2012-ci il tarixli sərəncamına əsasən respublika miqyasında müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Əlbəttə ki, 90 illik şərəfli tarixə malik ADMİU da bu prosesdə öz sözünü deməliydi.

   Oktyabrın 5-də universitetdə keçirilən elmi konfransı giriş sözü ilə açan Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev böyük yazıçının həyat və fəaliyyəti barədə müfəssəl məlumat verdi. Xalqımızın belə azman qələm sahibi olan sənətkarlarının yubileyləri ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamların tarixi əhəmiyyətini qeyd edən Vəfa Əliyev ADMİU-da bu münasibətlə elmi konfransların, mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.

   Universitetin tərbiyə və humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin “M.S.Ordubadi yaradıcılığı XX əsrin ədəbi-tarixi prosesi kontekstində” adlı məruzəsi maraqla dinlənildi. O, ədibin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı”, “Dünya dəyişir” kimi tarixi əsərlərinin ədəbi-bədii, fəlsəfi-estetik mahiyyətini yığcam boyalarla şərh etdi.

   “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Məmmədova “M.S.Ordubadinin ədəbi-tənqidi məqalələri” mövzusunda məruzəsində Ordubadini həm də ədəbiyyatşünas alim, görkəmli tənqidçi kimi səciyyələndirdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova isə öz çıxışını Azərbaycan teatr salnaməsinə əvəzsiz töhfələr bəxş etmiş Ordubadinin dramaturq kimi fəaliyyətinə həsr etdi.

   Ədəbi yaradıcılıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqşin Babayev böyük ədiblə bağlı eşitdiyi, şəxsən şahidi olduğu maraqlı hadisələri təsvir etdikcə auditoriyada xüsusi bir ab-hava yaranırdı. Elmi konfransın sonunda Sənətşünaslıq fakültəsinin II kurs tələbələri Ayşənur Əliyeva və Elnurə Novruzovanın Ordubadi ədəbi irsindən təqdim etdikləri şeir nümunələri alqışlarla qarşılandı.

  

 

   İntiqam Mehdizadə

 

   Mədəniyyət.- 2012.- 17 oktyabr.- S. 10.