Başdan-başa Aşiq

 

   Hüseyn Cavid-130

     

   “Nə eşq olaydı, nə aşiq” desə də, “İblisəmi uymuş bəşəriyyət?!” söyləsə də...

  

   Deməli, Cavid əfəndi tək elə gözəlliklər Məcnunu deyil, həm də gözəlliklərin, məcnunluqların, əsl insani olqu-olayların ziddinə olanları insanlığa çağırış Aşiqi, özgə haqqına toxunmadan millətinə özgürlük hayqıran irfan müştaqı idi. O, bəşəriyyəti əhatə edən təbiətdən də geniş və mürəkkəb insan təbiətindəki cəncəl-cəngəllikləri də durnanı gözündən nişan alan ovçu məharətilə görürdü.

  

   Onun bəsirət bəbəyi bəşərdəki bioloji gözlərin saysız çoxundan çox-çox iti idi. Bir şair kimi təbii gözəllikləri, insani özəllikləri vəsf etməli, rəngarəng lirizmlərlə məşğul olmalı ikən, qismətinə ictimai-siyasi kataklizmlər düşən bu ümumxalq əfəndisi “kəndisini” gözgörəti alovlara atmaqdan “sakındıra” bilmir. Sevgili qəlblər kimi uca könlünü, qəlbi qələmini “politik” vurhavura cəlb etmək istəyənlərə “ura!” demir. Elə keçənəklərdə düşmən üstünə yürüyən babalarının “vurha!” kəlməsindən gəlişmiş bu “ura”nı gələnəklərə daşımaqda bulunur. “Bulunur” demişkən, öz yaradıcılığındakı dil-üslub elementlərilə ortaqlığımızın - sonralar Türk dünyasının “işdə birlik, əməldə birlik, dildə birlik” ideyasının bünövrəsini qoyur. “Politik” inqilabi çaxnaşmalardan çaş-baş qalmış Azərbaycan kütlələrində poetik inqilab yaratmaq istəyən əfəndimiz təkcə öz çağının yox, bütün gələcəyin irfan tufanı kimi çağlayır.

  

   Təbiətlər təbiəti

  

   Bütün canlılarını yaşatmaqdan başqa bir “dərd”i olmayan ana təbiətin fəsilləri cəmi-cümlətanı dörddür. Həmin canlıları vəsf etmək, ovutmaq, haqq yolundan sapmamaları üçün çalışan ədib əfəndilərin dərdi isə çoxdan da çox. Dövlətlər, hökumətlər cəmiyyətləri vur-tut bir qanun kitabıyla idarə edir, şairlərsə - formaca təbdən-təbə düşsələr də - məzmun-mahiyyətcə min-min arzu-xitablarla.

   Hüseyn Cavid əfəndimizin təbiəti “təbiət və cəmadət” lövhələrilə ləbaləb! Onun təbiətindəki temperaturlar, temperamentlər müsbətin ən ulu və uca dağı, mənfinin ən dərin dərəsi! Düşüncə püskürtülərinin birində:

  

   İblis nədir? - Cümlə xəyanətlərə bais...

   Ya hər kəsə xain olan insan nədir? - İblis!..

  

   - deyə kükrəyən bu canlı Vulkan başqa bir məqamda - yad bir çocuqla baba-bala mükaliməsində könüllərə xoşşırran bir şəlalə, polifonik bir lad çayı kimi axarlanır:

  

   - Quzum, yavrum! Adın nədir?

   - Gülbahar.

   Pəki, sənin anan, baban varmı?

   - Var.

   Nasıl, zənginmidir baban?

   - Əvət, zəngin, bəyzadə...

   - Öylə isə, geydiyin geyim niçin böylə sadə?

   Yoqmu sənin incilərin, altın bilərziklərin?

   Söylə, yavrum! Hiç sıqılma...

   - Var əfəndim, var... lakin

   Müəlliməm hər gün söylər, onların yoq qiyməti,

   Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti...

  

   Sonrasıyca düşünürsən; bu qədər ciddi “mən”ə malik, bütün fikir-zikir ömrünü “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi tarixi dramatizmliklərin təsvirinə yönəltmiş, könlünü millətə verib, eşqini mədəni-mənəvi intibaha, siyasi istiqlala sərf etmiş bu hikmət ağsaqqalı hamıya məxsus aşiqlik də edə bilərmişmi? Və edərdisə, “eldən dışarı” alınmazdımı? Ərəbin sözündə “dəvədə buynuz”, əcəmin gözündə “palazda çeşni” kimi görünməzdimi? Yox, qare əfəndi, bu Aşiq-ədibin “məşuqə”si də elə ədəbanə, həyayi-ağbirçəkyanədir. Buyurun, elələrindən birini (bir balaca ixtisarla) oxuyun:

  

   Səhər vaqtı, ya Rəb, nə gördüm ki, canan

   Gəlir şadü xəndan, xuraman-xuraman.

   O məstanə gözlər süzüldükcə hər an

   Alır can, dökür qan, xuraman-xuraman.

   Alıb getdi... bən biqərar izliyordum,

   Nihayət, yetişdik çəmənzara, durdum.

   Kəsilmişdi həp taqətim, bən oturdum,

   O eylərdi seyran, xuraman-xuraman.

   Səfa bəxş edər sanki əğyarə, yarə

   Təbəssümlə hər an, xuraman-xuraman.

   Nələr bəkliyordum o dilbər mələkdən?

   Şaşırdım, bilinməz nələr söylədim bən,

   Gönül çırpınır, sızlar, amma o həp şən...

   Saqınmaz, alır can, xuraman-xuraman.

   Nə sehr eyləmiş derkən, axır nə etmiş!?

   Dalıb getmişim, bənliyim sanki bitmiş;

   Ayıldım ki, halımdan ürküb də getmiş,

   Hərasanü heyran, xuraman-xuraman.

  

   Fədayi-cəlayi vətən...

  

   Özünü xalqına, ideyasına, haqqa, Vətənə fəda edən bu milli Aşiq sonda cəlayi-vətən oldu. 1882-ci il 24 oktyabrda Naxçıvanda doğuldu, 1941-ci il 5 dekabrda adlarından da buz yağan ünvanda (İrkutsk vilayəti, Tayşet rayonu, Şevçenko kəndi) öldü...

   Bilirəm, yaxşı bilirəm ki, bu ad-sanlı şəxsiyyətin dünyadəyişimini “öldü” ilə ifadə etməzlər. Amma o, dünyasını neçə il əvvəl Bakıdan ayrı saldırılanda dəyişmişdi. Oradakı sıradanbir adamlar, münasibətlər, düşüncələr içərisində isə... yalnız ölmək olardı. Təsəvvür edin;

  

   Ey odlu şəhpərilə saçan zəhri-intiqam!

   Ey hərb ilahı! Ey sırıtan kinli əjdəha!

   Oldunsa bunca qəhrü fəlakətlə şadkam,

   Artıq bitir şu səhnəyi, ey müftəris dəha!

   Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!

   Endir də bir qədər nəfəs alsın bəni-bəşər.

  

   - deyən bir kamil zat zatıqırıq bir yefreytorun süngüsü altında hər səhər xəndək qazmağa, şpal daşımağa gedir və hər saatı bir il kimi keçən gecələr ailə-uşağı, xalqı, Türk-Turan haqda xəyallara dalır. Hələ “heç nə” yox ikən:

  

   Ya Rəb, bu nə dəhşət, nə fəlakət?

   Ya Rəb, bu nə vəhşət, nə zəlalət?

   Yoq kimsədə insafü mürüvvət,

   İblisəmi uymuş bəşəriyyət!?

  

   - yazmış bir mütəfəkkir gözləri önündə cərəyan edən bu “var”lar var ikən nələr yazırmış könlündə?!

   Hələ bu da var ki, bu incə qəlbli kişi ruhani ailəsində doğulmuş, ibtidai təhsilini molla məktəbində almışdı. Yaxşı ki, orta təhsili M.T.Sidqinin yeni üsullu məktəbində (“Məktəbi-tərbiyə”) keçmişdi, yoxsa, insanlığın “bolşevik” anti-insanlığı yeniliklərinə mənən heç dözə bilməzdi...

   Tale onu son mənzildən əvvəl çox mənzillərə ürcah etmişdi. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, təhsilini Təbrizin “Talibiyyə” mədrəsəsində davam etdirmişdi. Altı il sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən Hüseyn əfəndi bir müddət Naxçıvanda, Gəncədə, Tiflisdə, 1915-ci ildən həbsinədək isə Bakıda müəllimlik etmişdir.

   Sənəti janr və forma cəhətdən çox zəngin idi Cavidin. Fəlsəfəsi isə ixtisasca filosof olanların görüb-göstərə bildiklərindən daha əngin idi. O, etno-monoqrafların hələ bu gün də metodonomik əl-ətəyini bir yerə yığa bilmədikləri mütərəqqi romantizmin banilərindən idi. Gözəl və dərin lirik, lirik-epik şeirlərin, xeyli dərəcədə qeyri-ənənəvi lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin, faciə-dramların müəllifidir. Əsrin əvvəllərində “Cavid teatrı” kimi səciyyələndirilən bu müəllif dövrün ümumbəşəri, böyük ictimai-siyasi, mədəni-mənəvi problemlərinə Azərbaycan təfəkkürü prizmasından yanaşma iddiası ilə çıxış edir və səsi çatan məkanlarda həmin problemlərin ustad əks-sədaçısı kimi də qəbul edilirdi. Böyük mütəfəkkir-ədib 1918-ci ildə tamamladığı “İblis” mənzum faciəsində həm bilavasitə öz çağının, həm də dolayısıyla bütün dövrlərin mürtəce qüvvələrini tipikləşdirib dil-ağıza salmışdır. Şairin bu lirik-epik fəlsəfəsində “insan insana qurddur” - deyə düşünənlər, “mədəni vəhşilər” iblis surətində ümumiləşdirilmiş, hər motivli savaşlara, xüsusən işğalçı müharibələrə sənətin qələm-qılıncı ilə “yox!” zərbələri yağdırılmışdır:

  

   İblis!.. O böyük ad nə qədər calibi-heyrət!

   Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.

   Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

   Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

   Lakin bəni təhqir edən, ey əbləhü miskin!

   Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

   Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

   Daim ayaq altında sönüb məhv olacaqsın.

   Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:

   Qan püskürən, atəş savuran kinli krallar,

   Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

   Altın və qadın düşgünü divanə bəbəklər.

   Bin hiylə quran tilki siyasilər, o hər an

   Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

   Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

   Onlar duruyorkən bəni təhqirə nə hacət?!

   Onlar, əvət onlar sizi çignətməyə kafi,

   Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

   Bən tərk edərim sizləri əlan nəmə lazim!

   Hiçdən gələrək, hiçliyə olmaqdayım azim...

  

   Dünyaları mənən dolaşıb, olayların yaxşısıyla yollaşıb, yamanıyla qollaşan şair hərdən zərif mövzulara, əbədi obrazlara da toxunub, “bəzmi-istirahət”lərdə bulunur:

  

   Qadın! Ey sevgili həmşirə, oyan!

   Ana! Ey nazlı qadın, qalq! Uyuyan

   İştə sıyrılmada həp zülmətlər!..

   Ağarır dan yeri, qalq, iştə səhər!..

   Oyan, ətrafını seyr et də, düşün!

   Bütün evladi-vətən iştə bu gün

   Yalınız səndən umar sədrə şəfa,

   Yalınız səndə bulur ruha qida.

   Ana evladını bəslər, böyütür,

   Anasız millət, əvət, öksüzdür.

   Sənin aləmdə vəzifən, hissən

   Nə böyük, həm nə ağırdır, bilsən!?

   Qadın! Ey sevgili, şəfqətli mələk!

   Bu qədər səbrü təhəmmül nə demək?

   O lətafət, o nəcabətlə sana

   Bu əsarət, bu həqarət nə rəva!?

   Ağla, fəryadını duysun ərlər,

   Bəlkə insafa gəlib rəhm edələr.

   Ağla, çırpın! O lətif, incə səsin

   Çınlasın, mevclənib yüksəlsin.

   O səsin qüvvəti, təsiri böyük...

   Ağla, ta lərzəyə gəlsin yer, gök.

   “Ağla, həp ağla!” dedim, pək yanılış.

   Ağlamaqdan nə çıqar sanki? Çalış!

   Oluyor iştə hüququn pamal,

   Çalış, öyrən, ara, bul, haqqını al!

   Pərdeyi-zülmət içindən sıyırıl!

   Qəhrəmanlar kibi qavğaya atıl!

   Kimsədən gözləmə yardım əsla;

   Yalınız kəndinə kəndin ağla!

  

   Möhtərəmlik... möhtəşəmlik

  

   Birinci ifadə onun özünə, öz qədrinə aiddir, ikinci isə onun şöhrət qədrinə, qədirbilənlərin həyata keçirdiyi işlərə. 100 illik yubileyi ərəfəsində cənazəsinin qalıqları Vətənə gətirildi. Naxçıvanda ev-muzeyi yaradıldı. Haqqında “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı” kimi gözəl deyimlər deyildi. Öz sənət idealına bir misra belə dönük çıxmadı. Əzəldən sevgidən, universal gözəldən yazan şair kimi necə tanınmışdısa, eləcə də getdi bu dünyadan.

   Dedi:

   Kəssə hər kim tökülən qan izini,

   Qurtaran dahi odur Yer üzünü!..

  

   Dedi və bu ada qələmlə nail oldu. Qaldı bu məsələnin ağıl, tədbir nailiyyəti ki, dahiliyin, Nobelliyin bu nominasiyasına doğru irəli, cənab bəşər!..

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 24 oktyabr.- S. 10.