“Mənim tanrım gözəllikdir, sevgidir

 

   Səma şairi Hüseyn Cavidin 130 illik yubileyi təntənə ilə qeyd edildi

  

   Oktyabrın 24-də Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli şair və dramaturq, ictimai xadim Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadə) 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirildi.

  

   Yubiley gecəsində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli ziyalılar iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşərgi ilə tanış oldular.

   Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Prezident İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 16 fevral 2012-ci il tarixli sərəncam imzaladığını nəzərə çatdırdı. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyi ilə birlikdə geniş tədbirlər planı hazırlayıb, Bakıda və respublikanın bölgələrində müxtəlif tədbirlər keçirilib.

   Əbülfəs Qarayev görkəmli şair-dramaturqun təntənəli yubiley mərasiminin Milli Dram Teatrında təşkil olunmasının rəmzi məna daşıdığını bildirdi: “Çünki onun əsərləri zaman-zaman məhz bu səhnədə tamaşaya qoyulmuş, insanların qəlbinə qəhrəmanlıq, humanizm, məhəbbət, mərhəmət duyğuları bəxş etmişdir”.

   Nazir Hüseyn Cavidin zəngin və təkrarsız yaradıcılığından da ətraflı söz açdı:

   “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” kimi dramları, “Azər” poeması, eyni zamanda yazdığı lirik-fəlsəfi şeirləri Cavidin adını milli mədəniyyət tarixinə əbədi olaraq həkk etmişdir. Bu əsərlərin hər birində böyük sənətkar bəşəriyyəti düşündürən ən vacib məsələlərə toxunmuş, insanın dəyərindən, onun böyük xariqələr yaratmaq imkanı varkən hansı həyat ziddiyyətləri ilə üz-üzə qaldığından ustalıqla bəhs etmişdir. Hüseyn Cavid müsəlman Şərqində yazıb-yaradan bir çox şairlərdən fərqli olaraq insanı dininə, milliyyətinə və mənsub olduğu zümrəyə görə deyil, düşüncəsinə, əməllərinə, elminə və qabiliyyətinə görə dəyərləndirirdi. O, obrazlı desək, məhəbbət dininə sitayiş edir, mədəniyyət məbədinə tapınırdı”.

   Nazir çıxışında şair-dramaturqun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən də danışdı, Hüseyn Cavidin ədəbiyyatımızın söz və fikir əsilzadəsi, Azərbaycanın Şekspiri adlandırılmasının heç də təsadüf olmadığını vurğuladı: “Cavidin dram əsərləri sənətkarlıq baxımından yüksək ustalıqla qələmə alınmışdır. Mənzum dramaturgiyamızın banisi olan böyük qələm sahibi yaratdığı obrazlar qalereyası və dərin xarakterlərlə, eyni zamanda mövzu rəngarəngliyi ilə ədəbiyyatımızı zənginləşdirmiş, dramaturgiyamızı qlobal məkana istiqamətləndirə bilmişdir. Cavidin əsərləri səhnəyə yeni bir nəfəs, yeni bir ruh gətirmiş, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmiş, mütəxəssislər tərəfindən "Cavid teatrı" kimi səciyyələndirilmişdir”.

   Böyük şair, böyük dramaturq, böyük filosof və böyük müəllim olan Hüseyn Cavid parlaq şəxsiyyəti, yüksək ziyalı əxlaqı və kəşməkəşli taleyi ilə bütün dövrlər üçün örnəkdir: “Hüseyn Cavid 30-cu illər repressiyasının qurbanı olmuşdur. Əsərləri qadağan edilmiş, kitabları kitabxana rəflərindən qaldırılmışdır. Ancaq sovet dövrünün bütün qadağalarına baxmayaraq, Azərbaycan xalqı Cavidi, onun əsərlərini qəlbində yaşatmışdır. Ölümündən sonra bəraət alan şair ölməz əsərləri ilə yenidən öz xalqının görüşünə gəlmişdir. 100 illik yubileyi ərəfəsində, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və yaxından iştirakı ilə böyük şairin cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilmiş, ev-muzeyinin yaxınlığında dəfn edilmiş, qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır. Bu, böyük Cavidin Azərbaycana - idealları uğrunda qurban getdiyi doğma məmləkətə həm də fiziki qayıdışı idi. Ulu öndərimizin atdığı cəsarətli addım sayəsində tarixi ədalətsizliyə son qoyulmuş, onun narahat ruhu doğma vətənində rahatlıq tapmışdır”.

   Nazir görkəmli ədibin 130 illik yubileyinin yüksək səviyyədə keçirilməsini dövlətimizin Cavid irsinə göstərdiyi böyük qayğının təcəssümü kimi dəyərləndirdi.

   Yubiley gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar insanların nadir hallarda 130 il yaşadığını, Cavidə isə bu ömrün yarısını da yaşamağa imkan verilmədiyini bildirdi: “Yaradıcılığının qaynar çağında onu vətənindən, ailəsindən ayırdılar. Ölümündən sonra 20 il əsərləri yasaq olunsa da, Cavid irsi yaddaşlarda, qəlblərdə yaşadı”. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətləri olduğunu deyən Xalq yazıçısı Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasında ulu öndərin əvəzsiz rolunu bir daha vurğuladı: “Naxçıvanda Hüseyn Cavidin qəbri üstündə möhtəşəm məqbərə ucaldıldı, indi bu türbədə Cavidlə birlikdə onun vəfalı həyat yoldaşı Müşkinaz xanım, mərd qızı Turan xanım və faciəli tale yaşamış oğlu Ərtoğrul uyuyur”.

   Anar vaxtilə şairin peyğəmbərcəsinə dediyi bu sözləri xatırladı: “Həyat onları ayırdı, ölüm onları birləşdirdi.”

   Yubiley gecəsində filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək Hüseyn Cavidin məşəqqətli ömür yolundan və bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, şairin ədəbi irsinə dövlət qayğısından və xalq sevgisindən söhbət açdı: “Dünya romantizminin qocaldığı bir vaxtda öz şah əsərləri ilə Azərbaycan ədəbiyyatında romantizmin gözəl nümunələrini yaradan Cavid ideal həqiqət axtara-axtara yerdən uzaqlaşdı və səma şairi oldu. Hüseyn Cavidin ideal həqiqəti eşq oldu. Onun şah əsəri “Şeyx Sənan“ bu eşqin bariz nümunəsidir. “Mənim tanrım, gözəllikdir, sevgidir” - fəlsəfəsi əslində Hüseyn Cavid yaradıcılığına bir açardır.

   Azərbaycan ədəbiyyatına mənzum dramaturgiyanı gətirən Cavid poeziya teatrı ilə səhnənin bütün şablonlarını qıraraq mücərrəd dillə danışmağa başladı”.

   Mərasimdə dahi sənətkarın fəlsəfi məzmuna malik olan və insanlığın mahiyyətini açıb göstərən “İblis” faciəsindən Arifin monoloqunu Xalq artisti Ramiz Məlik, qəzəllərini isə Xalq artisti İlham Əsgərov ifa etdilər. Akademik Milli Dram və Dövlət Gənc Tamaşaçılar teatrlarının aktyorları böyük dramaturqun “Afət” pyesindən, “Şeyx Sənan” faciəsindən parçalar təqdim etdilər.

   Yenilikçi ruhu ilə bərabər, yaradıcılığında həmişə klassik ənənələrə geniş yer verən dahi söz ustadının qəzəlləri Xalq artisti, xanəndə Mənsum İbrahimovun ifasında gecəyə xoş ovqat qatdı. Dramaturqun bəşəri ideyaları özündə ehtiva edən “Şeyx Sənan” tamaşasına böyük bəstəkar Fikrət Əmirovun yazdığı “Kor ərəbin mahnısı” Xalq artisti Alim Qasımovun ifasında təqdim edildi.

   Yubiley gecəsində Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri olan qüdrətli söz sahibi, özünü “səma şairi” adlandıran Hüseyn Cavidin ölməz əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya da nümayiş olundu.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2012.- 31 oktyabr.- S. 5.