Firəngiz Əlizadə Venesiyada musiqi festivalının qonağı olub

 

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə İtaliyanın Venesiya şəhərində keçirilən “Asiago-2012” 46-cı musiqi festivalında yüksək qonaq - “composer-in-residence” (festivalda əsərlərinə üstünlük verilən bəstəkar) statusunda iştirak edib.

  

   Asiago şəhərinin meriyasında keçirilən mətbuat konfransında sənətkar jurnalistlərin çoxsaylı suallarına cavab verib. Festivalın prezidenti Roberto Brattsale vurğulayıb ki, F.Əlizadə İtaliyada ilk dəfə 1976-cı ildə çıxış edib. Bəstəkarın musiqisi İtaliyada, məşhur Roma ansamblı “Alter Ego”nun ifasında dəfələrlə səslənib. Sonralar o, violonçel ifaçısı Elizabet Vilsonun rəhbərlik etdiyi “Xenia” instrumental kvarteti ilə birlikdə Turin, Milan və Florensiyada qastrol səfərlərində olub.

   Asiago meriyasının nümayəndəsi Mateas Mayer Firəngiz Əlizadəyə Asiagonun “Fəxri vətəndaşı” xatirə hədiyyəsini təqdim edib.

   Venesiya Bələdiyyə Teatrının salonunda Azərbaycanın Xalq artisti, UNESCO-nun “Dünyanın artisti” adına layiq görülmüş F.Əlizadənin müəllif konserti olub. İtaliya və Almaniya musiqiçiləri F.Əlizadənin “Eşq havası”, “Habilsayağı”, “Üç akvarel”, “Crossing II” və başqa əsərlərini ifa ediblər. Bundan əlavə, festival çərçivəsində bəstəkarın 8 violonçel üçün “Metamorfozalar” əsəri ifa olunub. Finalda sənətkarın orqan üçün yazdığı “Fantaziya” əsəri ifa edilib.

   Firəngiz Əlizadə müasir musiqinin inkişafında xidmətlərinə görə festivalın xüsusi mükafatına layiq görülüb.

 

  

    Mədəniyyət.- 2012.- 5 sentyabr.- S. 2.