“Mədəniyyətlə həyatın başqa sahələri arasında əlaqələr qurmaq mədəni siyasətdir”

 

   Cahangir Səlimxanov: “Yerlərdə mədəni simanı təkcə qədimlik və irs müəyyənləşdirmir, eyni zamanda yeniliklər də lazımdır. İndi bizdə də buna gözəl bir nümunə yaranır - Qəbələ Beynəlxalq Musiqi Festivalı”

  

   Bu gün “mədəni siyasət” ifadəsinə daha tez-tez rast gəlmək olur, lakin bu anlayışın dəqiq izahını, ətraflı şərhini verməkdə, yəqin ki, bir çoxları çətinlik çəkər. Çünki ayrılıqda “mədəniyyət” və “siyasət” məfhumları aydın qavranılsa da, onların birləşməsi bir qədər mücərrəd və qeyri-müəyyən görünə bilər. Mövzu ilə bağlı bizi maraqlandıran sualları bu sahə üzrə mütəxəssis, Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanova ünvanladıq.

     

   - Cahangir müəllim, mədəni siyasət bir sahə kimizaman formalaşıb və ümumiyyətlə, onu meydana gətirən zərurət nə olub?

   - Qısaca deyilsə, mədəni siyasət hər hansı bir ictimai vahidin mədəni fəaliyyətindəki dəyər və meyarlar deməkdir. Adətən, mədəni siyasət yalnız hökumət idarəçiliyi səviyyəsinə aid olunur, lakin hər bir qurum - istər nəhəng biznes holdinqi olsun, istər könüllülərdən ibarət kiçik yerli dəstə - əgər mədəniyyət sahəsində hər hansı bir fəaliyyəti varsa, onun niyyət və əməlləri hər hansı bir biçimdə mədəni siyasətə əsaslanır. Lakin çox hallarda bu, düşünülmüşaşkar şəkildə özünü büruzə vermir. Buna görə də biz mədəni siyasətdən deyil, mədəni təsirlərdən, yəni hər hansı bir qurumun fəaliyyəti nəticəsində əmələ gələn, bəzən hətta gözlənilməyən dəyişikliklərdən danışa bilərik. Əslində, mədəni siyasət həm bir tam məhsul, həm də proses, qayda yaratmaseçim etmə üçün bir zəmindir. Mədəni siyasətin ictimaiyyətin bütün əsas sahələri ilə bağlantısı var - iqtisadi inkişafla, cəmiyyətin müxtəlif təbəqə, dinietnik qrupları arasındakı münasibətlərlə, diplomatik əlaqələrlə, texnologiyanın, təhsilin, yerli icmaların inkişafı ilə. Bu doğrudan da, hər yerdə, hər məkanda baş verir - ailənin yığışdığı nahar masasından parlamentin iclas otağınadək. Bunlar isə vahid düstur üzrə qurulmur və çətinlik də elə ondadır ki, bu müxtəlif, çoxşaxəli, çoxistiqamətli mənzərə aydın və tarazlı baxışda cəmləşdirilsin. Daha sadə desək, mədəniyyətlə həyatın başqa sahələri arasında əlaqələr qurmaq mədəni siyasətdir.

   Məhz həmin müxtəlifliyi nəzərə almaq niyyəti ilə son zamanlar “mədəni siyasət” məfhumunu daha tez-tez cəmdə istifadə edirlər. Məsələn, İstanbulun Bilgi Universiteti nəzdindəki “Kültür Politikaları ve Yönetimi Araştırma Merkezinin adında bir yox, bir sıra mədəni siyasətlərin mövcudluğu etiraf olunur.

   - Bildiyimizə görə, siz həmin tədqiqat mərkəzinin beynəlxalq məsləhət şurasının üzvüsünüz. Eyni zamanda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının (Ukrayna, Belarus, Moldovaüç Cənubi Qafqaz ölkəsi) mədəni siyasətə dair araşdırma layihəsinin Azərbaycan üzrə ekspertisiniz. Müxtəlif beynəlxalq tədbirlərə - LondondaCreative Clusters” konfransına təqdim olunan məruzələrin seçilməsinə, Avropa Muzeylər Forumunun təltif etdiyiAvropada ilin ən yaxşı muzeyi” mükafatına namizədlər təyin edilməsinə və s. dəvət olunursunuz. Necə oldu ki, sizi mütəxəssis kimi ölkəmizdən xaricdə tanımağa başladılar?

   - Bizim nəslin taleyinə bir ömür boyu iki ömür, iki həyat yaşamaq payı düşdü. Fərqli ictimai quruluşlar, fərqli mədəni dəyərlər üzərində qurulmuş sistemlər daxilində hərəkət etməli olduq, üstəlik birindən o birisi arasında çətin və qeyri-müəyyənlik şəraitində keçid dövrünü yaşadıq. İndi bu barədə çox mülahizə etmək istəmirəm, sadəcə, onu qeyd edim ki, bu ikiyə bölünmüş həyatın müsbət nəticələri içində dünyaya açılma və çətinliklərdən keçərkən unikal təcrübəyə yiyələnmə imkanımız olduq. Təsəvvür edin ki, ötən əsrdə 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xeyli asta sürətlə işləyən kompyuterlərin tək-tək təşkilatlarda tapıldığı, faks aparatının belə bir möcüzə olduğu, Bakıda heç bir xarici səfirliyin hələ olmadığı bir dövrdə müstəqil beynəlxalq əlaqələr qurmağa nail olmaq mənim özümə indi bir şücaət kimi görünür. Hələ 1990-cı ildə, Sovet İttifaqının mövcud olduğu dövrdə Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin (ISCM) Osloda keçirilən iclasında Azərbaycanın bu təşkilata ayrıca üzv kimi qəbul olunması barədə məsələ qaldırmışdım. 1992-ci ildə bu məsələ rəsmiləşdi, 1993-cü ildə isə Asiya Bəstəkarlar Liqasında Azərbaycanın üzvlüyünə nail olduq. Bu isə o demək idi ki, bəstəkarlarımızın əsərləri Sürix, Varşava, Stokholm, Buxarest, Manila, Banqkok, Tokio, bir çox başqa şəhərlərdə keçirilən festivallarda təqdim olunurdu. Bunu edəndə dövlət dəstəyinə heç ümid yeri belə yox idi. Sadəcə, şövq və təşəbbüskarlıq! Əlbəttə ki, həmin vaxt düşünülmüş və uzunmüddətli planlar üzərində qurulmuş mədəni siyasət barədə fikirləş mümkün deyildi, lakin o dövrdə mədəniyyət sahəsində inadkarcasına çalışmaqda davam edən bütün həmkarlarımın qarşısında yüksək meyarlar var idi - yeni imkanları sınayaraq mədəniyyətimizi dağıdıcı təsirlərdən qorumaq, müstəqil ölkəmizi mədəniyyət vasitəsilə dünyaya tanıtmaq və o vaxtadək yaşadığımız qapalı məkandan can qurtararaq dünya mədəniyyətinə sərbəst və könüllü şəkildə qovuşmaq...

   “Mədəni siyasət” anlayışı Azərbaycanda xeyli erkən tətbiq olunmağa başlamışdı. Yadıma gəlir ki, indi Azərbaycanın Rusiyadakı Səfirliyinin Humanitar məsələlər üzrə müşaviri olan Nigar Axundova 2000-ci ildə o zamankı Mədəniyyət Nazirliyinə işə dəvət olunmuşonun rəhbərliyi ilə Mədəniyyət siyasəti şöbəsi yaranmışdı. O vaxt Şərqi Avropakeçmiş SSRİ ölkələrində yeni olan bu təşəbbüs hamını heyrətləndirirdi. Rəhbərlik etdiyim Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektoru məhz həmin bölmənin varisidir. Əvvəllər bu şöbənin işi əsasən Avropa Şurasının təşəbbüsü ilə həyata keçirdiyi proqramlarda Azərbaycanın tərəfdaşlığını təmin etmək idi, bu da ölkəmizdə mədəni siyasətin müxtəlif imkan və mexanizmlərinin dərk edilməsində çox fayda verib.

   - Mədəni siyasətin tam formalaşması üçün tələb olunan standartlar hansılardır və Azərbaycanda bu sahə üzrə mütəxəssis hazırlayan təhsil müəssisəsi varmı?

   - Əslində, bunun tam bir standartı yoxdurheç kim deyə bilməz ki, bu, necə olmalıdır. Prosesin içində olanlar öz fəaliyyəti nəticəsində bu standartları müəyyən edir və dəyişir. Əsas meyar odur ki, bu işi daha professional və səmərəli görmək üçün əldə edilən nailiyyətlərə qane olmamalıyıq. Mədəni idarəçilik sahəsində hazırlanan mütəxəssislərin sayı çox azdır. Bilirsiniz ki, universitetləri yüzlərlə məzun bitirir, amma hamısı qabaqcıl, işə fayda verən mütəxəssis olmur. Kəmiyyət sonra keyfiyyətə çevrilir.

   Məsələn, Serbiyanın tanınmış eksperti, Belqrad Universitetinin art menecment kafedrasının müdiri Milena Draqişeüviç-Şeşiç mənə öz təcrübəsindən bir misal gətirmişdi. Bir neçə il əvvəl onlar Fransa hökumətinin dəstəyi ilə Serbiyada bölgələrdə klub və mədəniyyət mərkəzləri müdirlərinin menecment biliklərinin artırılması ilə bağlı irihəcmli bir layihə həyata keçiriblər. Mən ondan soruşdum ki, hansı nəticəni əldə etdiniz. Cavabında bildirdi ki, təlimdə iştirak edən 80 nəfərdən 10-12-si istənilən standarta uyğun işləyir. Yəni gözləmək lazım deyil ki, mən cəmi 10 nəfəri hazırlayacağam və hamısından da istənilən keyfiyyəti ala biləcəyəm. Biz isə hələ ki buna nail ola bilmirik. Fəal və təşəbbüskar insan, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov çoxdandır ki, bu məsələni qaldırır ki, turizm menecmenti hazırlamaqla məşğul olan bu təhsil ocağı əhatə dairəsini genişləndirərək mədəniyyət menecmenti sahəsində də mütəxəssis yetişdirməklə məşğul olsun.

   - Siz yuxarıda Serbiya təcrübəsində yerlərdə həyata keçirilən mədəniyyət siyasətindən bəhs etdiniz. Maraqlıdır, bu mənada Azərbaycanda yerlərdə mədəniyyət siyasətində hansı məsələlərə diqqət yönəldilməlidir?

   - Bunu qısa izah etmək qeyri-mümkündür. Bir misal kimi desentralizasiyanı - əks-mərkəzləşməni göstərə bilərəm. Mədəniyyət sahəsində müxtəlif mərkəzlərə, yerlərə mümkün qədər sərbəstlik verilsə, bu, mədəniyyətin müxtəlifliyinə, zənginləşməsinə gətirəcək. İndi bölgələrimizdə müsbət dəyişiklik hiss olunur: hökumət vəsaitinə parklar salınır, müxtəlif mədəniyyət obyektləri tikilir. Lakin gərək insanlar da təşəbbüskarlıq göstərsinlər. Yerlərdə mədəni simanı təkcə qədimlik və irs müəyyənləşdirmir, eyni zamanda yeniliklər də lazımdır. Məsələn, hansısa şəhər muzeyi ilə tanınır. İspaniyada Bilbao, Almaniyada Oberhausen, Finlandiyada Savonlinna kiçik əyalət şəhərləridir, amma birini müasir incəsənət muzeyinə görə, ikincisini qısametrajlı filmlər festivalına görə, üçüncüsünü opera festivalına görə bütün dünya tanıyır, insanlar yolüstü deyil, məxsusi olaraq oradakı mədəniyyət ocaqlarını ziyarət edir, tədbirlərə qatılırlar. İndi bizdə də buna gözəl bir nümunə yaranır - Qəbələ Beynəlxalq Musiqi Festivalı. Əslində, bu, ölkələrin ayrı-ayrı bölgələrində yerləşən mədəni yerlərini təqdim etmələri üçün xüsusi mədəniyyət siyasətidir.

   - Avropadakı mədəniyyət siyasəti və art menecerlərin prinsipi və onların həyata keçirdikləri layihələrlə yaxşı tanışsınız. Siz özünüz necə, bu sahədə özünü təsdiqləmiş mütəxəssis kimi irəli sürdüyünüz təşəbbüsləri nə dərəcədə reallaşdıra bilimsiniz?

   - Həyat bizə bir dəfə verilir, yəni üç variantlı yaşaya bilmərik, ona görə də heç kəs tam deyə bilməz ki, başqa variantı seçsəydi nəyə müvəffəq olacaqdı. Elə vaxt olub, düşünmüşəm ki, hansısa səylərim boşa gedib, amma üstündən 5 il keçəndən sonra görmüşəm ki, yox, əbəs yerə deyilmiş, sadəcə bunun vaxtı gəlməli imiş.

   Bolqarıstandan olan teatr xadimi mənə bir dəfə dedi ki, əgər hər hansı dəyişiklik əldə etmək istəyirsənsə, səbirli olmalısan. Məsələn, onlara ölkələrində artıq mühafizəkar sayılan repertuar teatrı modelinə (yəni teatr dedikdə müntəzəm bina + müntəzəm truppa + müntəzəm repertuar nəzərdə tutan sistemə) qarşı antrepriza teatrı modelini tətbiq etmək üçün on il zaman lazım olmuşdur. Əsas odur ki, gördüyün üçün dərhal mənfəət almağı düşünməyəsən, işini sevəsən.

 

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 7 sentyabr.- S. 7.