Məqsəd mütaliəyə marağı artırmaqdır

 

   Qusarda kitabxanaların fəaliyyətinin müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülür. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən verilən məlumata görə, oxucu axınını təmin etmək, mütaliə marağını və mədəniyyətini inkişaf etdirmək məqsədilə kitabxanada silsilə tədbirlər həyata keçirilir.

   Bu sırada Məhsəti Gəncəvinin 900, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140 illik yubileyləri ilə əlaqədar sərgilər, Xalq şairi Mirvarid Dilbazinin 100 illiyi münasibətilə yaradıcılıq gecəsi, dahi Nizami Gəncəvinin yaradıcılığına işıq salan dəyirmi masa və şairin əsərlərindən ibarət sərgini qeyd etmək olar.

   Nəriman Nərimanov adına parkda keçirilən kitab bayramında kitab sərgisi, şeir və bədii qiraət müsabiqəsi də rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı məktəblilərin “Hacı Qara” komediyası əsasında hazırladıqları səhnəciklər böyük maraq doğurub.

 

 

   Mədəniyyət.- 2012.- 12 sentyabr.- S. 11.