Gənc rejissorların kino yaradıcılığı

 

   Sentyabrın 8-də “Nizami” Kino Mərkəzində gənc rejissorların lentə aldığı “Mayak” və “Ağ qan” qısametrajlı filmləri nümayiş olundu.

  

   Filmlərin nümayişindən öncə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qurumun idarə heyətində gənclərlə iş komissiyasının yaradılması barədə qərar qəbul olunduğunu nəzərə çatdırdı, sentyabrın 1-də gənc kino işçilərinin iştirakı ilə keçirilən dəyirmi masa haqqında məlumat verdi.

   Qeyd olundu ki, budəfəki tədbir gənc kinematoqrafçıların işlərinin tamaşaçılara təqdim edilməsi istiqamətində ilk addımdır və bu proses davam edəcək. Gənclərin filmlərinin beynəlxalq festivallara göndərilməsi istiqamətində də işlər görüləcək.

   Tədbirdə çıxış edən yazıçı-ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərlə bağlı fəaliyyətinin onların yaradıcılığına geniş imkanlar açacağını bildirdi. Gənclərə uğurlar arzuladı.

   Sonra filmlərə baxış keçirildi. Nümayişdən sonra filmlərin müzakirəsi keçirildi.

   Xəyyam Abdullayev və Elməddin Alıyevin “Ağ qan” filmi tərəkəmə ailəsindən, ana və övlad bağlılığından, həyata münasibətdən bəhs edir. Ölüm ayağında olan insanın anasını yada salması təsvir edilir, ağ qan isə süd mənasını əks etdirir. Nümayişdən sonra E.Alıyev bildirdi ki, 14 dəqiqəlik kinolent fəlsəfi məna daşıyır: “Filmdə təsvirə daha çox yer vermişik. Buna görə dialoqlar çox azdır”.

   Filmin ssenari müəllifləri Xəyyam Abdullayev, Elməddin Alıyev, operatoru Elman Əliyev, prodüser Zövqü Quliyev, səs rejissoru Ramzes, montajçı İlham Yaşaroğlu, dizayner İbrahim Kərimdir. Rollarda Svetlana Hakimova, Vaqif Kərimov və digərləri çəkiliblər.

   “Mayak” filminin ssenari müəllifi Esmira Əyyub bildirdi ki, gənclərin filmlərinin nümayiş olunması sevindirici haldır. Filmə gəldikdə isə, “Mayak” artıq bir çox festivallarda iştirak edib: “Film ata və oğul münasibətlərindən, hərbçi atanın qanunlarına uymayan narkoman oğul və bu zəmində yaranan konfliktdən bəhs edir. Ata sərt qayda-qanunları ilə oğlunu narkomaniyadan uzaqlaşdırmağa çalışır. Amma onun gecikmiş atalıq hissi özünü atılmış hiss edən oğlu üçün indi heç bir əhəmiyyət kəsb etmir və sonda atanın göstərdiyi yol, mayak həmişəlik sönür”. “Mayak” filminin rejissoru Fariz Əhmədov, ssenari müəllifi Esmira Əyyub, quruluşçu rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Məmməd Səfa, Ər Toğrul, Gülzar Qurbanova, Elşən Rüstəmov çəkiliblər.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2012.- 12 sentyabr.- S. 5.