Kanadada Azərbaycan incəsənətinin uğurlu təqdimatı

 

   Kanadanın Niaqara şəhərində, XIV Beynəlxalq Niaqara Festivalı çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilib. Niaqarada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin baş əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyevin bildirdiyinə görə, festival çərçivəsində akademik Ömər Eldarovun bədii sərgisi, Azərbaycan simfonik musiqisi və muğamından ibarət konsert təşkil edilib.

   Niaqara İncəsənət Mərkəzində şəhərin xoşməramlı fəxri səfiri, akademik Ömər Eldarovun 85 illiyinə həsr olunmuş sərgidə Kanadanın təsviri sənət pərəstişkarları Azərbaycan mədəniyyəti və incəsənəti dühalarının - Füzuli, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev, Hüseyn Cavid, Səttar Bəhlulzadə və Əminə Dilbazinin möhtəşəm heykəltəraşlıq obrazları ilə tanış olmaq imkanı əldə ediblər. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına və tərəqqisinə böyük töhfə verərək onları Şərq və Qərb ölkələrində geniş təbliğ etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın heykəltəraşlıq portretləri bədii sərgidə mərkəzi yer tutur.

   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş təntənəli tədbirlərdə Kanada parlamentinin deputatları, bu ölkənin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Tədbirin təşkilində yaxından iştirak etmiş lord Geri Borrou öz çıxışında akademik Ömər Eldarovun heykəltəraşlıq əsərlərindən ibarət fərdi sərgisini və Kanada-Azərbaycan qədim və müasir musiqi kamera ansamblının solistlərinin ifalarını xüsusi qeyd edib.

 

 

   Mədəniyyət.- 2012.- 12 sentyabr.- S. 4.