Xarici media təmsilçilərinə ölkəmizin turizm imkanları haqqında məlumat verilib

 

   Sentyabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” beynəlxalq konfransını izləmək üçün paytaxtımıza gəlmiş ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İrlandiya və digər ölkələrin media nümayəndələri ilə görüşdü.

  

   “Jumeirah Bilgah Beach Hotel”də gerçəkləşən görüşdə xarici KİV təmsilçilərinə Azərbaycanın qədim mədəni irsi və turizm potensialı haqqında geniş məlumat verildi.

   Ölkəmizdə mədəni sahəyə yönəlmiş dövlət qayğısından söz açan nazir qeyd etdi ki, son illər bir çox mədəniyyət ocaqları əsaslı təmir edilib və müasir avadanlıqla təchiz olunub.

   Azərbaycanda turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışan nazir bildirdi ki, son 10 ildə Azərbaycanda bu sahə sürətlə inkişaf edir: “Paytaxtda və regionlarda infrastruktur qurulur, yeni-yeni hotellər tikilir, turistlərin qəbulu və yerləşdirilməsində mövcud problemlər aradan qaldırılır. Ölkəmiz turizm sahəsində müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə genişləndirir. Dünya Turizm Təşkilatı ilə birgə Bakıda keçirilən konfrans da həmin əlaqələrin bariz nümunəsidir”.

   Əbülfəs Qarayev xalqımızın milli adət-ənənələri, Novruz bayramı, xalçaçılıq sənəti, aşıq sənəti və s. barədə də xarici KİV təmsilçilərinə məlumat verərək qeyd etdi ki, bu qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO və İSESCO-nun müvafiq komitələri tərəfindən qorunan irs siyahısına salınıb.

   Görüşdə viza rejiminin sadələşdirilməsi, beynəlxalq mədəni layihələrin reallaşdırılması, xarici KİV-də Azərbaycanın mədəni həyatına dair mühüm məlumatların yerləşdirilməsi və digər məsələlər müzakirə olundu. Sonda nazir xarici ölkələrin jurnalistlərini maraqlandıran sualları cavablandırdı.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2012.- 12 sentyabr.- S. 3.