Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi 45 yaşını qeyd etdi

 

   Sentyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 45 illiyinə həsr olunmuş tədbir keçirildi.

 

   Üzeyir Musiqi Günü” ərəfəsinə təsadüf edən tədbiri muzeyin direktoru, sənətşünaslıq namizədi, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq mədəniyyət ocağının tarixi, musiqi sənətimizin təbliği istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verdi.

   Qeyd olundu ki, muzey 45 il ərzində Azərbaycanın musiqi mədəniyyətinin təbliğində böyük uğurlara imza atıb. Musiqi Mədəniyyəti Dövlət Muzeyi elmi-tədqiqat mərkəzi kimi də tanınır. Burada bir çox araşdırmalar aparılır.

   Muzeyin 3 filialı - xalq çalğı alətləri daimi sərgisi, Niyazinin mənzil-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi fəaliyyət göstərir. Əməkdaşlardan 6 nəfər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə fəxri adlara layiq görülüb, 4 əməkdaşın elmi dərəcəsi var.

   Mədəniyyət ocağının əsas məqsədi və vəzifələri musiqi tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğindən ibarətdir. Muzeyin fondunda 50 min eksponat var. Bunlar Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qrammofonlar, patefonlar, qrammofon valları və s. ibarətdir.

   Burada Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin, milli professional vokal sənətinin banisi Bülbülun, görkəmli bəstəkarlardan Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Niyazininbaşqa musiqi xadimlərinin fotoşəkilləri, not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, notlar, kitablars. saxlanılır. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.

   AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Zemfira Səfərova çıxışında muzeyin Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi rolu olduğunu vurğuladı, özünün musiqi tariximizdən bəhs edən kitablarını incəsənət ocağına təqdim etdi. Digər çıxış edənlər muzeyin çoxtərəfli fəaliyyətindən danışdılar.

   Tədbirdə muzeyin qədim musiqi alətləri ansamblının, Azərbaycan Dövlət Simli Kvartetinin, Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin, Əməkdar artist Nərgiz Kərimovanın ifasında Q.Qarayevin romansları, Ü.Hacıbəylinin “Qaragöz”, T.Quliyevin “Bakı haqqında vals” əsərləri və digər musiqi parçaları təqdim olundu.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 7.