Milli teatrımızın yeni mövsümü

 

    Sentyabrın 14-də Akademik Milli Dram Teatrında Azərbaycan peşəkar teatrının 140-cı mövsümünün təntənəli açılış mərasimi oldu. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə teatr sənətimizin keçdiyi yolu əks etdirən sərgi ilə tanış oldular.

  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr sənətinin zəngin tarixindən söz açdı. Qeyd olundu ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının səhnələşdirilməsi Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Ötən dövrdə milli teatrımızın keçdiyi yoldan danışan nazir, son illərdə dövlətin bu sahəyə böyük diqqət və qayğı göstərdiyini vurğuladı. Qeyd olundu ki, Prezident İlham Əliyevin «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» 19 fevral 2007-ci il tarixli sərəncamına uyğun olaraq ötən müddətdə bir sıra teatr binalarında yüksək səviyyəli təmir-bərpa işləri aparılaraq tamaşaçıların ixtiyarına verilib. Dekabrda Musiqili Komediya Teatrı da təmir-bərpadan sonra istifadəyə veriləcək, bundan sonra Akademik OperaBalet Teatrı təmirə dayandırılacaq. Nazir 11 teatrın nəzdində studiyaların açılacağını bildirdi. Son illərdə teatr sahəsindəki uğurlardan da söz açan Əbülfəs Qarayev bildirdi ki, ötən mövsümdə teatr-tamaşa müəssisələrində 109 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanıb. Onlardan 50-si dövlət sifarişi, 59-u isə teatrların daxili imkanları hesabına həyata keçirilib.

   Ölkə başçısının sərəncamı ilə təsdiq olunan «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının bu sahənin inkişafında yeni mərhələ açdığı vurğulandı. Proqram çərçivəsində respublikamızda ilk dəfə olaraq Beynəlxalq Teatr Konfransı (2010), Beynəlxalq Kukla Teatrları Festivalı (2011), “Yeni TeatrRespublika Festivalı keçirilib. Bu ilin noyabrında II Beynəlxalq Teatr Konfransı gerçəkləşəcək.

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə, Dövlət Kukla Teatrı UNİMA-ya üzv seçilib. Ötən mövsümdə teatrlarımız ABŞ-da, Türkiyədə, Belarusda, Gürcüstanda, Rusiyada, Fransada, Birləşmiş Ərəb Əmirliklərində, Finlandiyada, Türkmənistanda, Tacikistanda keçirilən beynəlxalq tədbirlərdə respublikamızı layiqincə təmsil ediblər. İl ərzində Gürcüstanın MarcanişviliQriboyedov teatrları, Moskvada fəaliyyət göstərən “Dərviş” teatrı, Yaroslavl Dram Teatrı, Almaniyanın aktyor qrupu Bakıda qastrol səfərində olub.

   Nazir çıxışında Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadimmaarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən də danışdı. Böyük ədibin yubileyi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq 2012-ci il 1-25 iyun tarixlərində “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı keçirilib, festivalda 21 teatr 24 tamaşa ilə iştirak edib: “Fərəhli haldır ki, dramaturqunMüsyö Jordan və dərviş Məstəli şahpyesi Karaqanda Dram Teatrında (Qazaxıstan) və LondununGruntlers” teatrında tamaşaya qoyulub. Azərbaycan Dövlət Rus Dram Teatrı bu əsər əsasında nazirliyin sifarişi ilə hazırladığı tamaşa ilə Tbilisi, Odessa, Kiyev, Moskva və digər şəhərlərdə, Gəncə Dövlət Dram Teatrı Giresunda (Türkiyə) və Ufada (Başqırdıstan) çıxış ediblər”.

   Əbülfəs Qarayev bu ilin mayında Şəkidə Mirzə Fətəlinin xatirəsinə həsr olunmuş “Deyilən söz yadigardır” VI Bədii-qiraət müsabiqəsinin keçirildiyini və qaliblərin yeni teatr mövsümünün açılışı günündə mükafatlandırılmasının rəmzi məna daşıdığını bildirdi.

   Sonra nazir «Deyilən söz yadigardır» müsabiqəsinin qaliblərinə mükafatları təqdim etdi. I mükafata Lamiyyə Qəribova (Şəki), II mükafata Elnur Mahmudov (Ağsu Mədəniyyət Evinin işçisi), III mükafata Rauf Həsənov (Salyan Kukla Teatrının aktyoru) layiq görüldü. Həvəsləndirici mükafatlar Camal Xəlilov (Ağdaş), Aygül Əşrəfli (Qax) və Günay Səlimzadəyə (Lənkəran Dram Teatrının teatr-studiyasının dinləyicisi) təqdim olundu. Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin təsis etdiyi xüsusi mükafata isə Elçin Məmmədov (Ucar rayonu) layiq görüldü.

  

   * * *

 

   Mərasimdən sonra iştirakçılara 140-cı teatr mövsümünün ilk tamaşası - Akademik Milli Dram Teatrının repertuarında yer alan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri təqdim olundu. Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru mərhum sənətkar, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şərif, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva, habelə Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, Həcər Ağayeva və başqaları ifa edirdilər. Rəqslərin quruluşu Zakir AğayevYelena Ağayevaya məxsusdur.

   Sadə səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi ilə yadda qalan tamaşa ilə yeni teatr mövsümü başladı. Yaşasın teatr!

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 19 sentyabr.- S. 5.