Milli musiqi bayramı bölgələrdə də qeyd edilib

 

   Dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümüÜzeyir Musiqi Günü münasibətilə sentyabrın 18-də Qax şəhərində musiqi axşamı keçirilib.

  

   “İçəribazar” turizm və mədəniyyət mərkəzində musiqisevərlərin iştirakı ilə keçirilən tədbirdə rayon uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.

   Konsertdən əvvəl bəstəkarın həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Qeyd olunub ki, dahi bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri nəzərə alınaraq onun doğum günü ümummilli liderimiz Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

   Məktəb şagirdlərinin Üzeyir Hacıbəylinin və klassik Avropa bəstəkarlarının əsərləri əsasında hazırladıqları konsert proqramı maraqla qarşılanıb.

  

   * * *

 

   Sentyabrın 18-də Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayon Mərkəzi kitabxanası və uşaq incəsənət məktəbi “Gənc Heydərçilər” parkında Üzeyir Musiqi Günü ilə əlaqədar tədbir keçirib. Dövlət himninin səslənməsi ilə başlanan tədbiri Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açaraq bu əlamətdar günün yaranma tarixi haqqında danışıb. Sonra tədbir iştirakçıları “18 sentyabr Milli Musiqi Günüdür” adlı sərgi ilə tanış olublar. Sərgidə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Görkəmli incəsənət xadimlərimiz” və s. bölmələr üzrə 100-ə yaxın nəşr nümayiş etdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuşMuğam ensiklopediyası” xüsusi maraq doğurub. Tədbir uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında milli musiqi nümunələri ilə davam etdirilib.

  

   * * *

 

   18 Sentyabr - Üzeyir Musiqi Günü ilə bağlı Astara şəhərindəki uşaq musiqi məktəbində də bayram mərasimi keçirilib. Tədbirdə bu günün tarixindən, dahi bəstəkarın Azərbaycan və dünya musiqisindəki rolundan söz açılıb.

   Musiqi məktəbinin müəllim və şagirdləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

 

 

  Mədəniyyət.- 2012.- 21 sentyabr.- S. 7.