Sözləri Nizami Gəncəvinindir

 

   Dahi şairin 870 illik yubileyinə həsr edilmiş diskin təqdimatı

  

   Sentyabrın 19-da M.F.Axundzadə adına Milli Kitabxanada Üzeyir Musiqi Gününə həsr edilmiş geniş kitab sərgisi və Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində dahi şairin sözlərinə yazılmış musiqilərdən ibarət diskin təqdimetmə mərasimi keçirildi.

  

   Milli Kitabxananın direktoru Kərim Tahirov böyük mütəfəkkirin 870 illiyinə töhfə olaraq hazırlanan diskin dahi bəstəkar Üzeyir Hacıbəylinin şərəfinə qeyd olunan musiqi bayramı ilə bir vaxta təsadüf etməsinin əlamətdar hadisə olduğunu vurğuladı: “IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi Nizaminin 870 illiyini qeyd etməyimiz əbəs deyil. Bu iki dahi şəxsiyyət Azərbaycan mədəniyyəti tarixində öz imzalarını əbədi atmış insanlardır. Diskdə Nizaminin sözlərinə böyük Üzeyir bəyin, eləcə də görkəmli bəstəkarlarımız Fikrət Əmirov, Cahangir Cahangirov, Ağabacı Rzayeva və başqalarının bəstələri də daxil edilib”.

   Qeyd olundu ki, musiqi diski Milli Kitabxananın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Səs xəzinəsi” layihəsinin bir hissəsi kimi ərsəyə gəlib. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli Milli Kitabxananın layihəsinin həm musiqimizə, həm də ədəbiyyatımıza töhfə olduğunu dedi: “Dahi NizamiÜzeyir. Hər ikisi dünya mədəniyyətində parlaq isimlər. Bu insanların yaratdıqları hər bir sənət nümunəsi incidir. Nizaminin hər beyti bir simvol, Üzeyirin hər bəstəsi əvəzsiz bir dünyadır. Təqdim olunan diskin dəyəri həm də ondadır ki, burada Azərbaycan musiqisinin əbədi zirvəsinin və ədəbiyyat dahisinin yaradıcılıq nümunələri bir arada toplanıb. Buradakı mahnıların ifaçıları da böyük simalardır. Bülbül, Şövkət Məmmədova, Gülağa Məmmədov kimi müğənnilərin ifaları bu diskin qiymətini bir az da artırır. Milli Kitabxananı belə gözəl təşəbbüs münasibətilə təbrik edirəm. Həqiqətən də təqdirəlayiq bir layihədir”.

   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Eldar Mansurov bildirdi ki, bu musiqi albomunun maraqlı cəhəti həm də burada XII və XX əsrin bir araya gəlməsidir: “Layihə həm Üzeyir Musiqi Gününə, həm də Nizaminin yubileyinə gözəl hədiyyədir”.

   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Nizaminin sözlərinə yazılmış mahnıların ilk dəfə görkəmli bəstəkar Fikrət Əmirov tərəfindən toplanaraq 1947-ci ildə nəfis tərtibatla çap olunduğunu nəzərə çatdırdı. Milli Kitabxanaya həmin ənənəni davam etdirərək bu əsərləri disk şəklində bir araya gətirdiyinə görə təşəkkürünü bildirdi.

   Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov Azərbaycan professional musiqi sənətinin banisi haqqında söz açdılar, Nizaminin sözlərinə ilk romansın məhz Üzeyir bəy tərəfindən qələmə alındığını qeyd edərək diskin əhəmiyyətini vurğuladılar.

   Sonda iştirakçılar iki dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 21 sentyabr.- S. 5.