Mingəçevir Dram Teatrında
yeni mövsüm “Min bir gecə” ilə başlandı
Repertuar seçimində tamaşaçı
zövqünə, ziyalı
tənqidinə diqqət
verən Mingəçevir
Dövlət Dram Teatrı
44-cü mövsümünü gənc rejissor İradə Gözəlovanın
ərəb xalq nağılı əsasında
hazırladığı “Min bir gecə” tamaşası ilə açdı.
Teatrın direktoru, Əməkdar
mədəniyyət işçisi
Həsən Həsənovun
sözlərinə görə,
kollektiv “Min bir gecə” tamaşası ilə beynəlxalq festivallarda da iştirak etməyi planlaşdırır.
Yeni mövsümdə Xalq artisti Zülfüqar
Abbasovun “Ön xətdə mühakimə”
adlı tamaşası
isə sənətsevərlərin
vətənpərvərlik, humanizm hislərinə
hakim kəsiləcək. Səhnə əsərində bir çox obrazların ifaçıları teatrın
nəzdində yaradılmış
“İnam” studiyasının
üzvləridir. Kollektiv süjet
xətti zamanın tələbi ilə səsləşən bu tamaşa ilə yaxın bölgələrə
qastrol səfərinə
də çıxmağa
hazırlaşır.
Bu mövsümdə
həmçinin rejissor
Sərvər Əliyevin
quruluşunda Rafiq Rəhimlinin “Gizli məhəbbət” adlı
tamaşası da teatrsevərlərə təqdim
ediləcək. Uşaq ədəbiyyatının
sevilən nümunələrindən
olan A.Şaiqin “Tiq-tiq xanım” nağılı isə rejissor A.Samanlı tərəfindən səhnələşdiriləcək.
Yerli yazarlardan Ə.Əsgərovun
“İnsan tək deyil” adlı pyesi isə plandankənar tamaşa kimi hazırlanacaq.
Mövsümün açılışı münasibətilə düzənlənən
mərasimə Ağdam
Dövlət Dram Teatrından
da qonaqlar gəlmişdi. Teatrın repertuarında
olan tamaşalardan parçalar, Bakıdan dəvət edilmiş müğənnilər və
maraqlı rəqs nömrələri tədbirə
xüsusi rəng qatdı. Gözoxşayan səhnə tərtibatı
ilə seçilən
mərasim tamaşaçıların
alqışı və
bayram atəşfəşanlığı
ilə yekunlaşdı.
Esmira
Hacıyeva
Mədəniyyət.-
2012.- 26 sentyabr.- S. 8.