Puç
ideyalar qurbanı
Kabus
illərin salnaməsi
Və
ya ölüm nərdivanlarında
Ona münasibət heç də həmişə
birmənalı olmayıb. Elə indinin özündə
də bu xanım, onun yaşantıları, ictimai-siyasi fəaliyyəti,
həyatı, ölümü və hətta Bakıda ucaldılmış
abidəsi də mübahisə, mülahizə mövzusudur.
Kiminə görə o, əqidəsi uğrunda
çarpışan qadın, Stalin ideyalarının
qurbanı, kiminə görə millətçilərin
düşməni, başqalarına görə isə
xalqını tərəqqi və inkişafa səsləyən
ziyalıdır.
Hər halda, adi azərbaycanlı
qadını, onun böyük imperiya
qarşısındakı «xidmətləri» və o xidmətlər
müqabilində aldığı ağır cəza, güllələnmə
hökmü ilə «mükafatlandırılması» onun və
onun kimi daha neçə həmvətənimiz barədə
söz yeri, təəssüf qoyur. Bu qurbanlar,
Leninin, Stalinin «xalqlara azadlıq, millətlərə müqəddərat»
nağılına aldananlar arasında ən çox
acıdığım məhz o - şabranlı qızı
Ayna Sultanovadır. Bir anın içində bütün
şan-şöhrətini, cah-cəlalını,
yaxın-uzağını itirən bədbəxt qadın,
uğrunda vuruşduğunu zənn etdiyi idealların
çürük sonunun qurbanı, xalq düşməni kimi
bir ləkə ilə ölüm pilləkəninin son pilləsindəki
qurban.…
O əslində
kim idi?
Bütün həyatını,
xatirələrini, onun haqqında yazılıb-çizilənləri
vərəqlədim. Nəticə,
doğrusu, sarsıdıcı oldu. Mənə
görə, Ayna Sultanova sosializm ideyası naminə yaşayan
qadın olub. Bəlkə də heç
vaxt ummadığı mərtəbələrə yüksələn
və o yüksəkliklərdən xalqı, ideyaları
üçün çarpışdığını zənn
edən, bu yolda fədakarlıqlar göstərən siyasi
lider. Məşhur ictimai-siyasi xadim, Azərbaycanın
ilk qadın naziri, Azərbaycan SSR-in maarif üzrə xalq
komissarı, xalq ədliyyə komissarı və respublika Ali Məhkəməsinin
sədri. Həyatını Azərbaycanda
sovet hakimiyyətinin qurulmasına həsr edən qadın,
leninizm ideyalarının sadiq davamçısı, əsl
idealist. Görkəmli maarifçi, «Şərq
qadını» jurnalının redaktoru.
Ayna Sultanova 1918-ci ildə
Zaqafqaziyada, hətta bütün Şərqdə bolşevik
partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi.
1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilən
ümidverici kadrlardan biri kimi Sverdlov adına
Kommunist Universitetində təhsil alan ilklərdən. Hələ çox gənc ikən RSFSR Xarici
İşlər Komissarlığında vəzifəyə
çəkilən, Leninlə görüşən və
bununla hər zaman qürrələnən partiya təəssübkeşi.
Digər tərəfdən,
repressiya illərində, Azərbaycan SSR xalq ədliyyə
komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri
vəzifəsində çalışdığı dönəmlərdə
başda Mikayıl Müşfiq olmaqla bir çox
ziyalının müdafiəsinə qalxan, onları
ölüm pəncəsindən almağa çalışan
vətənsevər. Qurulmuş rejimin onların
uğrunda çalışdığı ideyalardan uzaq
olduğunu görüb yanıldığını anlayanda isə
artıq çox gec olmasına təəssüflənən və
bütün çabalarına rəğmən
ideallarının qurbanı olan siyasi xadim.
Ayna Sultanova həm də
prinsipial, idealist qadın olub. Bunu istintaq,
ağır işgəncələr zamanı göstərdiyi
dirənişə əsasən demək olar. O istintaq
zamanı ən çox alçaldılan qadın olub. Buna rəğmən Dövlət Təhlükəsizlik
Komitəsi istintaq işləri arasında ittiham izahatına
imza atmayıb.
Və
sadə Azərbaycan qızı
Ayna Mahmud qızı
Sultanova 1895-ci ildə indiki Şabran rayonunun Pirəbədil kəndində
anadan olub. Vaxtilə Bakının Yasamal
rayonu ərazisində abidəsi ucaldılmış Qəzənfər
Mahmud oğlu Musabəyovun bacısı, Həmid Həsən
oğlu Sultanovun həyat yoldaşıdır. 1912-ci ildə Bakıda «Müqəddəs Nina»
gimnaziyasını bitirmiş və həmin məktəbdə
dərs demişdir. Bundan sonrakı həyat
məqamları qınaq və təzadlarla doludur. 1918-ci ildə bolşeviklərlə sıx əməkdaşlıq
etmiş, mart soyqırımı zamanı bolşevik
mövqeyini dəstəkləməyə məcbur (?)
olmuşdur. Həyat yoldaşı H.Sultanovla birgə mart
qırğınından az sonra
S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası ilə
sıx əməkdaşlıq edərək Azərbaycanda
sovet dövləti qurmaq uğrunda
çalışmışdır. Bakı
Kommunasının süqutundan sonra Xalq Cümhuriyyətinə
qarşı mübarizə aparmış, Həştərxana
gedərək Azərbaycanın sovetləşməsi naminə
bolşeviklərə yaxından köməklik göstərmişdi.
Bu dövrdə A.Sultanova Rusiya Kommunist
Partiyasının Həştərxan Quberniya Komitəsi
müsəlman bölməsi rəyasət heyətinin
üzvü və Zaqafqaziya müsəlmanlarının işləri
üzrə komissarlıqda maarif şöbəsinin müdiri
olmuşdu.
1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına Kommunist Universitetində oxumağa
göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər
Komissarlığında Yaxın Şərq şöbəsinin
katibi işləmişdir. 1920-ci ilin 28 aprelində XI
qırmızı ordu Azərbaycana daxil olduqdan sonra A.Sultanova
Bakıya qayıtmış və Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi aparatında
qadınlar şöbəsinin təlimatçısı, fəhlə
və kəndli qadınlar şöbəsi müdirinin
müavini, sonra müdiri vəzifələrində
çalışmışdır. 1930-1937-ci illərdə
Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif
komissarı və bir qədər sonra ədliyyə
komissarı və digər vəzifələrdə
çalışmışdır. 1938-ci
ildə isə qardaşı və həyat yoldaşı ilə
birlikdə onu da rejimin repressiya dalğası aparmış, hər
üçü xalq düşməni kimi güllələnmişdir.
Əqidəli kommunistlər niyə “xalq düşməni”
oldular?
Cinayət işi və
ittiham aktlarına baxdıqda adamı təəccüb
bürüyür. Sonra bir şeyə qəti
əmin olursan. Təpədən
dırnağa kommunist, əqidəli leninçi, idealist
üçlüyün, xüsusən də lider qismindəki
Ayna Sultanovanın ölüm səbəbi sadəcə
hakimiyyət uğrunda savaş, kürsü mücadiləsi
idi. Yəni onun gələcəyi elə
onu yetişdirən rejimin rəhbərlərini narahat edirdi.
Digər tərəfdən,
A.Sultanova 30-cu illərdə, yəni repressiyaların
tüğyan etdiyi vaxtda ədliyyə komissarı işləyirdi.
Məlum qaralama siyahıları, ölüm
karvanının yolçuları və qarşıdakı
qırğınların qurbanları artıq çoxdan
seçilmişdi və o, bütün bunları bilirdi. Bu prizmadan yanaşdıqda A.Sultanovanın bu repressiya
maşınına qarşı olduğunu düşünmək
olar. Deməli, o bir maneə idi və
mütləq aradan götürülməliydi. Ya da sadəcə hakimiyyətdaxili yeni qruplaşmada
ona ehtiyac yox idi. Ona görə də Stalin
köhnə tör-töküntüləri M.Bağırovun əli
ilə aradan götürürdü. Təbii
ki, bu da bir mülahizə, 30-cu illərin sirli və hələ
də tam araşdırılmamış tarixi barədə
ehtimallardan biridir. Amma, hər halda, o da
qurban idi. Yüzlərlə şair və
yazıçımız, maarif və elm fədaimiz, sadə kəndli
və digər həmvətənimiz kimi qurban.
O illərin
acı xatirələri
Zülmət dolu illərdən
sonra Ayna Sultanova da bəraət qazandı. Onun da haqqında kitablar, məqalələr
yazıldı, xatirələr ortaya çıxdı. O
xatirələrdəki bəzi sətirlər bir insanın, bir
qadının əzablarını, yaşadığı dəhşətləri
çılpaqlığı ilə göstərir. Belə
olduqda onun hansı qütbdə, hansı məqsəd və məramda
olmasına görə cəzalandırılması yox, insan
olaraq məruz qaldığı məşəqqətlər
daha çox düşündürücü olur.…
«Qaranlıq bir gecə
idi. Zindanın balaca pəncərəsindən
Aynanın üzünə ayın işığı
düşürdü. Kim bilir onu nələr
düşündürürdü: qonşu kameralardakı
qardaşı Qəzənfər, ya həyat yoldaşı Həmid,
bəlkə anasının və atasının yolunu gözləyən
uşaqları? Bəlkə də niyə ona
işgəncələr verildiyi? Buludlar
ayı örtmüşdü, indi kamerada ancaq
siçovulların bir küncdən o biri küncə, civilti
ilə qaçışmaları eşidilirdi. Ayna hələ də elə hey
düşünürdü. Kameranın
soyuq divarlarına söykənmiş, əlləri ilə dizlərini
qucaqlamış, otururdu, kamera balaca olduğundan nə ayaq
üstə dayana bilir, nə ayaqlarını uzada bilirdi.
Gecə səhərə doğru gedirdi, axır
ki, işgəncə və yuxusuzluqdan halsız olan Ayna dərin
yuxuya gedir. Çox keçmir,
üstündə isti bir şırnaq hiss eləyib
ayılır, kəskin ağrı onu bürüyür, o əlini
sinəsinə atır. Al qanı geyiminin
üzərinə tökülürdü.
Halsızlıqdan əvvəlcədən hiss etmədiyi bu
ağrı onun kamera yoldaşları olan siçovulların
töhfəsi idi. Onlar da Aynaya işgəncə
verənlər kimi, qana susamışdılar. Əlbisəsindən bir parça yırtıb
yarasının üstünə qoydu, sonra isə yenə
halsızlıqdan yuxuya getdi».
İstintaqdan daha bir detal, daha bir
ağrılı xatirə: «Onu bir otağa gətirmişdilər,
hələ də nə olduğunu bilmirdi. “Axı
neçə gün zindanda saxladıqlarından sonra məni
bura niyə gətiriblər?” - deyə
Qəzənfər elə hey düşünürdü. Otağı təkcə balaca bir lampa işıqlandırırdı.
Qəzənfər bilirdi ki, otaqda insan
çoxdur, amma onların üzünü görmürdü.
Birdən küncdən bir səs “Otur!” dedi. Qəzənfəri
stula oturtdular. Sonra qonşu otaqdan
bağırtı səsi gəldi. Qəzənfəri
vahimə basdı, dəhşət bürüdü. Bu,
Ayna idi! “Dayanın, siz neyniyirsiz! Nə istəyirsiz? Nə?
Deyin edim! Amma dayanın!” - deyə
Qəzənfər stuldan atıldı. “Bizə
nə lazımdır? Sən yaxşı bilirsən bizə
nə lazımdır! Oturdun onu
aşağı”. Qəzənfəri zorla
oturtdular. “Bu vərəqi görürsən, bax buraya qol
çək”, - deyib, ona bir parça yazılı vərəq
uzatdılar. Qəzənfər o dəqiqə
kağızı qabağına çəkdi və dərhal
deyilən yerə imza atdı. Bu zaman
qonşu kamerada isə Ayna Sultanovanın dırnaqları
altına cərəyan verilərək işgəncə
edilirdi. Qəzənfər Musabəyov və
Həmid Sultanov yazılı kağızı imzaladıqdan
sonra bağırtılar kəsildi. Ayna Sultanovanı
yenidən kamerasına apardılar...»
P.S. Onu xatırladan əsas
detallardan biri də Bakının Atatürk prospektinin
qurtaracağında məkan tutan və mütəmadi
«götürülsün-götürülməsin»
polemikalarına səbəb qranitdən hazırlanmış
heykəlidir.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 28 sentyabr.- S. 13.