Dahi sənətkar Bülbülün xatirəsi yad edildi

 

   Sentyabrın 26-da Fəxri Xiyabanda dahi sənətkar, görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) vəfatının 51-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

   Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, sənətkarın ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

   Anıma toplaşanlar ölməz müğənninin xatirəsini ehtiramla yad edərək məzarı üzərinə əklil və gül dəstələri qoydular. Dahi sənətkarın ruhuna dualar oxundu. Azərbaycan Dövlət Xor Kapellasının ifasında “Şəbi - hicran” əsəri ifa olundu.

   Sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə mərasimə toplaşanlara təşəkkür etdi. Prezident İlham Əliyevin Bülbül prospektində dahi sənətkarın abidəsinin qoyulması ilə bağlı tapşırıq verdiyini qeyd edərək, dövlət başçısının bu diqqət və qayğısına görə minnətdarlığını bildirdi.

   Anım mərasimi Bülbül Fondunda davam etdi.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 6.