Su başında durmuşuq, çinarla mən”

 

   Sənədli film məcburi köçkünlərin həyat hekayəsindən incə məqamları əks etdirir

  

   Sentyabrın 26-da “NizamiKino Mərkəzində “Su başında durmuşuq, çinarla mən” sənədli filminin təqdimatı keçirildi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və İranın “Obafilmprodüser mərkəzinin birgə istehsalı olan ekran əsəri Qarabağ məcburi köçkünlərinin həyatını əks etdirir.

 

   Nümayişdən öncə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov müştərək filmlərin istehsalının sevindirici hal olduğunu qeyd etdi. Qarabağ haqqında digər ölkə sənətkarlarının film çəkməsinin önəmini vurğuladı.

   Xalq artisti, kinorejissor Oktay Mir-Qasım iranlı rejissorun Azərbaycanda baş verən hadisələrə biganə qalmayaraq lentə aldığı filmin tamaşaçıya emosional təsirini xüsusilə qeyd etdi. Ekran əsərində mövzuya özünəməxsus yanaşma olduğunu bildirdi.

   Filmin ssenari müəllifi və rejissoru Babək Şirinsifət 52 dəqiqəlik yeni ekran əsərinin on il bundan əvvəl çəkdiyi “Sıfır saatının qatarı” sənədli filminin davamı olduğunu bildirdi. O, göstərilən kömək və dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirdi.

   Su başında durmuşuq, çinarla mən” sənədli filminin əvvəlində 2002-ci ildə Sabirabad, Biləsuvar, Ağcabədi, İmişli bölgələrində çadır şəhərciklərində yaşayan köçkünlərdən söz açılır. “Vətən sevgisi nədir, Vətən nədir” suallarına cavab axtarılır.

   Sonra rejissor bizim günləri təsvir edərək yenidən o yerlərə gedir. Məlum olur ki, çadır şəhərcikləri artıq yoxdur, məcburi köçkünlər yeni şəhərciklərə köçürülüb, bəziləri isə bu illər ərzində dünyasını dəyişib. Rejissor 10 il sonra həmin insanların həyatında nəyin dəyişdiyini araşdırmağa başlayır. Azyaşlı uşaqların Qarabağ haqqında təsəvvürləri, yaşlıların vətən həsrəti olduqca səmimi çalarlarla tamaşaçıya çatdırılır.

   Filmdə bir vaxtlar çadır şəhərciyində əkilən, 2002-ci ildə qol-budaqlı bir ağaca çevrilən çinar haqqında hekayət də çox təsirlidir. 2012-ci ildə isə çadır şəhərcikləri kimi bu ağac da artıq orada yoxdur. Filmin sonunda məlum olur ki, bu ağacı əkən də, kəsən də eyni şəxsdir. “Ağacı mən əkmişdim, oradan köçəndə gördüm ki, çinarı kəsəcəklər düşündüm ki, bunu özüm etsəm yaxşıdır”, - deyən qoca kinohekayəyə yekun vurur. İri planlardan istifadə, maraqlı musiqi tərtibatı, insanların səmimi təsviri filmin emosional təsirini daha da artırır.

   Filmin adı türk şairi Nazim Hikmətin eyniadlı şeirindən götürülüb. Rejissor Babək Şirinsifət Qarabağ mövzusunda bundan öncə iki film çəkib: “Sıfır saatının qatarı” sənədli və Cəbrayılın işğalına həsr olunmuşRami” tammetrajlı bədii filmi.

   Rejissorun sözlərinə görə, digər filmlər kimi bu filminxarici ölkələrdə yayımlanması istiqamətində danışıqlar aparılır.

   Filmin operatoru Aydın Şirinsifət, montajçılar Mehdi Pərizad, Babək Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifət, icraçı prodüseri Tərlan Babayev, prodüserləri Müşfiq Hətəmov və Babək Şirinsifətdir.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 28 sentyabr.- S. 6.