Dahi
şairin adına layiq yubiley
Nizami
Gəncəvi - 870
Sentyabrın 29-da Gəncə şəhərində dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
anadan olmasının 870 illik yubileyinə həsr olunmuş tədbirlərə
start veriləcək. Tədbirlər planına əsasən,
sentyabrın 30-da Gəncədə dünyanın 20-dən
çox ölkəsindən qonaqların,
nizamişünasların iştirakı ilə beynəlxalq
konfrans keçiriləcək. Oktyabrın 1-də Bakıda,
Heydər Əliyev Sarayında Nizaminin yubileyi təntənəli
şəkildə qeyd olunacaq.
Müsahibimiz Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlidir.
- Vaqif müəllim, hazırda beynəlxalq
bir tədbir - dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsindəyik.
2012-ci il ümumilikdə ölkəmizin tarixində bir
çox mədəniyyət hadisəsi ilə yadda qalacaq. Eyni
zamanda il ərzində dövlət səviyyəsində bir
çox ədiblərimizin yubileyləri qeyd olunub və bu tədbirlər
davam etməkdədir. İstərdim, əvvəlcə
keçirilən tədbirlərin ümumi mənzərəsinə
qısa bir nəzər salaq.
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2010-2012-ci illərdə Azərbaycan
ədəbiyyatının qüdrətli nümayəndələrinin
yubileylərinin keçirilməsi haqqında
imzaladığı sərəncamlar dövlətimizin milli
irsə verdiyi dəyərin parlaq ifadəsi olmaqla
yanaşı, həm də xalqımızın möhtəşəm
ədəbi sərvətlərinin nə qədər zəngin
olduğunu bir daha bütün dünyaya nümayiş etdirmək
məqsədi daşıyır. Ölkə
başçısının sərəncamlarının
icrası məqsədilə bu il Mirzə Ələkbər
Sabirin 150, Əhməd Cavadın 120, Məmməd Səid
Ordubadinin 140, Xurşidbanu Natəvanın 180, Nizami Gəncəvinin
870, Hüseyn Cavidin 140, Mirzə Fətəli Axundzadənin
200, Həsən bəy Zərdabinin 170, Xəlil Rza
Ulutürkün 80, Mirvarid Dilbazinin 100 illik yubileyləri ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil,
Xarici İşlər nazirliklərinin, Azərbaycan Milli Elmlər
Akademiyasının, Yazıçılar Birliyinin birgə təkliflərinə
əsasən ümumi tədbirlər planı təsdiq
edilmişdir. Yubiley tədbirləri beynəlxalq xarakter
daşıdığından ölkənin ən nüfuzlu
teatr, konsert salonlarında, vahid qrafik əsasında Bakıda,
bölgələrdə, həmçinin xarici ölkələrdə
təşkil olunmuşdur.
Yubileylərlə bağlı sərgilər,
elmi konfrans və simpoziumlar, müsabiqələr
keçirilmiş, ədəbi-bədii kompozisiyalar, teatr
tamaşaları, ədəbi görüşlər təşkil
olunmuş, kütləvi informasiya vasitələrində bu sənətkarlar
haqqında çoxsaylı məqalələr dərc
edilmiş, radio və televiziya verilişləri
hazırlanmışdır. Məsələn, xarakterik bir
faktı xatırladım: yubiley çərçivəsində
yalnız Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Mirzə Ələkbər Sabirin
yaradıcılığına aid 6 kitab (“Hophopnamə”nin yeni
tərtibatı da daxil olmaqla) nəşr olunub, Nizami Gəncəvinin,
Məmməd Səid Ordubadinin, Xurşidbanu Natəvanın, Əhməd
Cavadın, Hüseyn Cavidin, Mirzə Fətəli Axundzadənin
yaradıcılığını əhatə edən kitablar
işıq üzü görüb.
- Şərqi Qərbə və
bütövlükdə bütün dünyaya tanıdan Nizami
ümumbəşəri şairdir və dünya ədəbiyyatında
onun yeri əvəzsizdir. Bu mənada Nizami Gəncəvinin
yubileyinin möhtəşəm keçiriləcəyini bəri
başdan demək olar...
- Şübhəsiz ki, Azərbaycanın
dahi şairi bizim eranın ən parlaq istedad sahiblərindən
biridir. Nizami Gəncəvi qüdrətli qələmi ilə
XII əsrdən başlanan Azərbaycan intibahının
qızıl səhifələrini yazmışdır.
Dünya ədəbiyyatına “Xəmsə” adlı söz xəzinəsi
bəxş etmiş, eyni zamanda 800 il ərzində Azərbaycan
insanının özünüdərkində və
dünyagörüşünün formalaşmasında
böyük rol oynamışdır. Nizaminin yubileyinin qeyd
olunması məsələsi müxtəlif vaxtlarda gündəmə
gəlmişdir. Ulu öndər Heydər Əliyev haqlı
olaraq demişdir ki, Nizami Gəncəvi elə dahi şairdir
ki, onun yubileyi hər il qeyd olunmalıdır.
Tarixi şərait bəzən bu sənət
bayramlarının xalq tərəfindən yad edilməsinə
mane olmuşdur. İlk dəfə Nizami Gəncəvinin
yubileyinin dövlət səviyyəsində keçirilməsi
təşəbbüsü dahi şairin 800 illik yubileyinə təsadüf
edir. Bu barədə qərar 1939-cu ildə qəbul edilsə də,
İkinci Dünya müharibəsi buna imkan verməmişdir.
1970-ci illərdə ümumən
respublikamızda klassik mədəni irsimizin öyrənilməsi
baxımından tamamilə yeni mərhələ
başlayır. Həmin mərhələ xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz onun təşəbbüsü ilə
qəbul edilən “Azərbaycanın böyük şairi və
mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu
il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr
irəli sürərək, Nizami irsinin və ümumən orta
əsrlər Azərbaycan mədəniyyətinin sistemli
araşdırılması üçün geniş perspektivlər
açıb. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin
anadan olmasının 840 illiyi haqqında qərar isə
nizamişünaslıqda əsaslı dönüş
yaradıb.
Ulu öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
1981-ci ildə şairin 840 illiyi geniş qeyd olunmuş,
Bakıda, Moskvada, keçmiş SSRİ-yə daxil olan digər
respublikalarda Nizami Gəncəvi təntənəsi
nümayiş etdirilmişdir. Ümummilli liderin hakimiyyətdə
olduğu illərdə böyük mütəfəkkirin
adını əbədiləşdirən heykəllər
ucaldılmış, onun adına yüzlərlə məktəb,
şəhər, qəsəbə, kənd, prospekt,
küçə, mədəniyyət sarayı, kinoteatr
verilmiş, haqqında bədii və sənədli filmlər,
musiqi əsərləri, romanlar yaradılmışdır.
1991-ci ildə Nizami Gəncəvinin 850 illiyi ilə əlaqədar
yubiley tədbirləri keçirilməli idi. Lakin ölkədəki
dərin siyasi, iqtisadi və sosial böhran buna imkan vermədi.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi
və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi haqqında” 23-dekabr 2011-ci il tarixli
sərəncamı böyük söz ustadının öz
aktuallığını bu gün də qoruyub saxlayan irsinə
verilən ən yüksək qiymətdir. Bu vacib sənədin
icrası məqsədilə, deyildiyi kimi, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən aidiyyəti
qurumların təklifləri toplanaraq tədbirlər planı
hazırlanmış və 16 mart 2012-ci il tarixli əmrlə təsdiq
olunaraq icraya götürülmüşdür.
- Nizami Gəncəvi
yaradıcılığı, şəxsiyyəti hər zaman
ədəbiyyatşünasların diqqətini çəkib,
onun haqqında çoxsaylı tədqiqat əsərləri
yazılıb. Şairin əsərləri dünyanın ən
zəngin kitabxanalarını bəzəyir və bu gün
Nizami irsini dünyaya tanıtmaq üçün daha
böyük imkanlarımız var. Yubileylə bağlı
hansı nəşrlər işıq üzü görüb.
Eyni zamanda Nizami yaradıcılığı ayrı-ayrı
sahələrdə necə əks olunub?
- Əvvələn qeyd edim ki,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə “Xəmsə”
nəfis tərtibatla işıq üzü
görmüşdür. Bu, Nizaminin yubileyinə, həqiqətən
də, böyük hədiyyədir. Azərbaycan, rus və digər
xarici ölkə alimlərinin (nizamişünaslar Həmid
Araslı, Nüşabə Araslı, Azadə Rüstəmova,
Rüstəm Əliyev, Cabbar Məmmədov, Yevgeni Bertels,
Nikolay Marr, İqnati Kraçkovski, Aqafangel Krımski, Vahid Dəstgirdi,
Səid Nəfisi və başqaları) Nizami Gəncəviyə
həsr olunmuş əsərlərinin Azərbaycan dilinə və
xarici dillərə tərcümə edilərək nəşr
olunması və onların elektron variantlarının internetdə
yerləşdirilməsi sahəsində uzunmüddətli
proqramın tərtib olunması ilə bağlı təkliflər
hazırlanmışdır. Nizami Gəncəvi haqqında sənədli
film üzərində işlər
yekunlaşmışdır, ekran əsəri təntənəli
yubiley mərasimi çərçivəsində
tamaşaçılara təqdim olunacaqdır. Filmin ingilis və
rus dillərinə tərcüməsi də nəzərdə
tutulmuşdur. Nizaminin sözlərinə yazılmış
mahnılardan ibarət disk hazırlanıb və sentyabrın
19-da Milli Kitabxanada təqdimat mərasimi keçirilib. İl ərzində
mütəmadi olaraq ölkənin mətbuat orqanlarında (“Azərbaycan”,
“Ədəbiyyat qəzeti”, “Mədəniyyət”, “525-ci qəzet”
və s.) Nizami Gəncəvi irsi ilə bağlı məqalələr
dərc edilmişdir.
- Nizaminin 870 illik yubileyi yəqin
ki, bir çox ölkələrdə də qeyd olunacaq?
- Azərbaycanın xarici ölkələrdə
fəaliyyət göstərən diplomatik nümayəndəliklərində
Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbirlərin
keçirilməsi ilə bağlı mütəmadi olaraq məlumatlar
daxil olur və diplomatik korpusun səyləri nəticəsində,
demək olar ki, dünyanın hər yerində böyük
şairin unudulmaz xatirəsi yad edilir.
Bu yerdə bir məqamı da
xüsusi qeyd edim ki, 2012-ci ilin aprelində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə İtaliyanın
paytaxtı Romanın “Villa Borqhese” parkında Nizaminin heykəlinin
ucaldılması dahi şairə olan ümumbəşəri
ehtiramın bariz nümunəsidir.
Hindistanın Azərbaycandakı səfirliyinin
təklifini nəzərə almaqla Dehli şəhərində
Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans,
dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi
ilə bağlı təşkilati işlər
görülür. Bu tədbirlərin 2012-ci ilin noyabr
ayında keçirilməsi nəzərdə tutulur.
Moskvada Nizami Gəncəvinin heykəli
önündə və azərbaycanlıların ictimai təşkilatı
olan “Şəhriyar” ədəbi məclisi ilə birlikdə
“Bakı” kinoteatrında “Nizami poeziya günləri”
keçirilib. Hər iki tədbirdə şairin əsərlərindən
parçalar, onun sözlərinə yazılmış
mahnılar və muğamlar səsləndirilib. Rusiyanın
Sankt-Peterburq şəhərində “Nizami obrazları təsviri
sənətdə” adlı sərginin və Rusiya Dövlət
Ermitajında Azərbaycanla bağlı eksponatlardan ibarət sərginin
təşkili ilə bağlı tərəflər
arasında danışıqlar aparılır.
Avstriyanın Milli Kitabxanasında
saxlanılan “Xəmsə” əlyazmasının UNESCO-nun
“Dünya Yaddaşı” proqramı üzrə müvafiq
siyahıya daxil edilməsi və Azərbaycan, alman və
ingilis dillərində nəşri, Avstriya Milli
Kitabxanasında Nizami Gəncəviyə həsr olunan sərginin
təşkili istiqamətdə işlər davam etdirilir.
“Nizami yaradıcılıq məktəbinin”
formalaşmasının 850 illik yubileyi UNESCO-nun yubileylər
proqramına təqdim edilib.
Respublika kitabxanalarında mütəmadi
olaraq Nizami Gəncəvinin yaradıcılığına həsr
olunmuş dəyirmi masa və kitab sərgiləri təşkil
edilir. Onun haqqında elektron ensiklopediyalarda olan bütün məqalələrin
yoxlanılması, məlumatların dəqiqləşdirilməsi
və şairin 870 illik yubileyinin bu məqalələrdə
qeyd edilməsi ilə bağlı işlər
aparılmışdır və bütün zəruri
materiallar bir sıra xarici dillərdə internetdə yerləşdiriləcəkdir.
- Böyük şairin Gəncədə
və Bakıda keçiriləcək təntənəli
yubileyinə hazırlıq nə yerdədir?
- Gəncədə Nizami Gəncəvi
irsinin əbədiləşdirilməsi ilə əlaqədar
xeyli işlər görülüb. Şairin məqbərəsi
əsaslı şəkildə təmir edilib, Nizami Gəncəvi
Muzeyinin tikintisinə başlanılıb. Təhsil Nazirliyi, Gəncə
Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Yazıçılar Birliyi tərəfindən
çoxsaylı tədbirlər təşkil olunub. Milli
Kitabxana tərəfindən “Nizami Gəncəvi”
saytının Azərbaycan, ingilis, fransız və rus dillərində
hazırlanması üzərində işlər başa
çatdırılmaq üzrədir.
Mədəniyyət və Turizm
Nazirliyinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş təntənəli
yubiley tədbirinin keçirilməsi haqqında” 12.09.2012
tarixli əmrinə əsasən Gəncədə və
Bakıda reallaşacaq tədbirlərə hazırlıq
işləri yekunlaşmaq üzrədir. Yubiley proqramına
uyğun olaraq, sentyabrın 29-da Gəncədə silsilə tədbirlər
keçiriləcək. İlk öncə Azərbaycan mədəniyyətinin
yüksəlişi, mədəni-mənəvi irsin
qorunması, sonrakı nəsillərə töhfə verilməsi
sahəsində misilsiz xidmətlər göstərən
ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət ediləcək,
dahi söz ustadının məqbərəsi önündə
yubiley mərasiminin açılışından sonra
şairin yaradıcılığının motivləri əsasında
ədəbi-bədii kompozisiya, musiqi və poeziya nümunələri
təqdim olunacaq. Sentyabrın 30-da Gəncə şəhərində
dünyanın 20-dən çox ölkəsindən
qonaqların, nizamişünasların iştirakı ilə
beynəlxalq elmi konfrans keçiriləcək. Oktyabrın 1-də
isə Bakıda, Heydər Əliyev Sarayında təntənəli
yubiley tədbiri olacaq. Tədbirdə Nizami əsərlərinin
əsasında bədii nümunələr təqdim ediləcək.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 28 sentyabr.- S. 5.