“Həyatımı
kinosuz təsəvvür etmirəm”
Hər
hansı ekran əsəri haqqında danışanda ilk
növbədə rejissor və aktyorları
xatırlayırıq. Amma filmlərin ərsəyə gəlməsində
kadr arxasında qalan yaradıcı heyətin də zəhməti
böyükdür. Həmsöhbətimiz belə insanlardan biri,
50 ildən artıq Azərbaycan kinosuna xidmət edən sənətkar,
Əməkdar mədəniyyət işçisi Pərviz
Quliyevdir.
Pərviz Əsəd oğlu Quliyev
1942-ci il yanvarın 19-da Bakıda anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra saxsı qablar zavodunda əmək fəaliyyətinə
başlamış, orda rəssam kimi
çalışmışdır. Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbində təhsil
almışdır. Sonradan foto sənətinə, ekran əsərlərinə
sevgisi onu kino sahəsinə gətirib. 1961-ci ildən bu sahədə
fotoqraf olaraq çalışır. Bu illərdə o, Azərbaycan
kinosunda özünə unudulmaz ad qazanıb.
Televiziyada, mətbuatda onun müxtəlif filmlərdən çəkdiyi fraqmentlərə tez-tez rast gəlirik. Peşəkar fotoqraf 1977-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı, 1980-ci ildə “Kinematoqrafiya əlaçısı” nişanı, 1989-cu ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 2008-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Yanvarın 19-da 70 yaşını qeyd edəcək sənətkarla söhbəti təqdim edirik.
- Pərviz müəllim, 70 illik yubileyinizi və əmək fəaliyyətinizin 50 illiyini qeyd edərkən dönüb geriyə baxanda nələri xatırlayırsınız? Rəssamlıq sahəsində təhsil alsanız da, sonradan fotoqraf sənətini, kinonu seçdiniz. Niyə məhz kino?
- Fotoqrafiyaya uşaqlıqdan marağım vardı. Atam mənə “Smena” fotoaparatı almışdı. Onunla şəkillər çəkməyə başladım. Evimizin zirzəmisində balaca bir otağı özüm üçün laboratoriya düzəltmişdim. Sonra tədricən bu sahədə püxtələşdim. Kinoya da uşaqlıqdan böyük həvəsim olub. Məktəbdən qaçıb kinoteatrlara gedərdim. Və yaxud da filmlərin çəkilişlərini izləyərdim. Yadımdadır, 1957-ci ildə görkəmli kinorejissor Əjdər İbrahimov “Bir məhəlləli iki nəfər” filmini çəkirdi. Hər gün dərsdən qaçıb çəkiliş meydançasına gedər, filmin çəkilməsini çox maraqla izləyərdim. Çox vaxt evdə buna görə məni danlayardılar. Amma faydası yox idi. Çünki artıq kinoya vurulmuşdum.
- Bəs “Azərbaycanfilm” kinostudiyasına necə gəldiniz?
- Görkəmli kinodramaturq Cəfər Cabbarlının oğlu Aydın Cabbarlı anamın işlədiyi xəstəxanada həkim işləyirdi. Anam kinonu hədsiz sevdiyimi ona söyləmişdi. O da bir gün məni kinostudiyaya gətirdi. On yeddi yaşım var idi. Kinostudiyanın direktoru Məhərrəm Aşumov idi. Məhərrəm müəllim foto sexinin rəisini çağırdı. Mənim laborant kimi onun yanında işləyəcəyimi dedi. Beləcə, 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında foto-laborant kimi fəaliyyətə başladım. Altıncı dərəcəli fotoqrafdan birinci dərəcəli rəssam-fotoqrafadək, laborantlıqdan foto sexinin rəisi vəzifəsinə qədər yüksəldim. Buna görə görkəmli sənətkar Adil İsgəndərova borcluyam. Təzə kinostudiyaya köçəndə direktor Adil İsgəndərov dedi ki, bizim milli kadrlarımız olmalıdır. Mənə foto sexinin rəisi vəzifəsində işləməyi təklif etdi. Düzü, əvvəl tərəddüd etdim. Lakin sonradan razılıq verdim. 1969-cu ildən indiyəcən burada çalışıram. Ömrümün əlli ildən çoxunu Azərbaycan kinosuna həsr etmişəm. Düşünürəm ki, sənətimi düzgün seçmişəm. Çünki həyatımı bir gün də olsun kinosuz təsəvvür etmirəm.
- Debüt işiniz hansı filmdə olub?
- Kinorejissor
Eldar Quliyevin çəkdiyi “Biri vardı, biri yoxdu” filmində. Bu film həm mənim, həm Xalq artisti
Sədayə Mustafayevanın
və Eldar müəllimin bədii kinoda debüt idi.
- İndiyə
qədər neçə
filmin kadrlarını
çəkmisiniz?
- 50-yə yaxın
filmdə işləmişəm.
Kinorejissorlardan T.Tağızadə,
H.Seyidzadə, H.Seyidbəyli,
Ə.Atakişiyev kimi
korifey sənətkarlarla
birlikdə çalışdığıma
görə özümü
xoşbəxt hesab edirəm. “Arşın mal
alan” (1965), “Mən ki gözəl deyildim”, “Şərikli çörək”, “Gün
keçdi”, “Yaşamaq
gözəldir, qardaşım”
və başqa filmlərin çəkilişində
olan kadrarxası iş prosesini, aktyorların müxtəlif
rakurslu şəkillərini,
filmlərin kadrlarını
çəkmişəm.
- Bu sual yəqin oxucular üçün də maraqlıdır, kinoda fotoqrafın rolu nədən ibarətdir? Ümumiyyətlə, filmlərdə
fotoqraf olmalıdır
ya yox?
- Kino çəkilişləri
fotoda başlanır. Çəkilişlərə dəvət
alan aktyorları pavilyonda foto sınaq üçün çəkirik. Aktyoru elə çəkməliyik
ki, onun xarakterik siması rolu ilə uyğun
gəlsin. Ondan sonra fotolara baxış, filmə aktyor seçimi başlanır. Eyni zamanda çəkilən şəkillər müxtəlif
qəzet və jurnallarda, televiziya verilişlərində mütəmadi
olaraq istifadə olunur.
- Fotoqraf həm də bir növ filmin
reklam işləri ilə məşğul olur, elə deyilmi?
- Filmin çəkilişləri zamanı
operator nə çəkir,
fotoqraf da o kadrları çəkir. Sonra şəkilləri afişalarda, reklamlarda, mətbuatda dərc edirik. Bundan əlavə, filmlərin sənədləri (sinopsis,
montaj vərəqi, rejissor ssenarisi, lentlərin pozitivi, neqativi və s.) içərisində şəkillərin
də neqativi olmalıdır. Əvvəllər
kinostudiyada il ərzində 7-8 bədii
film çəkilirdi. Çəkib
qurtarandan sonra filmləri Moskvaya, SSRİ
Dövlət Kino Komitəsinə
təhvil verirdik. Bu zaman filmlərdən çəkilən şəkillər
də digər materiallarla birlikdə təhvil verilirdi. Bu günəcən “Azərbaycanfilm”də
nə qədər
film çəkilib, hamısının
neqativi sexdə qorunur.
- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində
təhsiliniz yarımçıq
qalıb. Nə üçün?
- Düzdür,
məktəbi bitirə
bilmədim. Səbəb
isə kinoya hədsiz marağım, bu sahədə çalışmağım oldu.
Çünki başım
filmlərin çəkilişlərinə
elə qarışmışdı
ki, təhsilə vaxtım yox idi. Daim ekspedisiyalarda,
ezamiyyətlərdə olurdum.
- Foto çəkilişlərində müxtəlif psixologiyalı
insanlarla işləyirsiniz.
Uşaqlarla işləmək
necədir?
- Uşaqlarla işləməyi sevirəm.
Onlarla işləmək
mənim üçün
o qədər də çətin olmayıb. Ona görə ki, bir il
uşaq fotoatelyesində
fotoqraf işləmişəm.
Uşaqlarla dil tapmağı bacarıram.
“Şərikli çörək”,
“Asif, Vasif, Ağasif” və s. uşaq filmlərinin fotolarını çəkmişəm.
- Bu filmlərin
qəhrəmanları neçə
uşaq içindən
seçilib?
- “Asif, Vasif, Ağasif” filminin sınaq çəkilişlərinə 500-dən artıq, “Şərikli çörək” filminə
isə 1000-dən çox
uşaq gəlmişdi.
Bildiyimiz kimi, birinci filmdə üç uşaq seçilib filmə çəkildi. “Şərikli
çörək” filmində
də kinorejissor Şamil Mahmudbəyovun uşaqlar arasında apardığı düzgün
seçimə, onların
maraqlı ifasına görə film 1970-ci ildə
Azərbaycanın Dövlət
Mükafatına layiq görüldü.
- Fotosınaqsız
filmlərə çəkilmək
olar?
- Olar, niyə olmur. Bizim tanınmış aktyorlarımıza fotosınaq
lazım deyil. Onlar sınaqsız da çəkilə bilərlər.
- Fotoqrafların
və rəssamların
yaradıcılıq potensialını
sərgiləri təsdiqləyir.
Sizin necə, sərginiz keçirilibmi?
- Bir dəfə sərgim “Araz” kinoteatrında keçirilmişdi. 2011-ci il
dekabrın 2-də isə
Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Dövlət
Film Fondunun təşkilatçılığı
ilə “Azərbaycan kino salnaməsi” adlı fotosərgim keçirildi. Sərgidə
şəxsi kolleksiyamdan
fotolar nümayiş olundu. Bu 50 ildə Azərbaycanın görkəmli
kinorejissorları ilə
işləmişəm. Foto
sexində fotoarxiv yaratmışam. Sərgilənən
şəkillər orijinallığına
görə diqqət çəkirdi. Çünki
kadrarxası məqamlar,
kinorejissorların iş
prosesi zamanı olan şəkillər sərgi iştirakçılarında
xüsusi maraq doğurmuşdu. Bu sərgiyə
görə təşkilatçılara
dərin təşəkkürümü
bildirirəm.
- Fotoqraf kimi kinoda tanınmış
bir simasınız. Kinodan başqa, hansı mövzuda fotoşəkilləriniz var?
- Müxtəlif
peyzaj, natürmort şəkillər çəkmişəm.
Keçmiş SSRİ məkanında
keçirilən “Azərbaycanın
mədəniyyəti günləri”ndə
dəfələrlə respublikamızı
tərənnüm edən
fotostendlərin tərtibatçısı
olmuşam. “Azərbaycanfilm”in,
Dövlət Film Fondunun,
Naxçıvan Muxtar
Respublikası Film Fondunun
foyesini tərtib etmişəm. Dövlət
Film Fondunda keçirilən
bütün yubiley tədbirlərində fotostendlərin
hazırlanmasında mənim
çəkdiyim şəkillərdən
istifadə edilir. Kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, “Kino Ensiklopediya”sında
mənim çəkdiyim
şəkillərdən geniş
istifadə olunub. Hazırda da filmlərlə bağlı
şəkillər üçün
müraciət edənlərə
bacardığım qədər
kömək edirəm.
- Pərviz müəllim, bu qədər sevdiyiniz sənətinizi ailədə
kimsə davam etdirirmi?
- İki oğlum, dörd nəvəm var. Bizim ailə mədəniyyət,
incəsənət sahəsində
çalışır. Oğlanlarımın
biri musiqiçi, digəri isə rəssamdır. Həyat yoldaşım Firəngiz xanım uzun illərdir ki, mədəniyyət sahəsində
fəaliyyət göstərir.
Böyük qardaşım
Həsən Quliyev də uzun illər
Azərbaycan televiziyasında
baş operator vəzifəsində
çalışmışdır.
- Peşənizin
sirlərini öyrətdiyiniz
tələbələriniz varmı?
- Tələbələrim
çox olub. Kinoda işləyən fotoqrafların çoxunu mən yetişdirmişəm.
Onların hamısını
özümə tələbə
bilirəm.
- Hazırda hansı film üzərində
işləyirsiniz?
- Kinorejissor Ramiz Həsənoğlu görkəmli yazıçı
Anarın ssenarisi əsasında böyük
yazıçı-dramaturq Mirzə
Fətəli Axundzadənin
həyat və yaradıcılığından bəhs edən “Sübhün səfiri” filmini çəkir. Filmin operatoru Kənan Məmmədovdur.
Peşəkar yaradıcı
kollektiv var. Bu film üzərində
işləyirik. Arzular,
planlar çoxdur. İnşallah, Allah mənə
nə qədər ömür versə, o qədər də bu sahədə işləyəcəyəm.
Sənətkar sənətini aliləşdirəndə,
sənət sahibini ucaldanda qiymətlidir.
Pərviz Quliyevi əlamətdar
yubileyləri münasibətilə
təbrik edir, yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.-
2012.- 18 yanvar.- S. 10.