Xalq üçün yanan ürək
M.F.Axundzadə - 200
Səməd
Vurğunun yaxın dostlarından biri, görkəmli rus
yazıçısı Aleksandr Fadeyev 1954-cü ilin
yanvarında öz dostuna belə yazmışdı: «Əziz Səməd...
Mən bu gün «Pravda»da Mingəçevirin birinci növbəsinin
işə salınmasına həsr olunmuş məqaləni
oxudum. Mingəçevirdə işlər yenicə
başladığı zaman orada olduğumuzu
xatırladım... Azərbaycanın rəngarəng, məlahətli
təbiətini xatırladım...bir dost kimi hər şeydən
danışdığımızı, Axundovun kiçik evi
önündə, eynilə Belinskinin Çembarıdakı evi
kimi, qalın tədqiqat əsərindən daha mənalı
olan kiçik evinin önündə şəkil çəkdirdiyimizi
də xatırladım... »
Dostların həmin səfəri
1947-ci ilin sentyabrında
olmuşdu. M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin önündə
A.Fadeyevlə S.Vurğunun
birgə çəkilmiş
fotoşəkli bu gün qiymətli muzey eksponatıdır.
Əlbəttə, böyük Azərbaycan
mütəfəkkiri M.F. Axundzadənin
«qalın tədqiqat əsərindən daha mənalı olan kiçik evinin» ziyarət edilməsi təsadüfi deyildi.
Bu, Səməd Vurğunun böyük sələflərinə məhəbbətini
ifadə edirdi və şair bu məhəbbəti öz müasirlərinə
də aşılayırdı.
Həmin səfərin başqa bir iştirakçısı,
şairin dostu Nikolay Tixonovun xatirələrində oxuyuruq:
«Biz Nuxada (Şəkidə
- A.B.) özümüzü çox yaxşı hiss edirik. Səməd Vurğun dedi:
- Qardaşlar, unutmayın ki, Mirzə Fətəli Axundov bu şəhərdə
anadan olmuşdur.
Fadeyev dedi:
- Hə, yeri gəlmişkən deyim ki, Axundovu
yaxından tanıyan Bestujevlə Lermontovu yaxşı tanıdığımız
kimi, indi artıq, Allaha şükür, Axundova da yaxşı bələd olmuşuq. Ancaq, dostum Səməd, nə üçün indiyədək Azərbaycan
ədəbiyyatında Axundov
haqqında roman yazılmamışdır?
Bilirsən, bu qeyri-adi azərbaycanlının həyatından
necə yazmaq olar?
Söhbət şam üstundə
gedirdi, bizim vaxtımız vardı, çünki daha heç yerə tələsmirdik. Bir halda
ki, bu deyilənlər
Axundovla əlaqədar
idi, söhbət həmin istiqamətdə də davam edib
genişlənirdi. Səməd Vurğun
cavab verirdi ki, belə böyük
bir dövrü əhatə etmək üçün diqqətəşayan
tarixçi olmaq lazımdır, dövrün
lövhələrini yenidən
canlandırmadan tez-tələsik
yazmaq olmaz».
Bu, görkəmli
sənətkarların tarixi
görüşü idi.
Xalqımızın böyük oğlu
M.F.Axundzadə bu görüşdə mənən
iştirak edirdi.
Deyilənlər onunla əlaqədar
idi, söhbət onun bədii obrazının yaradılmasından,
haqqında roman yazılmasından
gedirdi.
Kim bilir, bəlkə də Səməd Vurğun belə bir roman (əlbəttə, mənzum
roman) yazmaq, Axundzadə
dövrünün lövhələrini
canlandırmaq, onun obrazını yaratmaq barədə fikirləşirmiş!..
Şair belə bir
roman yazmasa (illər sonra tanınmış yazıçı Çingiz
Hüseynov böyük
mütəfəkkir haqqında
"Fətəli fəthi”
adlı roman yazdı
- red.) da, M.F.Axundzadə
barədə fikir və mülahizələrini
başqa vasitələrdə
bildirmişdir. Məqalə
və çıxışlarında,
ayrı-ayrı qeydlərində
M.F.Axundzadəni «yeni və realist Azərbaycan ədəbiyyatının banisi»,
«xalqlar tarixində
nadir yetişən fövqəladə
bir istedad, başdan-ayağa hünər
və mənəvi qəhrəmanlıq timsalı
olan sarsılmaz bir iradə, böyük ideyalar uğrunda ömrü boyu çarpışan qəhrəman bir şəxsiyyət» kimi qiymətləndirmiş, onun
ədəbi və ictimai fəaliyyətini işıqlandırmışdır.
Səməd Vurğunun Azərbaycan
Yazıçılar İttifaqının
M.F.Axundzadənin anadan
olmasının 125 illiyinə
həsr edilmiş təntənəli plenumundakı
(1939) nitqi diqqəti cəlb edir. Şair nitqində qeyd edir ki,
dünya ədəbiyyatı
tarixində bir çox böyük yazıçılar tarix səhnəsinə gəlmələri
ilə nəinki yeni ədəbiyyat yaratmışlar, eyni zamanda yeni bir
tarix və öz xalqlarının mənəvi aləmində
böyük bir epoxa, dövrün ən qabaqcıl ideyalarını özlərində
canlandıraraq, yaşadıqları
əsrin böyük siyasət ərləri və filosofları olaraq öz xalqının ictimai şüurunda tarixi bir dönüş yaratmışlar.
Səməd Vurğun həmin
çıxışında Vilyam Şekspir, Şota Rustaveli, Aleksandr Sergeyeviç Puşkin, Taras Şevçenko kimi «epoxa yaradan, tarix yaradan» yazıçılar sırasına
M.F.Axundzadəni də
daxil etmiş, onu «Azərbaycan xalqının qəhrəmanlıq
və talant simvolu» kimi səciyyələndirmişdir.
Səməd Vurğun filosof
Mirzə Fətəlinin
bu istiqamətdə fəaliyyətini «ozamankı
Şərq ölkələri
tarixində böyük
bir inqilab» hesab etmişdir. Şair onun fəlsəfi məsələlərin şərhində
insan qüvvəsinə
inamını, insanı
mübarizəyə çağırmasını
da xüsusi qeyd etmişdir. Şairin M.F.Axundzadəni rus çarizminin tərəfdarı kimi qələmə vermək
istəyənlərə qarşı
cavabı da birmənalıdır: «...Axundov
o medallı və paqonlu mundirin içində böyük
bir ürək gəzdirirdi. Bu ürək
Azərbaycan xalqının
azadlıq və səadət axtaran ürəyi idi».
Şair böyük mütəfəkkirin
xalqımız qarşısında
böyük xidmətlərini
bir də onda görürdü ki, onun dramaturgiyası
«ədəbiyyatımızı böyük bir qüvvətə və cana gətirmiş», özündən sonra Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə,
Cəfər Cabbarlı
kimi böyük Azərbaycan dramaturqlarına
ədəbi bir məktəb olmuşdur.
Səməd Vurğun xüsusi
olaraq vurğulamışdır
ki, M.F.Axundzadənin fəaliyyəti ümumbəşəri
mahiyyət kəsb etmiş, dini və milli ayrılıqlara
baxmayaraq insanı sevmiş, bütün bəşəriyyətin taleyi
ilə maraqlanmışdır.
Məlumdur ki, görkəmli ədib 1837-ci ildə «A.S.Puşkinin ölümünə
“Şərq” poeması»nı
yazmış, Qafqaza sürgünə göndərilən
dekabrist yazıçı
A.A.Bestujev-Marlinski, bir
sıra yazıçı
və ziyalılarla dostluq etmişdir. Səməd Vurğun 1947-ci ildə
SSRİ Yazıçıları İttifaqı İdarə
Heyətinin XI plenumunda
çıxış edərkən
A.S.Puşkinin ölümü
münasibətilə yazılmış
poemanın müəllifi
-M.F.Axundzadənin rus mədəniyyəti və
ədəbiyyatına bələdliyi,
onun A.A.Bestujev-Marlinski
ilə dostluğu, demokratik mədəniyyətə
məhəbbəti barədə
danışmışdır. O,
1949-cu ildə A.S.Puşkinin
anadan olmasının
150 illiyi münasibətilə
yazdığı «Müəllimimiz
və dostumuz» adlı məqaləsində
də rus şairinin faciəli surətdə həlak olması xəbərinə
Şərqdə ilk dəfə
Azərbaycan yazıçısının
səs verdiyini, Puşkin yaradıcılığının
dünya əhəmiyyəti
haqqında heyranlıq
hissi ilə danışdığını göstərmişdir.
Səməd Vurğunun M.F.Axundovla
bağlı yazılarından
biri «Səbuhi» adlanır. 1941-ci ildə qələmə alınmış bu məqalədə şair
və ədəbiyyatşünas-alim
Mikayıl Rəfilinin
yazdığı «Səbuhi»
bədii filminin ssenarisi təhlil edilmişdir.
Məlumdur ki, «Səbuhi»
bədii filmində Mirzə Fətəlinin həyatı və fəaliyyətindən bəhs
edilir. Səməd
Vurğun məqalədə
«Səbuhi»nin ssenarisinin
«təcrübəli bir
yazıçı, Axundovun
həyat və yaradıcılığına bələd
olan bir adam tərəfindən»
yazıldığını xüsusi qeyd etmişdir. Ssenaridəki ayrı-ayrı epizod
və hadisələrə,
buradakı obrazlara diqqət yetirən şair belə bir qənaətə gəlir ki, ssenarinin materialı, yazılışındakı şairanəlik,
temperament və coşqunluq
aktyorların öz yaradıcılıq bacarığını
göstərə bilmələri
üçün geniş
meydan açır.
Şairin bədii ssenari barədə dedikləri də maraqlıdır və bu gün
də əhəmiyyətini
saxlayır: «Bədii
film insan orqanizmi ilə müqayisə edilərsə, ssenarini insan qəlbinə bənzətmək olar.
Biz yalnız yaxşı
ssenarilər yaratmaqla Azərbaycan kino incəsənətinin tərəqqisinə
nail ola bilərik.
«Səbuhi» məhz
bu cür ssenarilərdəndir».
Səməd Vurğun M.F.Axundzadə
yaradıcılığına xas olan vətənpərvərlik
və humanizm ideyaları barədə də danışmışdır.
Şair 1948-ci ildə
«Literaturnaya qazeta»da dərc etdirdiyi «Azadlıq və səadət bayrağı
altında» məqaləsində
«Qana susamış müstəmləkəçilər»in humanizmdən kənar hərəkətləri barədə
danışarkən İslam
ideologiyasının İran
kimi ölkələrdə
demokratik hərəkatı
boğmaq üçün
hakimlərin əlində
xalqın mənafeyinə
zidd siyasi alətə çevrildiyini
göstərir və yazırdı ki, hələ keçən əsrdə Azərbaycan xalqının böyük
oğlu Mirzə Fətəli məşhur
fəlsəfi əsərində
bu cür riyakar «alimlərin» maskasını yırtmışdır.
Səməd Vurğun 1953-cü ildə
qələmə aldığı
«M.F.Axundov bizimlədir»
adlı məqaləsində
yazıçı-dramaturqun xalqımızın ictimai,
fəlsəfi və bədii şüur tarixində böyük rol oynadığını,
onun istər fəlsəfi, istərsə
də bədii yaradıcılığındakı demokratik ideyalar, xəlqilik və humanizm kimi nəcib
xüsusiyyətlərin öz
təravətini həmişə
saxladığını xüsusi
qeyd etmişdir. Mirzə Fətəlinin «böyük
və realist bir dramaturq» olduğu, onun zəngin yaradıcılığının yalnız Azərbaycan deyil, Yaxın Şərq ölkələrinin
dramaturgiya və teatrı tarixində müsbət rol oynadığı da bu məqalədə vurğulanmışdır.
Unudulmaz xalq şairimiz
digər yazılarında
da M.F.Axundzadənin bədii və fəlsəfi yaradıcılığındakı
demokratik ideyaların,
xəlqilik və humanizm, ümumbəşərilik
kimi xüsusiyyətlərin
həmişə öz
təravətini saxladığını,
yeni dünya quruculuğuna yaxından kömək etdiyini bildirmişdir.
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 13.