Milli qürur günümüz

 

   Yanvarın 18-də Qazax Rayon Mərkəzi Kitabxanası Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə 20 Yanvara həsr olunmuş “Milli qürur günümüz” adlı dəyirmi masa keçirib.

  

   Mədəniyyət evinin akt zalında keçirilən tədbiri şöbənin müdiri Valeh Vəliyev açaraq Azərbaycan tarixinə dəhşətli faciə, qanlı-qadalı müdhiş, həm də qürur duyduğumuz bir gecə kimi yazılan hadisələrdən danışıb. Qeyd olunub ki, vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələrinin daim yaşadılması məqsədilə bütün mədəniyyət müəssisələrində geniş təbliğat işləri davam etdirilməlidir. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində bu günün örnək olduğu qeyd olunmalıdır.

   MKS-nin direktoru Solmaz Babanlı bildirib ki, 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazıblar: “Respublikamızın hər yerində olduğu kimi, bizim kitabxana-filiallarında da şəhidlərimiz yad olunur, xatirəsi anılır. Bu məqsədlə kitab sərgiləri düzəldilir, məruzə edilir, ədəbi-kompozisiya keçirilir. Bütün tədbirlərin məqsədi oxucularda Vətən sevgisini, azadlıq, müstəqillik uğrunda mübarizənin müqəddəsliyini təbliğ etməkdir”.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Nailə Əliyeva qeyd edib ki, azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq hər bir Azərbaycan övladının ən ümdə arzusudur. Bu arzu uğrunda şəhid olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim ürəklərdə yaşayır və yaşayacaq. Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı olan bu hadisəni xalqımız heç vaxt yaddan çıxarmayacaq.

   Tədbir iştirakçıları “Şəhidlər unudulmur”, “Milli qürur günümüz” başlıqlı kitabdövri mətbuat sərgisinə baxıblar.

 

 

   Mədəniyyət.- 2012.- 20 yanvar.- S. 7.