Vətən
şəhidlərini unutmur
“20
Yanvar bizim böyük faciəmizdir, eyni zamanda Azərbaycan
tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarix Azərbaycan
xalqının yaddaşından heç vaxt silinməyəcək”
1990-cı ilin Qara Yanvarından 22
il ötdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycan xalqı qırmızı imperiyanın
\"Qızıl ordusu\"nun, sovet hərb
maşınının zoruna məruz qalmış,
günahsız insanlar gülləbaran edilmişdi.
SSRİ Müdafiə Nazirliyi,
DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi
\"Udar\" kod adlı qanlı əməliyyat nəticəsində
Bakıda və bölgələrimizdə 147 nəfər qətlə
yetirilmiş, 600-dən çox adam yaralanmışdı.
Öldürülənlər arasında beş millətin
nümayəndəsi, 20-dən çox qadın, uşaq var
idi.
20 Yanvar faciəsi Azərbaycan
xalqını qorxutmaq, onun milli oyanışını,
doğma torpağı uğrunda mübarizliyini məhv edib
sındırmaq məqsədi daşıyan mənfur planın
tərkib hissəsi idi. Həmin gün al qana boyanan
soydaşlarımızı küçə və meydanlara
Qarabağ dərdi, torpaq təəssübkeşliyi
çıxarmışdı.
1990-cı ilin 20 Yanvarından
ötən illəri bir qayda olaraq kədər, hüzn, matəm
havasında qeyd etmişik, şəhidlərimizin ruhunu
ağı və sızıntı ilə anmışıq.
Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma 20
Yanvar Azərbaycan xalqının tarixində, sadəcə,
ağı və acı ilə xatırlanacaq gün deyil.
20 Yanvar həm də
xalqımızın şan və şərəf
günüdür. Həmin gün küçələri
boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin
oyanan günəşinin al şəfəqini simvolizə
edirdi. Bu olaylar bir daha nümayiş etdirdi ki, Azərbaycan
xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş
hüquqlarının, suverenliyinin bərpa olunması
uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20
Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik
zirvəsi idi.
Prezident İlham Əliyev 2010-cu il
yanvarın 20-də Bakıda Qanlı Yanvar şəhidlərinin
xatirəsinə ucaldılmış memorial abidə kompleksinin
açılışındakı
çıxışında deyib: “20 Yanvar günü bizim
böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin
qəhrəmanlıq səhifəsidir. O gündən keçən
müddət ərzində Azərbaycan demək olar ki, tamamilə
yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz
dünyada ən sürətlə inkişaf edən ölkədir.
Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq
müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
20 Yanvar faciəsi Azərbaycan
xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Şəhidlərimizin əziz xatirəsi Azərbaycan
xalqının qəlbində əbədi yaşayacaq”.
XX əsrdə totalitarizmin törətdiyi
ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti
də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə
törədilmiş dəhşətli əməl idi. Bu tarixi
dünyaya tanıtmaq eyni zamanda bizim şəhidlərimiz
qarşında vəfa borcudur. Ona görə yox ki, dünya
bizim hüznə şərik olub matəm tutsun. Ona görə
ki, dünya gerçək tarixi, 20 Yanvarın Azərbaycan
xalqına qarşı törədilmiş məqsədli
qırğın olduğunu bilsin.
20 Yanvar Azərbaycan xalqının
tarixində qara çərçivədə anılası
gün olmamalıdır. Biz bu günün gerçək
önəmini onun hüzn və şərəfi ilə birgə
yaşamalıyıq. Xalqımız bu gün şəhid
övladlarına matəm saxlamaqla bərabər, onların
şəhidlik zirvəsinə baxıb başını dik
tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri
ilə ucalır.
Mədəniyyət.-
2012.- 20 yanvar.- S. 2