Bolonya prosesinin məqsədi ali təhsildə keyfiyyətin artırılmasıdır

 

   Cəfər Cəfərov: «Elə bir mühit yaratmağa çalışırıq ki, tələbələr bizdə təhsil almaqdan məmnun qalsınlar»

  

   «Bolonya prosesinin mahiyyətində duran əsas məsələlərdən biri ümumavropa vahid təhsil məkanını formalaşdırmaqdan ibarətdir. Bu elə bir təhsil məkanıdır ki, burada həm akademik heyət, həm də təhsil alan tələbələr tam sərbəst olmalıdırlar».

  

   Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovun sözlərinə görə, bu sistem əsasında tələbələr öz təhsil ocaqları ilə yanaşı, müəyyən fənlər üzrə digər ali məktəblərdə, hətta xarici ölkələrin universitetlərində təhsil ala bilərlər: «Azərbaycan da Bolonya prosesinə qoşulduğu gündən bu istiqamətdə qaydalarımızın təkmilləşdirilməsi üçün mühüm addımlar atılır».

   «Bolonya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin artırılmasıdır» deyən rektorun fikrincə, bu proses tətbiq edilənə qədər ayrı-ayrı ölkələrin milli ali təhsil məkanları var idibu ali təhsil məkanları bir-biri ilə rəqabət apara biləcək vəziyyətdə deyildilər: «Amma hazırkı vəziyyətdə Azərbaycanın ali məktəbləri Avropa məktəbləri ilə rəqabət mühiti içərisindədir. Tələbələrə hüquq verilib ki, onlar Azərbaycanda və ya Almaniyada təhsil alırlarsa, təhsil aldıqları prosesdə digər ölkənin ali məktəbinə kredit transferi ilə gedə bilsinlər. Belə bir şərtlər daxilində ali məktəb məcburdur ki, tələbəyə, həmçinin müəllimə bir müştəri kimi baxsın, onun məmnuniyyəti üçün çalışsın, ona ən sərfəli və ən keyfiyyətli təhsil təklif etsin. Əks təqdirdə, həmin ali məktəbə tələbələrin müraciət etmə faizi ildən-ilə azala bilər. Bu da bu ali məktəbin bağlanmasına gətirib çıxarar. Ona görə də Turizm İnstitutu ilk gündən təhsili Bolonya prosesinin tələblərinə uyğun olaraq qurmağa çalışır. İstəyirik ki, tələbələri «burada məcbur təhsil almalısız» tələbi qarşısında qoymayaq, elə bir mühit yaradaq ki, onlar bizdə təhsil almaqdan məmnun qalsınlar və əmək bazarı üçün keyfiyyətli kadr olsunlar».

   O ki qaldı bu tədris prosesinin Azərbaycanın digər ali məktəblərində tətbiqinə, C.Cəfərov bildirdi ki, bəzi dövlət ali təhsil müəssisələrində Bolonya prosesi yalnız çoxballı qiymətləndirmə ilə məhdudlaşır: «Bəziləri bunun əsasında böyük və mürəkkəb proses olan Bolonya prosesini qiymətləndirib nəticə çıxarırlar. Qeyd edim ki, bu proses bizi xoş olmayan bir istiqamətə apara bilər. Dövlət təhsil müəssisələrinin rəqabətə davamlılıq qabiliyyəti zəifləyər, onlar özəl təhsil müəssisələrinə uduza bilərlər elə bir vəziyyət yaranar ki, ölkədə daha çox keyfiyyətli təhsili özəl məktəblər verərlər. Ona görə hər hansı bir ali məktəbin keyfiyyətli təhsil verməsi üçün Bolonya prosesi mühüm fürsətdir. Çünki hazırda pulsuz təhsil deyə bir şey yoxdur. Hamı pulla təhsil alır. Kimlər ki, qəbul imtahanında yüksək bal toplayırlar seçdikləri ixtisaslar dövlətin ehtiyac duyduğu ixtisaslar içərisindədir, onların təhsilini dövlət maliyyələşdirir. Qalanları isə ödənişli əsaslarla təhsil alırlar. Yəni bu vauçer sistemi onu göstərir ki, dövlət ali məktəblərə pulu tələbələrin sayına görə ödəyəcək. Ona görə özəl təhsil müəssisələri burada çox məntiqli davranırlar. Çalışırlar ki, qədər imkan varsa, daha çox gənci özlərinə cəlb etsinlər. Bunun üçün reklama da pul xərcləyirlər, sərgilərə gedirlər, ali məktəbin marketinqini aparırlar, tələbələr üçün daha yaxşı şərait yaratmağa çalışırlar».

   Əksər gənclərin daha böyük vəsait xərcləyərək, müxtəlif xarici ölkələrdə təhsil almağa üstünlük verməsi məsələsinə isə rektor fərqli yanaşır. O, xaricdə təhsilin əleyhinə olmadığını deyir: «Şimali Kipr Doğu Akdeniz Univesitetində bu gün 400 azərbaycanlı gənc təhsil alır. Bizim elə ali təhsil müəssisələrimiz var ki, onların ixtisaslarında yerlər 50 faiz dolmur. O ali məktəblərin rəhbərləri oturub düşünməlidirlər, nəyə görə o 400 gənc burada həmin ixtisaslar ola-ola öz ölkəmizdə deyil, Kiprdə təhsil almağı üstün tuturlar? Mən xaricdə təhsilin əleyhinə deyiləm. Sadəcə, demək istədiyim odur ki, bir gənc xarici ölkəyə təhsil almağa o vaxt gedər ki, onun ölkəsində təhsil almaq çox baha olar, ali məktəbə daxil olmaq şərtləri ağır olar s. Amma bu gün həm qəbulda, həm tədris prosesində Azərbaycan ali məktəbinin şərtləri qat-qat münasibdir. Ona görə biz turizm ixtisası üzrə xarici ölkələrə təhsil almağa gedən tələbələrimizi araşdırırıq, onların nədən burada təhsil almaq istəməməsinin səbəblərini aydınlaşdırmağa çalışırıq. Məlum olur ki, onları qane etməyən bir sıra amillər var. Bunlardan biri ali məktəblərin maddi-texniki şəraitidir. Bu gün əksər ali məktəblərdə tələbə şəhərciyi, tələbə yataqxanası, tələbələrin sosial idman həyatı demək olar ki, düşünülmür. Bu çox ciddi çatışmazlıqdır. Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir. Hazırda gündəmdə olan məsələlərdən biri ali məktəblərin bəzilərinin akademik şəhərciklər tikilərək, şəhərdən köçürülməsidir. Mən təklif edərdim ki, ali məktəblərimiz nəinki şəhərdən kənara, hətta regionlara köçürülsün. Artıq Azərbaycanın regionları Bakı şəhərinin mədəni mühitindən geri qalmır».

 

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2012.-25 yanvar.- S. 6.