Ulu öndərin yubileyinə həsr edilmiş tədbirlər davam edir

 

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbirlər davam edir. İdarə aprelin 8-də Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Dövlət Rus Dram Teatrında ədəbi-bədii və musiqili gecə təşkil edib. Tədbir iştirakçıları Fəxri xiyabana gələrək böyük öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoslayd nümayiş olunub. Müdrik siyasətçi Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolundan, xalqımız və dövlətimiz qarşısındakı fəaliyyətindən söhbət açılıb.

   Gecədə H.Sarabski adına 7, Ş.Ələkbərova adına 20, Ə.Bədəlbəyli adına 23 saylı musiqi məktəblərinin müəllim və şagirdləri, H.Sarabski adına Mədəniyyət evinin kollektivi, “Aysel” rəqs qrupu, xalq artistləri Mələkxanım Əyyubova, Bilal Əliyev, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Lalə Məmmədova, Gülyaz Məmmədova, Zaur Əmiraslanov, qiraət ustası, Əməkdar artist Azad Şükürov və başqaları çıxış ediblər.

  

   * * *

 

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 10-da rayondakı Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Ümummilli liderin mərkəzin həyətindəki abidəsi ziyarət edildikdən sonra iştirakçılar böyük rəhbərin fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

   Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. Digər çıxış edənlər də dahi rəhbərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafındakı müstəsna rolunu vurğulayıblar.

   Tədbirin bədii hissəsində incəsənət ustaları və 3 nömrəli uşaq incəsənət məktəbinin xoru çıxış edib.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 12 aprel.- S. 5.