Görkəmli sənətkarın xatirəsi doğma teatrda yad edildi

 

   Aprelin 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Xalq artisti Həsənağa Turabovun 75 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. İştirakçılar teatrın foyesində mərhum sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

   Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın yaradıcılıq yolu, milli teatr və kinomuza verdiyi töhfələrdən söz açdı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, kinorejissor, Xalq artisti Eldar Quliyev və başqaları çıxış edərək Həsənağa Turabovun Azərbaycan teatr tarixindəki yeri, özünəməxsus yaradıcılığı barədə danışdılar.

   Bildirildi ki, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib.

   Həsənağa Turabov Azərbaycan səhnəsində 50-dən artıq rol oynayıb. Onun yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik edib, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub. Görkəmli aktyor 2003-cü il fevralın 23-də, 65 yaşında dünyasını dəyişib.

   Gecədə sənətkarın çəkildiyi tamaşa və filmlərdən epizodlar nümayiş olundu.

  

 

   Təranə

 

   Mədəniyyət.- 2013.- 3 aprel.- S. 2.