Xalq yazıçısı ilə şagirdlərin görüşü

 

   Aprelin 3-də paytaxtın Nərimanov rayonundakı “Bakı Modern Məktəbi”ndə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi.

   Tədbiri məktəbin direktoru Gülarə Əfəndiyeva açaraq dəvəti qəbul etdiyinə görə yazıçıya dərin minnətdarlığını bildirdi: “Bu gün şagirdlərimizin yaddaşına əbədi həkk olunacaq. Çünki ədəbiyyatımızda öz dəst-xətti olan və oxucuların sevimli yazıçısı Çingiz Abdullayev məktəblilərə məsləhət və tövsiyələrini çatdıracaq. Xalq yazıçımızla ünsiyyətdə olmaq uşaqlarımız üçün böyük sevincdir”.

   Sonra Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən video-slayd nümayiş olundu, məktəbin kitabxana direktoru Ziba Şahbazova Xalq yazıçısının keçdiyi ömür yoluna nəzər saldı. Video-slaydda ədibin xarici ölkələrdə və respublikamızda oxucuları ilə görüşlərindən çəkilən fotolar, imza günləri və avtobioqrafiyası öz əksini tapmışdı.

   Məktəbin kitabxanasına öz kitablarını hədiyyə edən Xalq yazıçısı şagirdlərə əsərləri haqqında məlumat verərək bildirdi ki, bu günə kimi 170 roman yazıb, dünyanın bir çox ölkələrində 2 minədək kitabı nəşr olunub. Yazıçı uşaqlara öz arzularını gerçəkləşdirməyin yolları, düzgün peşə seçimi barədə məsləhətlər verdi.

   Fürsətdən istifadə edib biz də yazıçıya bir sual ünvanladıq: “Sizin yazdığınız detektiv romanları məktəblilərin oxuması bir qədər tez deyilmi?”

   Çingiz müəllim cavabında bildirdi ki, insan kitabı məcburən oxuya bilməz. Onun buna marağı olmalıdır və bu marağı uşaq yaşlarından macəra romanları, nağıllarla artırmaq lazımdır: “Mənim yaradıcılığıma məktəblilərin müraciət etməsinin müsbət tərəfləri də var. Çünki bu zaman onların həyata baxışları dəyişir, ədəbiyyata maraqları artır. Bizim bugünkü görüşdən sonra şagirdlərdən heç olmasa bir nəfər gedib əlinə bir kitab alıb oxuyacaqsa, bunun özü böyük xoşbəxtlikdir”.

   Məktəbdə dərslərin üç dildə aparılmasının əhəmiyyətini önə çəkən yazıçı bildirdi ki, xarici dil bilmək də mütaliədə önəmli məsələlərdəndir: “Xarici dili danışıq səviyyəsində deyil, kitab oxumaq səviyyəsində öyrənməklə yanaşı, hər bir insan öz ana dilinə də mükəmməl yiyələnməlidir”.

   Sonra yazıçı oxucuların müxtəlif suallarını cavablandırdı, əsərlərindəki qəhrəmanların bəzilərinin real, bəzilərinin uydurma olduğunu bildirdi: “Mən sadəcə yazıram və nəticədə əsər alınır. İlk hekayəmi 13 yaşım olanda yazmışam və bu günə kimiöz sevimli işimlə məşğulam. Yazmaq mənim üçün yaşamım qədər vacibdir”.

   Səmimi ab-havada davam edən görüşdə ədib həyatından maraqlı hadisələr, uşaqlıq illərindən xatirələri də məktəblilərlə bölüşdü, onlara vətəni sevməyi, böyüklərə hörmət etməyin vacibliyini çatdırdı. Şagirdlərə sevdiyi yazıçılar, şəhərlər haqqında da məlumat verdi.

   Sonda Xalq yazıçısı məktəbin kollektivi üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 7.