Naxçıvan teatrında “Russayağı evlənmə”

 

   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı böyük rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilmiş “Russayağı evlənmə” tamaşasını sənətsevərlərə təqdim edib. Tamaşa XIX əsr Rusiya həyatının nöqsanlarını yazıçıya məxsus kinayə ilə göstərən şən səhnə əsəridir. Rejissor Tofiq Seyidov hər iki vodevilin süjetlərini birləşdirməklə maraqlı səhnə həllinə nail olub. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun verdiyi bədii tərtibat XIX əsr Rusiya həyatının reallıqlarını dolğun əks etdirir.

   “Ayı” vodevilində hadisələr Yelena İvanovna Panovanın (aktrisa Zəminə Baxşəliyeva) qonaq otağında baş verir. Buraya borcunu almağa gələn Qriqori Stepanoviç Smirnov (Naxçıvan MR-in Əməkdar artisti Əbülfəz İmanov) komik vəziyyətə düşür. Dul qalmış mülkədar arvadı Panova mülkədar Smirnova borcunu qaytarmır. Smirnov da ona eşq elan edir.

   “Təklif” vodevilində hadisələr Stepan Stepanoviç Çubukovun (Azərbaycanın Əməkdar artisti Xəlil Hüseynov) malikanəsində baş verir. Mülkədar İvan Vasilyeviç Lomov (aktyor Nəsimi Məmmədzadə) vəsvəsəli və hər şeydən şübhələnən bir şəxsdir. O, mülkədar Çubukovun cavan qızı Natalya Stepanovnaya (aktrisa Nurbəniz Niftəliyeva) aşiq olur. Tamaşa kilsədə maraqlı sonluqla bitir. Belə ki, Qriqori Smirnovla Natalya Stepanovna, İvan Lomov isə Yelena İvanovna ilə evlənir. Tamaşanın belə sonluqla bitməsi böyük Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin finalını xatırladır.

   Tamaşada rus xalq musiqisindən istifadə edilməsi də hadisələrin şən və maraqlı canlandırılmasına imkan verir.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 10.