Azərbaycanı dünyaya tanıdan rəhbər

 

   Xalqımızın əzəli və əbədi rəhbəri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində geniş tədbirlər planı hazırlanmışdır. Bu günlərdə keçirilən “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət” adlı tədbir də ümummilli liderin 90 illik yubileyinə həsr olunmuşdu.

  

   Tədbiri MKS-nin direktoru Gülnar Məhərrəmova açaraq Heydər Əliyevin mənalı sətirlərlə naxışlanmış ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, hər bir xalqın böyüklüyü, müdrikliyi onun dahi oğullarının parlaq əməlləri ilə ölçülür. Bu baxımdan Heydər Əliyev əbədi şöhrət qazanan, Azərbaycanı dünyaya tanıdan dahi bir şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır.

   MKS-nin əməkdaşları Gülüstan Rəhimova, İlahə Teymurzadə, Mehparə Səfərəliyeva, Gülzar Qasımova, Gülnaz Məmmədova, Nisə Əliyeva ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, onun xilaskarlıq missiyasından danışdılar. Çıxışlarda o da vurğulandı ki, ulu öndərimiz mədəniyyət və incəsənət xadimlərinin ən yaxın dostu idi. Onun mədəniyyət quruculuğu sahəsindəki xidmətləri ölçüyəgəlməzdir.

   Tədbirə dəvət olunmuş məktəblilər isə Heydər Əliyevə, dövlətə və dövlətçiliyə həsr edilmiş şeirlər söylədilər, ayrı-ayrı elm və incəsənət xadimlərinin, dövlət rəhbərlərinin onun haqqında söylədikləri dahiyanə fikirləri səsləndirdilər.

   Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru tədbiri yekunlaşdıraraq qeyd etdi ki, bu gün Azərbaycan xalqı öz azadlığı, səadəti üçün ümummilli lider Heydər Əliyevə minnətdardır. Hazırda onun siyasi xətti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevinirik, dərin qürur hissi keçiririk ki, bu gün də xalqımızın taleyi etibarlı əllərdədir.

  

 

   Mübariz Səfiyaroğlu,

   Zərdab rayon MKS-nin əməkdaşı

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 6.