Əli Zeynalovun xatirəsi anıldı

 

   Aprelin 16-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatrkino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Əli Zeynalovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.

   Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı görkəmli aktyorun sənət yolundan söz açdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vilayət Qafarov, kinoşünas, professor Aydın Dadaşov, xalq artistləri Amaliya Pənahova, Rafiq Əzimov və başqa çıxış edənlər Əli Zeynalovun teatrkino yaradıcılığından danışdılar, xatirələrini bölüşdülər. Gecədə musiqilər səsləndi, Əli Zeynalovun rol aldığı tamaşa və filmlərdən parçalar nümayiş olundu.

   Əli Zeynalov Akademik Milli Dram Teatrında çalışdığı 30 il ərzində bir-birindən maraqlı rollar yaradıb, 9 bədii filmdə irili-xırdalı rollar (“Kölgələr sürünür”də İmamzadə, “Bir qalanın sirri”ndə Simnar xan, “Səhər”də Abuzər bəy) yaradıb, 25 bədii, 5 sənədli filmi səsləndirib. Azərbaycan dublyaj sənətinin inkişafında Əli Zeynalovun xidmətləri əvəzsizdir. Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu (“Uzaq sahillərdə” - Mehdi), (“Telefonçu qız” - Zakir), (“Əsl dost” - Fərman) Əli Zeynalov səsləndirib.

   Tədbir barədə geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 2.