Moskvada Xalq yazıçısı Anarın yubileyi qeyd edilib

 

   Moskvada Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti və Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən Millətlər Evində təşkil edilmiş tədbirdə iki ölkənin mədəniyyət xadimləri iştirak ediblər.

 

   Ocaq” cəmiyyətinin sədri, AYB-nin Moskva bölməsinin rəhbəri Tofiq Məlikli tədbiri açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib: “Anar bizim canlı klassikdir. O bizə yeni qəhrəman - sadə insan kəşf etmişdir. Anarın əsərlərində bizimlə yanaşı addımlayan, bizimlə yanaşı yaşayan, həyat haqqında bizim kimi arzuları olan qəhrəmanla tanış olmaq imkanı əldə etmişik”.

   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Anar haqqında danışmaq, bir tərəfdən çox asandır, çünki faktlar çoxdur, digər tərəfdən onun barəsində danışmaq çətindir, çünki Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir: “Dədə Qorqudu Azərbaycan xalqına qaytaran məhz Anar olmuşdur. Bu, çox böyük tarixi xidmətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə artıq suveren Azərbaycanda “Dədə Qorqud” dastanının möhtəşəm yubileyi keçirilmiş, bu yubiley UNESCO xətti ilə də qeyd edilmişdir”.

   Rusiyanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri öz çıxışlarında vurğulayıblar ki, Anarın yaradıcılığı Azərbaycan və rus klassik ədəbiyyatının böyük ənənələrinin davam etdirilməsi ilə əlamətdardır. Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının prezidenti, Riqadan Moskvaya məxsusi Anarın yubileyi münasibətilə gəlmiş Andey Korsarov tanınmış Azərbaycan yazıçısının ictimai fəaliyyətinin beynəlxalq aspektinin əhəmiyyətini vurğulayaraqPlaneta pogtov” (“Şairlər planeti”) kitabının altıncı cildini ona hədiyyə edib. Bu cilddə azərbaycanlı müəlliflərin də əsərləri dərc edilib.

   Ümumrusiya Azərbaycanlıları Konqresi Aparatının icraçı direktoru İlqar Hacıyev, Moskva Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Mixail Sinelnikov, Azərbaycan diasporunun nümayəndələri yubilyara təbriklərini çatdırıblar.

   Xalq yazıçısı Anar səmimi təbriklərə görə təşəkkürünü bildirərək “Şadam ki, 75 illik yubileyimi gəncliyimin keçdiyi şəhərdə qeyd edirəm. Moskva mənə doğma şəhərdir. Dünyada mənim sevimli şəhərlərim arasında, Bakı və Şuşa ilə yanaşı, Moskva da var”.

   Yubiley gecəsinin sonunda Anarın ssenarisi əsasında çəkilmiş “Sübhün səfiri” bədii filmi nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 5.