“Cəfər Cabbarlı mükafatı” təqdim olundu

 

   Aprelin 13-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı mükafatı”nın təqdimetmə mərasimi keçirildi.

  

   Mərasimi C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı açaraq tədbirin əlamətdar bir vaxta - Azərbaycan peşəkar milli teatrının 140 illiyinə təsadüf etdiyini vurğuladı. Qeyd olundu ki, “Cəfər Cabbarlı mükafatı” 2002-ci ildə təsis edilibilk dəfə “Aydın” tamaşasında baş rolun ifasına görə Xalq artisti Mikayıl Mirzəyə verilib. Sonralar Cəfər Cabbarlı yaradıcılığının zənginliyini nəzərə alaraq müxtəlif nominasiyalar üzrə tanınmış teatr, kino, sənət və müxtəlif sahələrdə çalışan, seçilən insanlara təqdim olunub.

   Qəmər xanım çıxışının sonunda “Cəfər Cabbarlı mükafatı” komissiyasının sədri Gülarə xanım Cabbarlının adından bütün mükafatçıları salamladı, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev “Cəfər Cabbarlı mükafatı”nı 2013-cü ilin qaliblərinə təqdim etdi. Teatr sənətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor, Xalq artisti Azərpaşa Nemətov, rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov, son illərin uğurlu televiziya tamaşalarına görə rejissor, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, C.Cabbarlıya həsr olunmuşSolmaz bir bahar kimi” bədii-sənədli filminə görə rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı mükafata layiq görüldülər.

   Azərbaycan teatrında və kinosunda yaratdığı maraqlı obrazlara görə xalq artistləri Ramiz Novruzov, Ağaxan Salmanlı, əməkdar artistlər Hicran Nəsirova, Əjdər Həmidov, Əlibala Nurzadə, Azərbaycan incəsənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Nadir Hüseynov, Cəfər Cabbarlı ilə bağlı tədqiqatlarına və televiziya ssenarilərinə görə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Azərbaycan incəsənətinin və Cəfər Cabbarlı irsinin təbliğində xidmətlərinə görə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılova, milli-mənəvi dəyərlərin qorunması və təbliğində xidmətlərinə görə Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbova mükafatlar təqdim olundu. Nizami adına Uşaq və Gənclər Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvləri Cəfər Cabbarlı adına İctimai Birliyin fəxri fərmanı ilə təltif olundular.

   Gecədə filologiya elmləri doktoru, professor Asif Rüstəmli Cəfər Cabbarlı yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi. Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artist Almaz Ələsgərli, müğənni Rəşad İlyasovun çıxışları alqışlarla qarşılandı.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 6.