Moskvada möhtəşəm on gün

 

   1938-ci ilin aprelində Azərbaycan incəsənəti ilk dəfə Sovet İttifaqının ən mötəbər səhnələrində nümayiş olundu

  

   Azərbaycan xalqının qədim mədəniyyəti və incəsənəti tarixən Qafqaz, Orta Asiya və Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmışdır. Mədəniyyət salnaməmizin möhtəşəm yaradıcılıq qələbələri ilə zəngin bir çox səhifələri var. Milli mədəniyyətimizi yüksək səviyyədə tanıdan və təbliğ edən belə tarixi hadisələrdən biri də 1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasıdır.

  

   27 mart 1938-ci il. 700 nəfərlik böyük incəsənət ordusu xüsusi qatarla Bakıdan Moskvaya yola düşür. Azərbaycan incəsənət dekadası respublikanın həyatında böyük bir hadisə idi. Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstanın incəsənət işçiləri artıq öz ustalıqlarını Moskva səhnəsində göstərmişdilər. Azərbaycan incəsənəti, özəlliklə musiqi sənətimiz Sovet İttifaqının paytaxtında möhtəşəm şəkildə nümayiş olunacaqdı. Nümayəndə heyətində Azərbaycan operasının banisi və səhnəmizə “Koroğlukimi şah əsər vermiş Üzeyir Hacıbəyli, onun yetişdirdiyi gənc bəstəkarlar, xor ifaçıları, çalğıçılar, xalq aşıqları, gözəl səsli xanəndə qızlar var idi. İncəsənət dekadasının bütün iştirakçıları - 60 yaşlı zurnaçı Ağabaladan 5 yaşlı Nazlıya qədər hamı böyük səhnədə çıxışı həyəcanla gözləyirdilər. Martın 30-da axşam qatar Moskvaya çatdı.

   Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsi Moskvada incəsənət dekadası münasibətilə xüsusi sərgi təşkil etmişdi. Sərgidə Azərbaycan teatr incəsənətinin inkişafı əksini tapmışdı. Azərbaycan Dövlət OperaBalet Teatrının dekadanın proqramına daxil edilmiş tamaşaları haqqında 4 kitab buraxılmışdı. Kitablarda bəstəkar R.Qliyerin “Şahsənəm”, M.Maqomayevin “Nərgiz”, Üzeyir Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alanmusiqili komediyasının qısa məzmunu da yer almışdı. Azərbaycan Dövlət Filarmoniyasının dekadanın proqramına daxil edilmiş konsertinə dair kitabda isə Üzeyir Hacıbəylinin Azərbaycanda birinci dövlət xalq xor dəstəsi haqqında məqaləsi, Q.Almaszadənin dövlət rəqs ansamblı və xalq rəqsi haqqında yazısı, Azərbaycan Dövlət Konservatoriyasının elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülün musiqili folklor haqqında və başqa məqalələri çap edilmiş, həmçinin aşıq yaradıcılığına dair məqalələr yer almışdı. Bu nəşrlər Azərbaycan musiqi incəsənətinin tərəqqisini əks etdirirdi.

   Aprelin 2-də SSRİ Böyük Akademik Opera Teatrının filialında Üzeyir bəyin “Koroğlu” operasına ictimai baxış oldu. Moskvanın musiqi ictimaiyyətinin izlədiyi operaya gənc Əşrəf Həsənov dirijorluq edirdi. Qeyd edək ki, tamaşa bu gənc dirijorun diplom işi oldu. Aprelin 3-də Moskva Konservatoriyasında Əşrəf Həsənova diplom verildi.

   Azərbaycan musiqi mədəniyyətinin böyük bayramına çevrilən incəsənət dekadası aprelin 5-də başladı. Böyük OperaBalet Teatrının səhnəsində ilk olaraq Azərbaycan Dövlət OperaBalet Teatrı “Koroğlu” operasını nümayiş etdirdi. Dillərdə əzbər olan qəhrəmanlıq eposunun dərin məzmunu, ahəngdar musiqisi, tamaşanın onun gözəl quruluşu, kütləvi səhnələri, opera ifaçılarının məharəti alqışlarla qarşılandı. Opera Moskva tamaşaçılarına 4 dəfə nümayiş olundu.

   R.Qliyerin xalq dastanı əsasında yazdığı “Şahsənəm” operası da böyük müvəffəqiyyət qazandı. “Arşın mal alanmusiqili komediyası Azərbaycan xalqının incəsənət dühasının daha bir xüsusiyyətini - onun çox qiymətli şən yumor hissinə malik olmasını Moskva tamaşaçılarına göstərdi. Dekadanın 4-cü günü göstərilən M.Maqomayevin “Nərgiz” operası aktuallığı və musiqinin çoxsəsli olması etibarilə diqqəti daha çox cəlb etdi.

   Bundan əlavə, milli musiqi alətləri ilə notlu orkestrin birləşməsindən əmələ gələn böyük kollektivin çıxışı, aşıqların ifaları, xor dəstəsinin çıxışı, qadın rəssamlarımızdan Reyhan Topçubaşovanın eskizləri əsasında NuxaQarabağ geyimlərinin nümayişi əsl incəsənət meydanını xatırladırdı.

   On gün davam edən sənət bayramı Moskva sakinlərinə, incəsənət ustalarına, sovet hökuməti rəhbərliyinə Azərbaycan incəsənətinin necə böyük uğurlara imza atdığını göstərdi. Azərbaycan incəsənət dekadası xalqımızın milli mədəniyyət tarixinə aydın və parlaq səhifələrdən birini yazdı. Üzeyir bəyin sözləri ilə desək, öz xalqının xoşbəxtliyi və sevincindən ilham almış Azərbaycanın yaradıcı işçiləri bundan sonra da formaca milli olan incəsənətimizin daima təkmilləşməsi, yeni ucalıqlara yüksəlməsi və yeni qalibiyyətlər qazanması üçün var qüvvə ilə çalışmalıdırlar.

  

 

   Təranə Həsənova,

   Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 7.