Dolufilminin növbəti təqdimatı

 

   “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanı əsasında Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Dolufilminin təqdimatı keçirilib.

  

   İctimai Birliyin sədri, icma rəhbəri Bayram Səfərov tədbirdə çıxış edərək bu cür filmlərin gənc nəslə çatdırılmasının yaşadığımız faciəli hadisələrin unudulmaması, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

   Filmin ssenari müəllifi Aqil AbbasDolufilminin artıq bir sıra ölkələrdə də uğurla nümayiş olunduğunu nəzərə çatdırıb, əsərin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edib.

   Sonra film nümayiş olunub. Qarabağ müharibəsində xalqımızın igid övladlarının işğalçılara qarşı mübarizəsindən, rəşadət və qəhrəmanlığından bəhs edən ekran əsəri böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.

   Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğludur. Rollarda Məmməd Səfa, Şamil Süleymanov, Fuad Poladov, Rza Rzayev, Elvin Əhmədov, Fərhad İsrafilov və başqaları çəkiliblər.

   Sonda icma rəhbəri Bayram Səfərov yazıçı Aqil Abbası Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ölkə Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib, yaradıcı heyətə uğurlar arzulayıb.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 7.