“Müharibə” başladı

 

   Aprelin 13-də Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsərinin premyerası oldu. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

  

   ...Səhnənin pərdələri açıqdır. Günlərdir, aləmə səs salan “Müharibə” başlayır... Tərtibat sadədir. Qaranlıq səhnə işıqlanır... ortada köhnə ev əşyaları ... birbombardmanlardan və almanların hücumundanyaxa qurtara bilmişnimdaş yorğan-döşək... İlk saniyələrdən müharibənin insanlara yaşatdığı mənəvi sarsıntılar hiss olunur. Tamaşanın hardasa 20-25 dəqiqəsi oynanılıb. Yaxınlıqdakı oturacaqlardan pıçıltı ilə bu sözləri eşidirəm: “Ağır tamaşadır, aktyorlar gözəl oynayır...”

   Tamaşanın qısa süjeti isə belədir. Ailə başçısı müharibədən evə kor qayıdır, gözləmədiyi rəftarla üzləşir. Qadın ərinin müharibədən sağ qayıtdığına sevinmək əvəzinə, onu təhqir edir, aşağılayır. Çünki o, ərinin müharibədən evə sağ qayıdacağını düşünməmişdi. Bütün bu illərdə o, sevgisini ərinin qardaşında tapmış, onunla yaşamışdı. Ailə başçısının qayıdışından sonra qardaş getmək istəyir, lakin qadın imkan vermir: “Məni atma, yalqız qoyub getmə, mən həmişə səni sevmişəm...” - deyir.

   Bu minvalla davam edən tamaşa yalnız bir ailənin dramını deyil, bütünlükdə müharibənin insanlara vurduğu mənəvi sarsıntıları göstərir. Almanların əsir düşərgəsindən sağ qayıtmış kor atanın qızları artıq düzgün yolda deyillər. Hər ikisi həyatın çirkabına bulaşmışlar.

   Tamaşada aktyor seçimiuğurlu alınıb. Əməkdar artist Qurban İsmayılov obrazın daxili sarsıntılarını yaşayaraq tamaşaçıya çatdıra bilir, Kəmalə Hüseynova öz ampluasındadır, gənc aktyoraktrisalar - Rasim Cəfər, Nigar Bahadurqızı, Roza İbadova onlara tapşırılan məsuliyyətli obrazın öhdəsindən layiqincə gələ bilirlər.

   “Müharibə”yə teatr və sənət adamlarının münasibəti də maraqlıdır.

   Yazıçı-ssenarist İlqar Fəhmi tamaşanı Azərbaycan səhnəsi üçün yeni janr adlandırdı: “Bəhram Osmanov bu əsərə yeni yanaşma nümayiş etdirə bildi. Maraqlı tamaşadır və zövqlə izlədim. Premyeradan sonra aktyorların qarşılıqlı oyunlarında cilalanma gedəcəyinə də əminəm. Düşünürəm ki, bir müddət sonra tamaşaya yenidən baxacağam, çünki tamaşada bir çox məqamlar var idi ki, təkrar-təkrar müşahidə olunmalıdır. Həm də bizim üçün bir dərs, ibrət ola biləcək bir tamaşadır”.

   Dramaturq Əli Əmirli isə “Müharibə”ni son bir neçə ildə baxdığı ən təsirli tamaşa kimi xarakterizə etdi: “Həm dramaturji material, həm rejissor işi, həm də aktyor oyunu baxımından məni tam qane etdi. Çox şadam ki, Bəhram Osmanov bu tamaşa ilə öz rejissor potensialını ortaya qoya, “Müharibə” ilə tamaşaçını, sözün əsl mənasında, sarsıda bildi. Belə yüksək səviyyəli tamaşa ilə təkcə Bakıda, Azərbaycanda deyil, dünyanın istənilən səhnəsində cəsarətlə çıxış etmək mümkündür. Bu gözəl sənət qələbəsi ilə mən dostum Bəhram Osmanovu, gənc rəssam Sevinc Həsənovanı, tamaşada iştirak edən parlaq istedadlı aktyorları və Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu ürəkdən təbrik edir, kollektivə yeni sənət uğurları arzulayıram”.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 12.